AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dini rəvayətlər

Nümunənin reyestr kodu : FL0111020002

Dini rəvayətlər peyğəmbərlərin, dini şəxslərin həyatından, möcüzə və kəramətlərindən bəhs edən şifahi ənənəli əsərlərdir. İslam dini təsəvvürlərinin xalq arasında təbliğinə, bu ideologiyanın əsas daşıyıcılarının fəzilət və kəramətlərinə kütləni inandırmağa xidmət edən bu mətnlərin sabit strukturu yoxdur. Bununla belə onları digər janrlardan fərqləndirən bəzi özəlliklər vardır. Dini rəvayətlərdə adətən bir kişiyə, hadisəyə və ya yerə dayandırılan hadisələrdən danışılır. Məsələn, Süleyman peyğəmbərin şər kəsməsi, Musanın allahla kəlmələşməsi, Musanın allahlıq iddiasına düşməsi və s. Əsasən bir epizod üzərində qurulurlar. Əsas iştirakçılarının peyğəmbərlər, onların əshabələri və dini şəxsiyyətlər olması, Qurani-Kərimdən gəldiyinin təsəvvür edilməsi onların inandırıcılığını artırır.

Dini məzmun kəsb etdiyi üçün insanlara dini inanclarını azad yaşamağa imkan verməyən sovet dövründə belə mətnlərin toplanmasına önəm verilməmişdir. Ona görə də dini rəvayətlərin böyük əksəriyyəti Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra toplanmışdır.

Azərbaycan nağıl repertuarının zənginləşməsində dini rəvayətlərin böyük rolu olmuşdur. Dini nağıllardan tanıdığımız “Süleyman və bayquş”, “Süleyman və kirpi” kimi bir çox süjetlər dini rəvayətlərin yenidən mənalandırılması, nağıllara məxsus xüsusiyyətlər əsasında yenidən təşkili nəticəsində formalaşmışdır. Ona görə dini nağıllar dini rəvayətlərə yaxınlığı ilə seçilir. Belə ki, bəzi nağıl süjetlərində hadisələr qeyri-müəyyən deyil, konkret məkanda cərəyan edir. Bununla belə, nağıllaşmış rəvayətlərdə nağıllara məxsus üslub elementlərindən – üçləmərədən, təsvir fomullarından geniş istifadə olunur, onlar informativ deyil, didaktiv, ibrətamiz məzmun kəsb edirlər.

Dini rəvayətlərin süjet tərkibi olduqca genişdir. Onlar məzmununa görə iki qrupa bölünür: 1. Kitab mənşəli dini rəvayətlər. 2. Övliyalar, seyidlər, təriqət başçılarının kəramətləri haqqında dini rəvayətlər.

İslam dini 1000 ildən artıqdır ki, azərbaycanlıların mənəvi həyatının ayrılmaz parçasına çevrilmişdir. İslam dini insanların həyat və fəaliyyətinin bütün sferalarına o qədər nüfuz etmişdir ki, şifahi xalq ədəbiyyatının bu təsirlərdən kənarda qalması mümkün deyildir. İslam dininə məxsus süjetlər, obrazlar Azərbaycan folkloruna keçmiş, onu məzmun, repertuar baxımından xeyli zənginləşdirmişdir. Yerli mədəniyyətlərlə təmas təkcə milli mədəniyyət nümunələrinin sıxışdırılması fonunda cərəyan etməmiş, həm də bir çox türk mifoloji təsəvvürləri islam dini şəxslərinə transformasiya olunaraq onun zənginləşməsində mühüm rol oynamışdır. Məsələn, xalq gülüş mədəniyyətinin araşdırıcısı Muxtar Kazımoğlu Musa peyğəmbərlə Orta Asiyadakı Burkut rəvayətləri arasındakı tematik yaxınlığa dayanaraq bu rəvayətləri islamdan əvvəlki təsəvvürlərin islam dini şəxslərinə transformasiyası kimi səciyyələndirmişdir. Bunun nəticəsidir ki, Həzrət Əlinin igidliyinin öyüldüyü yerin-göyün ağırlığı, Musanın allahlıq iddiasına düşməsi kimi təsəvvürlərə təkcə islam coğrafiyasında deyil, qeyri-islam ölkələrində də rast gəlinir.

Yerli müqəddəslər haqqında mətnlər isə peyğəmbər və əshabələrinin möcüzələri haqqında təsəvvürlərin türk şamanizmi ilə çulğalaşması nəticəsində formalaşmışdır. Ə.Əsgər bu barədə yazır: “İslamın qəbulundan sonra türk mədəniyyətində yeni bir hadisə baş verdi. Şamanizmlə sufizmin sintezi xalq islamının formalaşması ilə nəticələndi. Sufi ocaqlarının başında duranlar – şeyxlər, babalar, pirlər Əhməd Yəsəvidən başlayaraq şaman düşüncəsi ilə islamın içərisinə girdilər. Nəticədə sufi ocaqlarında və onlara məxsus təsəvvüf fəlsəfəsində şamançılıqla bağlı elementlər (möcüzə göstərmək, hərəkətli zikr, qadınların ocaqlara qəbulu və s.) peyda oldu”. Tədqiqatçılar yerli müqəddəslərin möcüzə və kəramətlərindən bəhs edən mətnlərin üçüncü xəlifə Həzrət Osmanın dövründə meydana çıxdığını, Əməvilərin hakimiyyəti dövründə etibarən sürətlə artmağa başladığını qeyd edir (Arif Ay). Eyni mənşədən gəldikləri üçün yerli müqəddəslərlə peyğəmbər möcüzələrindən bəhs edən rəvayətlər tematik yaxınlığı, bədii təsvir vasitələrinin bənzərliyi ilə diqqəti cəlb edir.