Qocaların öldürülməsi
Nümunənin reyestr kodu : FL0110050003
Nağıl süjetlərinin beynəlxalq kataloqunda AT 981 nömrəsi altında qeydə alınmış bu süjetin qısa təsviri belədir: “Qocaların öldürülməsi barədə əmrə baxmayaraq bir oğul qoca atasını zirzəmidə gizlədir; aclıq zamanı qoca öz məsləhəti ilə oğlunu vəziyyətdən çıxarır; o vaxtdan etibarən qocaları öldürmürlər”. Azərbaycan şifahi ənənəsində həm nağıl, həm də rəvayət şəkildə rast gəlinən bu süjetin indiyə qədər doqquz variantı qeydə alınmışdır. Həmin variantlar Cəbrayıl, Gəncə, Şəki və Göyçədən toplanmışdır. Variantlar arasında təfərrüat fərqləri olsa da, süjetin təsvirində qeyd edilən motivlərin əsasən təkrarlandığını görürük.
Əslində qoca ata və ya ana obrazı həmin süjetdə müdrik qoca arxetipinin təzahürü kimi çıxış edir. O, insan cəmiyyətinin uzun əsrlər boyu topladığı təcrübəni, elmi bilik və müşahidələri özündə daşıyıb tətbiq edən bir surətdir. İkili, ziddiyyətli xarakterə malik, bəzən mədəni qəhrəman, hərdən də trikster kimi hərəkət edən “müdrik qoca” arxetipi bu süjetdə öncə pozucu, zərərli bir ünsür olaraq ölümə məhkum edilir. Təsadüfi deyil ki, nağıllarda qocaların öldürülməsi onların qaçaqaçda, davada əl-ayağa dolaşması, maneçilik törətməsi ilə izah olunur. Lakin sonradan o, problemi yoluna qoyaraq öz nizamlayıcı funksiyasını həyata keçirir. Süjetin finalına doğru “müdrik qoca” arxetipinin mənfi xislətli maskası müsbət xarakterli fəaliyyəti ilə əvəzlənir. Məhz bunun mükafatı olaraq qocaların öldürülməsi adəti aradan qaldırılır.
Bu süjetin bütün kataloqlara düşməsi, bir çox xalqların folklorunda onunla bağlı nümunələrin olması belə düşünməyə imkan verir ki, həmin süjetin real tarixi əsası vardır. Yəni cəmiyyətin inkişafının aşağı pillələrində, sivilizasiyaya doğru olan yolun lap başlanğıcında vəhşi təbiət qanunlarının, yaşamaq uğrunda mübarizənin diktəsi ilə tayfanın ahıl yaşına çatmış nümayəndələrindən qurtulmaq zərurəti yaranmışdır. Belə ki, əldən düşüb zəifləmiş, ov prosesində iştirak edə bilməyən, ərzaq tədarükündə öz payı olmayan qoca və qarılar yaşamaq üçün qidalanmalı, cavanların ovuna şərik olmalı idilər. Bundan başqa, xəstələnib yatağa düşən, müstəqil surətdə özünü idarə edə bilməyən qocalara qulluq lazım idi. Bu da tayfanın müəyyən üzvlərinin kollektivin ümumi marağında olan işlərdən aralanması hesabına ola bilərdi. Deməli, yaşlılar tayfa üçün bir buxova çevrilir, yaşamaq uğrunda amansız təbiət qüvvələri ilə apardığı mübarizəsində ona mane olurdular. Tayfa bunu ədalətsizlik hesab edərək qocaların təcridini vacib sayırdı.
Bəzi tayfalar qocalardan qurtulmağın zəruri olduğu mərhələni arxada qoysalar belə, bir müddət bu adətdən əl çəkməmiş, onu fərqli formalarda davam etdirmişlər. Herodot türk tayfalarından biri olan massagetlərdə, Strabon kaspilərdə, derbiklərdə, indiki tacik və əfqanların əcdadları sayılan baktriyalılarda, Brokqauz və Yefron qottentotlarda, kafrlarda, Asiyada, Sumatrada, koryaklarda, kamçadallarda, çukçalarda, M.N.Xanqalov buryatlarda qocaların öldürülməsi adətinin mövcudluğunu qeyd etmişlər. Bəzi tayfalarda həmin vəhşi adət qurbanvermə mərasimi ilə çarpazlaşmışdır.
Bu adət daha çox ibtidai insanların dini görüşləri və ölümdən sonrakı həyata inamları ilə bağlıdır. Onlar ölməklə insanın müqəddəslər dünyasına qovuşacağına əmin idilər. Bu səbəbdəndir ki, bəzən qocalar ölümü könüllü olaraq qəbul edirdilər. Adətin ictimai quruluşun elementi kimi mövcud olduğu dövrdə əkinçi həyat tərzi keçirən cəmiyyətin rifahı təbiətin normal fəaliyyətindən asılı idi. Təbii fəlakətlər ictimai fəlakətləri doğururdu. Himayəçi əcdad ruhlarının təbiətlə bağlı olduğu və təbiət qüvvələrini idarə etməyə, yaxud onlar üzərində hökmranlığa qadir olduğu təsəvvür edilirdi. Himayəçi əcdadların gücünə inam insanları məcbur edirdi ki, o biri dünyaya öz elçilərini göndərsinlər. Qocaların o biri dünyaya göndərilməsi ritualının bir tərəfdən aqrar kultla, digər tərəfdən qurbanvermə mərasimi ilə, üçüncü tərəfdən isə əcdad kultu ilə əlaqəsi vardır. Bu ritualın dəqiq icra qaydaları var idi. Buraya qocaların öldürülməsi üçün müəyyən edilmiş yaş, ritualı icra edən konkret şəxs, istifadə edilən alət, vasitə və silahlar, öldürülmə metodu və s. aiddir. Azərbaycan və slavyan xalqlarının nağıllarında qocanı o biri dünyaya aparan vasitə kimi “səbət” qeyd olunur.
“Qocaların öldürülməsi” süjeti gənclərdə, uşaqlarda böyüklərə ehtiram, hörmət və qayğı hislərini aşılamaq, onların ağıl, müdriklik və təcrübəsindən bəhrələnməyin vacib olduğunu anlatmaq məqsədilə xalq sənətkarları tərəfindən dönə-dönə işlənilmiş, bütün dünyada yayılmışdır.
- Biblioqrafiya və tərtibçi
-
İsgəndər
Söylədi: Təhməzova Gözəl Behbud qızı, Cərbayıl rayonu Xələfli kəndi
-
Əzazil padşah
Söylədi: Murad Qəhrəman oğlu, Gəncə şəhəri
-
"Qocaların öldürülməsi" beynəlxalq süjetinin ictimai-tarixi kökləri
Kəmalə İslamzadə
-
Qocaların öldürülməsi
Söylədi: Təhməzova Gözəl Behbud qızı, Cərbayıl rayonu Xələfli kəndi