Yazıya pozu yoxdur
Nümunənin reyestr kodu : FL0110050002
Olduqca geniş yayılmış Azərbaycan nağıl süjetlərindən biridir. Demək olar ki, Azərbaycanın əksər bölgələrindən onun variantları qeydə alınıb. Nağıl süjetlərinin beynəlxalq kataloqunda AT 930 nömrəsi altında qeydə alınmış süjetin qısa təsviri belədir: “Qızının kasıb bir ailənin oğluna yazıldığını öyrənən padşah uşağı özü ağırlığında qızıla valideynlərindən satın alıb dağdan atır. Allah Cəbrayıla əmr eləyir, Cəbrayıl uşağı qanadları arasına alır və onun yerə düşməsinə qoymur. Uşaq maralın və ya keçinin himayəsində böyüyür, yaxud ziyarətdən gələn şəxs qarağan kolunun dibindən uşağı tapıb onu böyüdür. Padşah oğlanın sağ olduğunu öyrənib yenidən öldürməyə cəhd edir: oğlanın boyunun vurulması üçün məktub yazır və onu oğlanla Qara vəzirə göndərir. Padşah qızı məktubu dəyişdirir və nağıl yazının gerçəkləşməsi ilə, yəni oğlanın padşahın qızı ilə evlənməsi ilə tamamlanır”.
Nağılın əsas ideyası insanın alın yazısı, qisməti, taleyi ilə razılaşmayıb, bəxtinə düşənə qane olmayıb onu dəyişməyə, aldatmağa, yaxud ondan qaçmağa cəhd göstərməsi təşkil edir. Lakin ali qüvvənin, tanrının iradəsinə zidd olan bu hərəkət müsbət bir nəticə vermir. Taleyindən qaçan şəxs əslində sürətlə ona doğru gedir, öz sonunu, aqibətini yaxınlaşdırır. Heç bir ehtiyat tədbiri taleyin hökmünü dəyişə bilməz. Bəzən isə insan üçün öncədən hazırlanmış qisməti onun düşündüyü qədər də pis, uğursuz deyil, əksinə, ən optimal variantdır. Dünya xalqlarının folklorunda geniş yayılmış “Yazıya pozu yoxdur” süjeti də hamı üçün ümumi olan bu qanunauyğunluğun – “taledən qaçmaq olmaz” həqiqətinin israrla təbliğinə və ona qarşı yönələn hər bir hərəkətin mənasız olduğunun nümayişinə xidmət edir. Folklorda həm uğurlu, xoşbəxt, həm də uğursuz, bədbəxt alın yazısının gerçəkləşməsini fərqli variantlarda təsvir edən nümunələr mövcuddur.
İnsan taleyi, onun təfərrüatları gizli, yasaq informasiyalardır. Bir şəxsin həmin məlumatları öyrənmək cəhdi artıq yasağın pozulması, ali iradəyə qarşı gedilməsidir. Lakin buna baxmayaraq, insan qadağan olunmuş o informasiyanı əldə etməyə can atır və həmin məlumatı ona verənlər tapılır. Ayrı-ayrı dini inanclar sistemində bu məsələyə fərqli münasibəti müşahidə edirik. Belə ki, əgər bütpərəstlikdə, yaxud şamanizmdə insanın taleyi, aqibəti barədə məlumat almaq adi bir haldırsa, monoteist dinlərdə, xüsusilə, də islamda Allaha məxsus olan bu məxfi informasiyanı almaq və ya vermək məqbul sayılmır. Fal açmaq, fala baxdırmaq günah hesab edilir. Elə buna görədir ki, nağıl mətnlərində sadaladığımız bütün məqamlar nəqqallar tərəfindən nəzərə alınmış, müəyyən korrektə işləri görülmüşdür. Məsələn, qəhrəman öz aqibətini dini təmsil edən nurani şəxsdən, müqəddəslərdən, yaxud, səmavi mənşəli kimi təqdim olunan kitablardan öyrənir.
Tale haqqında öncədəngörmələrdə informasiya müəyyən hazır klişelər, qəliblər, formulalar şəklində verilir. Məsələn, «əgər belə olarsa, onda filan cür olar». Məhz belə bir gedişatdan xəbərdar olan qəhrəman bu zaman hadisələri özü üçün sərfəli məcraya yönəltməyə, təhlükə və ziyanlardan yan keçməyə, bütövlükdə taleyini, yaxud onun müəyyən məqamlarını dəyişməyə cəhd göstərir. Nümunələrin əksəriyyətində qəhrəman buna müvəffəq olmasa da, dünya xalqlarının folklorunda gerçəkləşməyən fallar, həyata keçməyən öncədəngörmələr, dəyişdirilən talelər barədə örnəklərə də rast gəlmək mümkündür. Belə mətnlərdə ənənəvi ideyaya (taledən qaçmaq olmaz) müxalif bir mövqe özünü göstərir ki, bu da “insanın taleyi onun öz əlindədir, hər şey fərdin özündən asılıdır” fikrində təzahürünü tapır.
Erkən dövrlərdə tale mücərrəd ideya deyil, konkret, maddi əşya kimi qavranılmışdır. İnsanlar taleyin daşda, hər hansı bir heyvanda, bir sözlə, fetişdə təcəssüm etdiyinə inanmışlar. Sonradan animizm mərhələsində fetişdəki magik qüvvə müstəqil Allah statusu almış və insanların qəzavü-qədərini müəyyən etmək funksiyası daşımışdır. Yunan mifologiyasında bütün insanların taleyini müəyyənləşdirmək funksiyası üç moyranın üzərində təmərküzləşdi və üç bacı obrazında sabitləşdi. Bu bacıların hər biri zamanın bölündüyü üç mərhələyə uyğun olaraq keçmişi, indini və gələcəyi təmsil edirdi. Onlar insanın həyat yolunun simvolu olan sapı əyirən üç çirkin qarı kimi təsəvvür edilirdilər. Roma mifologiyasında moyralara “parkalar” uyğun gəlir. Bunlar yunan üç bacının analoqu olan Desima, Nona və Martadır. Skandinav xalqlarında tale yazmaq funksiyasını Urd, Verdandi və Skuld adlı üç norma yerinə yetirir. Onlar taxta lövhələr üzərində runi yazılar cızmaqla hər bir insana ayrılmış ömrün müddətini müəyyənləşdirirdilər. Slavyanlarda da artıq bizə tanış olan əyirici üçlük eyni vəzifəni daşıyır. Tale ilahələrinin böyüyü Mokoşdur. Ona xoşbəxt taleyi, uğurlu həyatı təmin edən gözəl və gənc Dolya adlı ilahə və bədbəxt, uğursuz tale verən Nedolya ismini daşıyan ilahə kömək edirlər.
Müxtəlif xalqların folklorundakı eyni süjetli nümunələrin qarşılaşdırılması göstərir ki, “tale”, “qismət”, “alın yazısı”, “bəxt” və b. kəlmələrdə ifadə olunan anlayışla bağlı yaranmış nümunələrdəki bənzərlik müxtəlif xalqların məsələyə yanaşmasındakı oxşarlıqla əlaqədardır.
Folklor örnəkləri bir tərəfdən ilahi qüvvənin təsir dairəsində olan taleyin qarşısında insanın acizliyini nümayiş etdirir, digər tərəfdən isə Tanrının yaratdığı bu varlığın (insanın) daxili azadlığını, müstəqilliyini, mübarizliyini və asi təbiətini sərgiləyir.
-
"Yazıya pozu yoxdur" və ya tale haqqında süjetlər
Kəmalə İslamzadə
- Biblioqrafiya və tərtibçi
-
Yazıya pozu yoxdur
Söylədi: Zeynalov Ələmşah, Bərdə rayonu Şirvanlı kəndi
-
Yazıya pozu yoxdur
Söylədi: Mahmudov Xalıqverdi Həmid oğlu, Kəlbəcər rayonu Zivel kəndi
-
Yazıya pozu yoxdur
Söylədi: Abbasov Aydınəli, Beyləqan rayonu Xalac kəndi
-
Zəngi
Söylədi: Murad Qəhrəman oğlu, Gıncə şəhəri