AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ala gözlüm

Nümunənin reyestr kodu : FM0204020002

Bu mahnı oğlan evinin adamları gəlini aparmağa gələndə oxunub. Zaqatala rayonunun Dağlı kənd sakinlərinin dediyinə görə, qızın rəfiqələri gəlin qapıdan çıxan ərəfədə bu mahnını oxuyaraq onu kövrəldərdilər.

“Ala gözlüm” mahnısı daha çox Azərbaycanın şimal bölgəsində – Zaqatala, Balakən, Qax, Quba, Qusar rayonlarında yayılıb. Hazırda ənənəvi toyların yerini şəhər toyları tutduğundan belə mahnılardan orada istifadə olunmur. Bununla belə, həmin bölgələrdə fəaliyyət göstərən folklor kollektivlərinin repertuarında bu mahnı yaşadılmaqdadır.

At gəlib aparmağa, ay ala gözlüm, ala gözlüm,

Qapular qoparmağa, can qara gözlü yar.

Yığılın qohum-qardaş, ay ala gözlüm, ala gözlüm,

Qoymayın aparmağa, can qara gözlü yar.

Məhləmizdən qız gedir, ay ala gözlüm, ala gözlüm,

Qız gedir, ucuz gedir, can qara gözlü yar.

Yüz min manat versə də, ay ala gözlüm, ala gözlüm,

Yenə də ucuz gedir, can qara gözlü yar.

İstəkanın ağ olsun, ay ala gözlüm, ala gözlüm,

İçi dolu yağ olsun, can qara gözlü yar.

Bu qədər mahnı dedik, ay ala gözlüm, ala gözlüm,

Eşidənlər sağ olsun, can qara gözlü yar.