AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toy mərasimi

Nümunənin reyestr kodu : DB0203020001

Nərgiz Məlik qızı Quliyeva

Azərbaycan toyu xalq həyatı ilə bağlı bütün digər ictimai hadisələrdən zənginliyi ilə fərqlənir. Bu da səbəbsiz deyil. Çünki çox qədim tarixdən toy xalq məişət əyləncələrinin ən kütləvisi və məşhurudur. Azərbaycan toyu üç mərhələnin məcmuundan ibarətdir: toya qədərki dövr, toy və toydan sonrakı mərhələ.

Toy şənliyinə qədər bir sıra adətlərin icrası vacib hesab edilir: “qız bəyənmə”, “elçilik”, “hə vermək”, “bəlgə”, yaxud “nişan”, paltar kəsdi (paltar biçdi), cehizin oğlan evinə daşınması”, “kəbin kəsilməsi”, “qız evində xınayaxdı gecəsi”, “qızın ata evindən köçməsi”, “qızın oğlan evinə gətirilən günü”, “oğlan toyu” və s. göstərmək olar.

Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə gənclər bulaq başında, müəyyən xalq bayramlarında, yayda yaylağa gedərkən yolda bir-birlərini görüb bəyənirdilər. Yaxud da qız seçimində əsas rolu valideynlər oynayırdılar. Onlar da çox vaxt yaxud əsl-nəcabətli ailələrlə qohum olmaq, qızın xarici görkəmini, evdarlığını nəzərə alaraq qərar verirdilər. XX əsrin 30-cu illərindən sonra birgə təhsil və iş şəraitində gənclər bir-birlərini bəyənir, məqsədlərini valideynlərinə bildirirdilər. Adətən, oğlunu evləndirmək istəyən valideynlər əvvəlcə ümumi razılığa gəlir, qız haqqında məlumat toplayır, sonra elçi getmək qərarına gəlirdilər. “Azərbaycan toyu” adlı məqaləsində Elçin Aslanov yazır: “Vaxtilə kütləvi el bayramları, meydan tamaşaları, dini mərasimlər və atüstü yarışlara, o cümlədən bulaq başına yığışan ərgən qızlardan birini gözaltı edən oğlan, qızı mümkün vasitələrlə özünə cəlb etməyə çalışır. Digər tərəfdən isə, el-oba qaydasına görə, qızın əlində su qabı bulaqbaşına yollanması artıq onun “ərə getmək, gəlin olmaq” arzusunda olduğuna bir işarədi. Bir zamanlar isə oğlanın bəyəndiyi qıza alma atması və almanın qız tərəfindən yerdən qaldırılması da “razılıq işarəsi” tək qavranmışdı. Bəzi yerlərin adətincə, qız “nikaha razılığını” başındakı örpəyi oğlana verməklə bildirirdi”.

Toyqabağı qızın kimliyinin oğlanın valideynləri tərəfindən öyrənilməsi “bəyəniş”, “qızbəyənmə”, “qızxoşlama”, “gözaltılama” və s. adlandırılır. Quba rayonunda isə buna “nişanlı seçmə” deyirlər.

Azərbaycanın müəyyən rayonlarında “kəmləşmə”, “cəmləşmə”, “razılıq” və ya “razılaşma”da başlığın miqdarı müəyyən olunur. Buna Qazax rayonunda “süd pulu”, Tovuz və Qubada “yol pulu”, yaxud “xərc”, Salyanda “xərc-xəcalət” və s. deyirlər.

 Azərbaycanın bütün bölgələrində gəlin köçən qıza cehiz verilir. XX əsrin 20-50-ci illərində ənənəvi olaraq verilən cehiz ev ləvazimatları – lampa, güzgü, yorğan, döşək, balınc, xalça, palaz, qab-qacaq, sandıq, stol, həmçinin təsərrüfat xarakterli əşyalar – nehrə, oxlov, duvaq, heybə və digərlərindən ibarət olurdu. Cehizdə qaynana-qaynata üçün kiçik döşək, başını bağlamaq üçün yaylıq da olurdu. Qeyd etmək lazımdır ki, 60-cı illərdən başlayaraq cehizin tərkibi də dəyişməyə başladı. Xüsusilə də 70-80-ci illərdə bir və ya iki dəst mebel də cehizə əlavə olundu.

Oğlan toyundan qabaq qız evində qadınların iştirakı ilə “paltar kəsdi” mərasimi olur. Mağar qurulur və orada qız və qızın nənəsi, anası, bacı-qardaşı üçün alınmış hədiyyələr camaata göstərilir. “Paltar kəsdi”də oğlan və qız yengələri əsas simalar kimi iştirak edirlər. Qız yengəsi parçalardan birinin kənarından kəsir (həmin kəsik evdə saxlanır). Oğlan yengəsi qız yengəsinə “qayçı kəsdi” əvəzi pul, hədiyyə verir. Oğlanın yaxın qohumları həm oğlanın, həm də qızın evinə nəmər (pul) salırlar.

“Paltar kəsdi” və toyun digər gedişində müxtəlif ayinlər icra olunur. Məsələn: “qayçı kəsdi”, “baş bəzəyi”, “qapı basdı”, “bel bağlama, “ayaq açdı”, “xınayaxdı”, “bəy çıxarma” və s.

Ənənəvi olaraq qız toyundan sonra oğlan toyu icra olunur. Müasir toylar isə tamamilə fərqlənir. Belə ki, toyların əksəriyyəti Şadlıq evlərində oğlanla-qızın birgə toyu kimi keçirilir. Bu mərasimdə toyun mərhələlərinin xeyli qismi ümumiləşdirilir. Müasir toylarda bir çox adət-ənənələr ixtisar olunmuş, “vağzalı” sədaları ilə başlanan və qurtaran toy mərasiminə qloballaşmaya uyğun olaraq bəzi yeniliklər edilmişdir.