AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəvəçilik təsərrüfatı

Nümunənin reyestr kodu : DA0307000002

Dəvə uzaq məsafəyə yük daşımaqda nəqliyyat heyvanlarından ən dözümlüsü sayılmış, uzaq mənzilli ticarətdə, müharibələrdə ağır yük daşımaqda və köçəri maldarlar tərəfindən geniş istifadə olunmuşdu. Azərbaycanda dəvəçilik, əsasən, Şirvan, Muğan, Mil və Qarabağ düzənliklərdə yaşayan maldar əhali arasında inkişaf etmişdi. Dəvələri olan bəzi kəndlilər hətta çarvadarlıqla məşğul olmuş, dəvələrlə kəndbəkənd gəzərək gətirdikləri müxtəlif təsərrüfat məhsullarını yerli əhaliyə satmışlar.

Tarixən Azərbaycanda iki dəvə cinsi mövcud olmuşdu: ikihörgüclü və birhörgüclü. Təkhörgüclü nər, ikihörgüclü buğurla müqayisədə daha qüvvətlidir. Nər 35-40 puda qədər yük götürə bildiyi halda, buğur cəmi 12-15 pud yük götürür. İkihürgüclü dəvənin yunu sıx və uzun olur, təkhürgüclü dəvədən çox yun verməsinə baxmayaraq, keyfiyyətcə ondan aşağıdır.

Dəvənin öyrədilməsinə iki yaşından sonra başlanır. Dəvəçi köşək vaxtı qılığına girib onu sığallayır, başına ip keçirir, hərdən yedəyində gəzdirib özünə öyrəşdirir. Bu hazırlıq prosesi olmadıqda dəvəni öyrətmək çətin olur, xam dəvə nəinki adamı yaxın buraxır, hətta bədəninə ip toxunmasına belə imkan vermir. Ram edilməsi nəzərdə tutulan xam dəvənin usta dəvələrlə birlikdə qabağına duz tökülür, birlikdə yemlənir, bu zaman sicim xam dəvənin başına keçirilir. Xam dəvə öyrənmiş dəvələrlə birlikdə yatırılır, ilk dəfə onu ehtiyatla çullayırlar. Dəvə nisbətən mülayim olanda sadəcə yedəkdə gəzdirir, dəlisov olduqda isə alıqlayıb öyrənmiş dəvələrdən birinin arxasına bağlayırlar. Xam dəvə yedəyə getməsə, bir nəfər başqa bir dəvəyə minib arxadan səsləyir. Bu qayda ilə xam dəvə əvvəlcə yedəyə öyrədilir. Dəvə ram olmadıqda qabaq ayaqlarından birini dizdən qatlanmış halda sarıyıb üç ayaq üstə yorulanadək gəzdirir, bədəninə sığal çəkir, duz verirlər. Dəvələr tam öyrədiləndən sonra onlar karvana qoşulurdu. Karvan sıralanarkən işlək, yola bələd dəvə önə bağlanır, digərləri isə işləkliyinə görə bir-birinin arxasınca bağlanırdı. Maldarların “qatar” adlandırılan karvanında 7, çarvadarların karvanında isə15-25 dəvə olurdu.

Keyfiyyətinə görə, dəvə yunu qoyun yunundan yüksək qiymətləndirilmiş, ondan toxunan paltar və palazlar həmişə davamlılığı ilə seçilmişlər. Dəvə ildə bir dəfə aprel-may aylarında qırxılır. Dəvənin dərisindən dabbaqlıqda geniş istifadə olunmuş, bundan çarıq tikilmiş, dağarcıq düzəldilmişdi.

Azərbaycanda dəvəçiliyin tarixi e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid edilir. Mingəçevirdəki qazıntılar zamanı tapılan dəvə sümüyü və Füzuli rayonu ərazisindən tapılan dəvə skeletləri də bunu təsdiqləyir.

Bakı quberniyasında XIX əsrin ortalarından etibarən ticari əlaqələrin canlanması çox yük götürmə qabiliyyətinə malik dəvələrə tələbatı da artırmışdı. Əgər 1860-cı ildə Bakı quberniyasında 11259 baş dəvə var idisə, 1867-ci ildə bunların sayı 13163 başa çatdırılmışdı. Abşeronda dəvə Corat, Qobu, Maştağa, Saray, Fatmayı, Xırdalan, Zabrat, Qala, Güzdək, Novxanı və başqa kəndlərdə daha çox saxlanırdı.

XIX əsrin sonlarında Cənubi Qafqaz dəmir yolunun, şose yollarının çəkilməsi ilə əlaqədar xalqın təsərrüfat həyatında dəvəçiliyin rolu xeyli azalır. Bu sahənin tənəzzülü XX əsrin əvvəllərində özünü daha açıq şəkildə göstərməyə başlamış və dəvə karvanlarının sıradan çıxması ilə nəticələnmişdi. Bununla belə, dəvəçiliyə olan ehtiyac tamamilə aradan qalxmamışdı. Yolların vəziyyəti, bir çox yaşayış məntəqələrinin dəmir yolundan uzaq olması, köçəri maldarlığın mövcudluğu dəvəyə tələbat doğururdu. Bəzi rayonlarda dəvə uzaq məsafələrə yük aparmaq üçün əsas nəqliyyat vasitəsi olaraq son dövrlərə qədər qalmaqda idi. XX əsrin əvvəllərində İranla sərhədboyu ticarətdə, aran rayonlarında maldarlıq, qoyunçuluqla məşğul olan əhali arasında dəvədən istifadə olunmuş, hətta bəzi kolxoz və sovxozların nəzdində xüsusi dəvəçilik fermaları təşkil olunmuşdu. Həmin fermalardakı dəvələrdən, əsasən, yaylaq və qışlağa köç zamanı əhəmiyyətli nəqliyyat vasitəsi kimi istifadə edilmişdi.