AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Atçılıq təsərrüfatı

Nümunənin reyestr kodu : DA0302000002

Azərbaycan əhalisinin təsərrüfat məişətində mühüm rol oynayan at ən qiymətli nəqliyyat vasitələrindən biridir. Arxeoloji qazıntılardan əldə edilən bəzi ostoeloji qalıqlar Azərbaycan ərazisində atçılığın Neolit dövründə təşəkkül tapdığını söyləməyə imkan verir. Muğanda qədim Əliköməktəpə yaşayış yerindən tapılan at sümüklərinin tədqiqi göstərdi ki, hələ altı-yeddi min il bundan əvvəl Azərbaycanda əhlilləşmiş iki at cinsi olmuşdu. Qobustan qaya təsvirlərinin çoxunda müxtəlif görkəmdə at rəsmləri öz əksini tapmişdı ki, bunların da yaşı dörd min ildən az deyil.

Yunan coğrafiyaşünası Strabon atropatenlilərin 10 min süvarisi olduğunu xəbər verir. E.ə. 69-cu ildə Roma sərkərdəsi Lukull Qafqaza hücum edən zaman albanlar onlara qarşı 22 min süvari çıxarmışdılar. Feodalizmin təşəkkül tapıb çiçəkləndiyi dövrdə at ilxılarının sayı və ona olan tələbat xeyli artmışdı.

Atçılığın inkişafı XIX əsrdə və XX əsrin əvvəllərində daha geniş miqyas almışdı. 1843-cü ildə Azərbaycanın altı qəzasında 82075 at olduğu halda, 1858-ci ildə sayı 114086-ya çatmışdı. 1897-ci ildə Yelizavetpol quberniyasında 91487 baş at, 1898-ci ildə Bakı quberniyasında 9962 baş at olmuşdu. XX əsrin əvvəllərində Azərbaycanda 150-200 min baş at olmuşdu.

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda Qarabağ, Qazax, Şirvan və Quba atları daha məşhur idi. Orta əsrlər boyu bəslənib-yetişdirilən Qarabağ atı cinsi XVIII-XIX əsrlərdə daha geniş əraziyə yayılmış, cinsi xeyli yaxşılaşdırılmışdı. Qarabağ xanı İbrahimxəlil xanın 3-4 minlik cins atları təkcə Azərbaycanda deyil, Türkiyə, İran və Rusiyada da məşhur idi. XIX əsrin birinci yarısında Qarabağda cins atların bəsləndiyi at zavodları olmuşdu. XIX əsrin sonu – XX əsrin əvvəllərində keçirilən beynəlxalq və Ümumrusiya at sərgisi və müsabiqələrində Qarabağ atı yüksək qiymətləndirilmiş və mükafatlara layiq görülmüşdü. Qarabağ at cinsinin “Meymun”, “Qarnıyırtıq”, “Əlyetməz”, “Sarılar”, “Təkə Ceyran”, “Toxmaq”, “Şahmar”, “Durnalar”, “Alagöz” adlı nəsilləri olmuşdu. Ölkəmizdə qədimdən geniş yayılmış Qazax at cinsinə “Dilboz” və “Haçadil” də deyirlər. Bunlardan başqa, Şirvan atı, Quba atı cinsləri vardır. Bu atlar da sürəti, yorğa yerişi, dözümlülüyü, çevikliyi ilə seçilir.

Azərbaycanda at ilxıları il boyu açıq havada, yayda yaylaqda, soyuqlar düşəndə isə qışlaqlardakı örüşlərdə otarılırdı. İlxı dairəvi və ya uzunsov xalxallarda saxlanırdı. Əksər hallarda isə ilxı yaşayış məntəqəsinin səmtində münasib yerdə açıq havada olurdu. Lakin zavod atları, döllük ayğırlar, boğaz madyanlar və gündəlik minikdə istifadə edilən atlar tövlə şəraitində saxlanaraq xüsusi qulluq göstərilirdi.

Xüsusi yaraşıq üçün və hava şəraiti ilə əlaqədar atın belinə çul salınırdı. Yükləmək və minmək üçün at palanlanırdı. Yerli sərracların hazırladığı yəhərlər müxtəlif naxişlarla bəzədilir, qabaq tərəfinə döşlük, arxa tərəfinə qayışdan quşqun düzəldilirdi. Bu yəhərlər bir sıra səyyahların diqqətini cəlb etmişdi. 1858-ci ildə Şəkidə olan fransız yazıçısı Aleksandr Düma oradan aldığı iki bəzəkli yəhər haqqında “Bunları Fransada 200 franka və ya heç ala bilməzdik”deyə yazırdı.

Atın nallanması xüsusi ustalıq tələb edir, bir qayda olaraq, nalı dəmirçilər hazırlayır. Atı nallayan nalbəndin əsas alətləri nalvə mıx düzəltmək üçün istifadə edilən zindan, dəmirkəsən qayçı, iskənə, çəkic, kəlbətin, kəndir, yiyə və dartıdan ibarətdir. At iki qaydada nallanır, sadə üsul daha geniş yayılmışdı. Bu qaydada atın ayağının buğumuna möhkəm kəndir keçirilərək qaldırılıb diz üstündə saxlanır. Digər at nallama qaydası “çarmıx” adlanır. Bu qayda xüsusi hazırlanmış qurğuda icra olunur. Qurğu dörd iri diametrli ağacdan ibarətdir. Təxminən 3 metrədək dirəklər yerə dərin basdırılır və üç tərəfdən bir-birinə qollar vasitəsilə bərkidilir. Atı nallamaq üçün çarmıxa çəkdikdə belinə kəmər keçirilib ayaqları yerdən bir qədər üzülənə qədər qaldırılır. Atın başı çarmıxın ön hissəsinə bağlanır və yuxarıda göstərilən qaydada nallanır. Adətən, çarmıxda dəliqanlı, nallanmaya çətin gələn ürkək atlar daha çox nallanır.