AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toxuculuq dəzgah və alətləri

Nümunənin reyestr kodu : SD0402000001

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün zəruri parça toxuculuğunun meydana gəlməsinə səbəb olmuşdu. Əyirmə və eşmə (burma) vasitələri həm kətan, həm yun, həm pambıq, həm də ipək əyirmə və ya eşmə (bükdərmə) əməliyyatında müştərək işlədilirdi.

Zəmanəmizədək yunəyirmə vasitələrinin iki əsas növü: əl iyi (teşi, əyircək, tağalaq) və cəhrə gəlib çatmışdı. İp istehsalında daha məhsuldar əmək aləti sayılan, bu gün də bölgələrimizdə işlədilən cəhrənin qurama və bütöv toplu kimi 2 tipi yayılmışdı. Bu alətlərlə yanaşı, hər bir xammal növünün özünəməxsus spesifik əmək alətləri də yaranmışdı.

Toxuculuq dəzgahı hörmə əməliyyatından toxuma texnikasına keçid mərhələsində qədim dövrə xas texniki vasitələr içərisində ən mürəkkəb əmək aləti idi. Toxucu dəzgahlarının şaquli və üfüqi olmaqla iki əsas tipi zəmanəmizədək gəlib çatmışdı.

Yer hanası bir cüt köndələn dolağacdan, onları bir-birindən aralıda, sabit saxlayan iki cüt mıxça, gücü ağacı və əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarətdir. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri və taxta “qılınc” ilə tamamlanır və səyyar elat məişəti üçün ən münasib dəzgah növü sayılır.

Şal istehsalı ilə “şalbaf” adlı peşəkar toxucular, xüsusilə kişilər məşğul olurdu. Yığcam quruluşa malik mütəhərrik şal dəzgahları evin bir küncündə yerləşdirilirdi.

Xalça-palaz məmulatının bütün növləri, əsasən, eyni dəzgahda – dik hana vasitəsilə toxunur. Hana hissələri ağacdan olub bir cüt qoldan, onları köndələn vəziyyətdə birləşdirən alt və üst oxdan, daban paralarından ibarət bəsit quruluşa malikdir. Hananın köməkçi hissələrinə “gücü ağacı”, “gücü çubuğu”, “vərəngalan”, “dal ağacı”, “ağız çubuğu”, “oxlov”, “yumaq ağacı” daxildir. Toxuma prosesində həvə, kirkit, bıçaq və qayçıdan istifadə olunur. Dik hanada müxtəlif ölçülü xalça-palaz məmulatı toxunduğundan onun qollarının yuxarı hissəsindəki yarıqlar vasitəsilə üst oxun mövqeyi dəyişdirilir və beləliklə, məmulatın boyuna müvafiq ölçüdə əriş düzümü qurulur.

Xam ipəkdən hazırlanan məmulat növləri (mov, darayı, atlaz, qanovuz, tafta, çarşab, kəlağayı və s.), bir qayda olaraq, mütəhərrik ipək dəzgahlarında toxunur. Böyük təkamül yolu keçmiş mütəhərrik şərbaf dəzgahlarının bəzi nümunələri (yezdimo, dördayaq, kəlağayı dəzgahı) zəmanəmizədək gəlib çatmışdı.

Azərbaycanda ənənəvi dəzgah toxuculuğu parça və xalça-palaz məmulatı isteh​salı olmaqla iki istiqamətdə inkişaf etmiş və toxucu dəzgahlarının sabit və mütəhərrik, üfüqi və şaquli olmaqla müxtəlif növləri yaranmışdı: “şərbaf dəzgahı”, “cecim dəzgahı”, “mahud dəzgahı”, “şal dəzgahı”, “kətan dəzgahı”, “xal​ça (palaz) hanası”, “yer hanası” və s. adlarla tanınan və təkmillik baxımından bir-birindən seçilən müxtəlif növləri vardı. Bu dəzgah növləri müxtəlif tarixi dövrlərdə yaransa da, çoxu XX əsrin sonunadək gəlib çatmışdı.

Mezolit dövründə hörmə texnikasının təkmilləşməsi və bəsit əl iyi (teşi) vasitəsilə əyriciliyin meydana gəlməsi sayəsində yun ip, kəndir və bir qədər sonralar isə pambıq lifindən hazırlanan iplik, erkən orta əsrlərdən başlayaraq ipək teli (keci sap) toxuma məmulatının başlıca xammalı idi. Nəticədə parça və xalça-palaz istehsalı üçün ölkədə əlverişli zəmin yaranmış, bu sahədə texniki tərəqqi basma (basmaqəlib) və qələmkarlıq məmulatının yaranmasına da təkan vermişdi. Mingəçevir qazıntılarından Tunc dövrünə aid parça qalıqlarının tapılması həmin dövrdə parça istehsalı sahəsində dəzgah toxuculuğunun mövcud olduğunu göstərir. Məhsuldar qüvvələrin sonrakı inkişafı nəticəsində baş verən texniki irəliləyişlər təpkən vasitəsilə hərəkət etdirilən mütəhərrik toxucu dəzgahlarının yaranmasına gətirib çıxarmışdı. Antik dövr və orta əsrlərə məxsus parça toxuculuğu üçün səciyyəvi olan bu tip mütəhərrik dəzgahlar XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunurdu.