AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Parça toxuculuğu

Nümunənin reyestr kodu : SD0401000001

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapdığından keci toxuculuğunun tarixi həmin dövrə təsadüf edir. Keci sapdan zəngin çeşiddə cecim məmulatı toxunmuşdu. Keçmişdə kümdar qadınlar öz ailəsinin ehtiyacını ödəmək, qismən də satış məqsədilə bu sapdan “həmyan”, “obagəzər”, “alaköynək”, “şalvar”, “çuxa”, “tətinlik”, “xasqırmızı”, “aloyşa”, “alaca”, “yorğan üzü”, “döşək üzü” və s. adlarla tanınan müxtəlif növ cecim tipli parçalar toxumuş, dəzgah toxuculuğunda parçanın bədii-dekorativ məziyyətini artırmaq məqsədilə boyaq, qələm və ya qəlib vasitəsilə naxışsalma üsullarından çox istifadə edilmişdi.

Evin döşəməsi üzərinə düzülmüş nimdər (döşəkcə), mütəkkə, balınc, dör döşəyi, yataq döşəyi, kürsü yorğanı, yorğan üzü və taxça üçün pərdə, yük örtüyü, buxarı qabağı, canamaz, süfrə, gərdək və s. cecim tipli parçalardan düzəldilirdi. Bir sıra geyim növləri (köynək, şalvar, arxalıq, çuxa, qurşaq, dolaq), habelə heybə, yəhərqaşı, çul, ladı, gərək torbası, duz torbası, çanta və s. kimi məişət ləvazimatı cecimdən düzəldilirdi.

Keci məmulatından fərqli olaraq, xam ipəkdən toxunan parçaların istehsalı ilə “şərbaf” adlı peşəkar ustalar xüsusi şərbaf karxanalarında məşğul olurdular. Xam ipək toxuculuğunda dar peşə ixtisaslaşması nəticəsində basmaqəlib üsulu ilə əlavə bəzək vurulmuş kəlağayı istehsalı xüsusiləşib ayrıca istehsal sahəsinə çevrilmişdi.

Xammalın növündən asılı olaraq, Azərbaycanda ənənəvi toxuculuğun həsir, xalça-palaz, ağlabənd və parça toxuculuğu sahələri təşəkkül tapmışdı. Tarixən Azərbaycanda saya və güllü (naxışlı) olmaqla iki növ parça istehsal olunmuşdu.

Toxuma materialına, başqa sözlə, xammal növünə görə, ənənəvi parçaların yun, kətan, pambıq, ipək və bunların qatışığı olmaqla, müxtəlif tipoloji növlərinə təsadüf olunur. İstehsal texnologiyası baxımından Azərbaycanın ənənəvi parça növlərinin hamısı əriş (uzatma, çillə) və arğac (atma, lülə, araqatı) olmaqla toxuma liflərinin bir-birinə perpendikulyar keçirilib çal-çarpaz edilməsi nəticəsində hazırlanmışdı. Qədim ənənəyə malik əriş-arğac sistemli toxuma texnologiyası XX əsrin əvvəllərinədək özünün əməli əhəmiyyətini itirməmişdi.

İstehsal üsuluna görə Azərbaycanın ənənəvi yun məmulatı hörmə, basma və toxuma kimi üç sahəyə ayrılır. Hörmə məmulatı istehsalı əsrlər boyu ev peşəsi səciyyəsi daşımışdı. Hörmə sənətindən fərqli olaraq, toxuma işində ev peşəsi, kustar sənət və xırda əmtəə istehsalı səciyyəli müxtəlif istehsal formalarına təsadüf olunur. Azərbaycanda yun toxuculuğu parça və xalça-palaz istehsalı üzrə iki istiqamətdə inkişaf etmişdi.

Yun parça toxuculuğunda tarixən ev peşəsi və xırda əmtəə səciyyəsi daşıyan iki başlıca istehsal forması mövcud olmuşdu. Karxana toxuculuğu şalbaflığın yüksək inkişaf mərhələsini əks etdirməklə nisbətən sonralar meydana çıxmışdı. Azərbaycanda XIX əsrdə şal istehsalı, xüsusilə Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində geniş yayılmışdı. Şamaxı qəzası və Zaqatala dairəsi isə təkcə Azərbaycanda deyil, ümumən Cənubi Qafqazda şal istehsalının yüksək inkişaf mərhələsinə çatmış mərkəzləri arasında xüsusi yer tuturdu. Şal məmulatının müxtəlif növləri hazırlanma üsuluna (təpmə şal, cecim), texniki keyfiyyətinə (yer şalı, Culfa şalı), xammal növünə (dəvəyunu şalı, keciqarışıq şal, güzəm şalı), habelə istehsal mərkəzlərinə görə bir-birindən seçilirdi. Quzu güzəmi, yaxud keci qarışığı ilə toxunan “yer şalı” qoyun yunundan hazırlanan “culfa şalı”ndan üstün tutulurdu. Vaxtilə Azərbaycanda geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) zəmanəmizədək gəlib çatmışdı.