AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təqvim mifləri

Nümunənin reyestr kodu : FL0109030001

Zamanla bağlı əsatiri görüşlərin əks olunduğu təqvim mifləri Azərbaycan xalqının yaşam tərzinin onun mifoloji məfkurəsində müəyyənləşmiş kodlarla, simvollarla ifadə olunduğu mürəkkəb işarələr sistemidir. Vahid mifoloji sistemin aparıcı tərkib hissəsi olan təqvim miflərinin müxtəlif elementləri, simvolları xalq bədii təfəkkürünün sonrakı inkişaf mərhələsində müxtəlif folklor janrlarına səpələnmiş halda aşkarlanır.

Zaman Azərbaycan türklərinin mifoloji təfəkküründə maddi varlıqlar şəklində qavranır və modelləşdirilir. İbtidai insan özünü onu əhatə edən ətraf aləmdən tam ayırmamaqla, eyni zamanda özünəməxsus xüsusiyyətləri təbiət obyektlərinə köçürməklə onlara həyat, insani hisslər, şüurlu, insan görkəmində çıxış etmək imkanı, sosial təşkilata malik olmaq kimi xüsusiyyətlər şamil etmişdi. Ətraf mühiti, orada baş verənləri sinkretik şəkildə qavrayan mifoloji təfəkkür zaman anlayışına da bu prizmadan yanaşmışdı. Buna görə mifik düşüncədə zaman anlayışı mücərrəd bir proses kimi deyil, maddi varlıqların fonunda dərk olunur.

Birbaşa mövsüm mərasimləri ilə vəhdət təşkil edən təqvim mifləri fəsillərin, ayların, günlərin dəyişməsinin xalqın folklor məfkurəsində metaforik şəkildə əksi ilə müşahidə olunur. “Günəşi dəvət”, “Qodu-Qodu”, “Xıdır Nəbi”, “Yel Baba” və digər mövsümlə bağlı mərasimlər təqvimi bir silsilə təşkil edir. Belə mərasimlər arasında ən geniş yayılanı qışdan yaza keçidlə bağlı olan, dərin mifoloji köklərə malik Novruz mərasim​ləridir.

Maddi varlıqların canlı və cansız olmaqla iki yerə bölünməsi zamanın mifoloji təfəkkürdə iki istiqamətdə təsnifləndirilməsini şərtləndirir. Təqvim miflərində zaman canlı və cansız varlıqlar şəklində modelləşir. Canlı varlıqların üçlü (bitki, heyvan, insan) təsnifinə uyğun olaraq, mifoloji təfəkkürdə zamanın modelləşməsi üç istiqamətdə özünü göstərir: 1. Zamanın zoomorfik modelləşməsi; 2. Zamanın antropomorfik modelləşməsi; 3. Zamanın biomorfik (bitkisəl) modelləşməsi.

Zamanın zoomorfik obrazda modelləşməsi təqvim miflərində daha geniş yayılmışdı. Qədim türk xalq​larının istifadə etdiyi on iki heyvanın adını daşıyan on iki illik təqvim sisteminin timsalında bunun şahidi ola bilərik. Mahmud Kaşğari “Divani luğatit-türk” kitabında həmin təq​vimdən bəhs edir və illəri ardıcıllıqla sa​dalayır. On iki heyvanı səciyyələndirən bu təqvim, əslində, mifik düşüncədə zamanın on iki zoomorfik obrazda modelləşməsinin ifadəsidir.

Antropomorfik təqvim miflərində isə zaman insan şəklində qavranır və təqdim olunur. Azərbaycan təqvim miflərində fəsillərin, ayların, günlərin antropomorflaşmasının şahidi oluruq. Məsələn, dünya səhər cavan qıza, günorta orta yaşlı qadına, axşam isə qoca qarıya çevrilən bir insan şəklində təsvir olunur. Ümumiyyətlə, foklor nümunələrinə görə “Qoca qarı”, “Qartımış qarı”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Boz Çillə (Ay)”, “Xıdır Nəbi”, “Xızır”, “Kosa”, “Oğuz” kimi insan obrazları zamanın müəyyən kəsimlərinin modelləri olaraq təqdim olunur.

Biomorfik (bitkisəl) təqvim miflərində zaman-məkan kontinuumu Dünya Ağacının timsalında (kökləri – keçmişi və xtonik aləmi, gövdəsi – indini və aralıq məkanı, budaqları – gələcəyi və səmanı simvolizə edir) qavranır.

Cansız varlıqlarla zamanın modelləşməsi də mifoloji görüşlərimizdə əksini tapır. Günəş, Ay, Dan Ulduzu kimi astral cisimlər, həmçinin alma, ərik meyvələri (predmetləri) zamanın modelləşdiyi maddi varlıqlar olaraq özünü göstərr.