AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bayatılar

Nümunənin reyestr kodu : FL0203000001

Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün ən geniş yayılmış janrlarından biri olan bayatı həyatın, insan hisslərinin, duyğularının bütün məqamlarını, sahələrini özündə əks etdirən qədim nümunələrdir. Bayatı çox sadə struktura malik olmasına baxmayaraq, ən mücərrəd, dərin fikirləri, duyğuları belə ifadə etmək qabiliyyətinə malikdir. Məhz bu cəhətinə görə bu lirik şeirlərdən şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyatda da geniş istifadə olunur və bayatı janrı Şah İsmayıl Xətai, Qasım bəy Zakir, Şəhriyar kimi bir çox şairlərin yaradıcılığında xüsusi yer tutur.

Digər türk xalqlarının şifahi yaradıcılığında bayatı qəlibində mövcud olan şeir nümunələri bayatı deyil, türkü, xoyrat, mani, aşulə, koşuq, yır, jır, cınıq və s. adlarla tanınır. Bu cür ad müxtəlifliyi Azərbaycan folklor mühitində də müşahidə olunur. Güney Azərbaycanın Savə-Xələc bölgəsində “bayatı” əvəzinə “yır” və ya “yir”, Qaşqay-Şiraz çevrəsində “koşuq”, Şərqi Anadolu ilə sərhəd bölgələrdə, o cümlədən Sulduz-Urmiya xəttində, Ağdaşın Kürqırağı kəndlərində “mahnı” – “mani” adları işlənməkdədir. “Bayatı” ilə müqayisədə bu adlar məhəlli səciyyə daşıyır və dar bir ərazidə yayılmışdı.

Salman Mümtaz, Əmin Abid, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov və b. tədqiqatçılar bayatı adının yaranması ilə bağlı ciddi araşdırmalar aparmış, gəlinən ümumi qənaət “bayatı” sözünün Bayat qəbiləsinin adı ilə bağlı olmuşdu. Onların fikrincə, bayatı Bayat qəbiləsində ifa olunan mahnıya, nəğməyə verilən addır. Nəğmələrin mətni dördlüklərdən ibarət olduğu üçün həmin şeir parçaları sonralar mahnının adı ilə adlandırılmağa başlanmışdı.

Bayatılar dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir. Birinci, ikinci və dördüncü misralar öz aralarında qafiyələnir, üçüncü misra isə sərbəst buraxılır. Əsas fikir üçüncü, dördüncü misralarda deyilir, ilk iki misra isə son misralardakı fikir üçün zəmin hazırlayır. Bayatının əsas məna yükü sərbəst olan üçüncü misradadır, həmin misranın dəyişməsi ilə bayatının mənası da tamam dəyişir.

Bayatılar forma xüsusiyyətinə görə aşağıdakı qruplara ayrılır: Cinaslı bayatılar, qıfılbənd və ya bağlama bayatılar, kəsik bayatılar. Cinaslı bayatılar bayatı şəkilləri içərisində ən geniş yayılanı hesab olunur. Qıfılbənd və bağlama bayatılardan, əsasən, aşıqlar deyişmədə istifadə edirlər. Kəsik bayatılarda isə ilk misra 3-5 hecadan ibarətdir.

Bəzi tədqiqatçılar bayatının janr olmasından daha çox şeir şəkli olması qənaətindədir. 7 hecadan ibarət aaba şəklində qafiyələnən dördlük şeir şəkli yalnız bayatılarla məhdulaşmır, əmək nəğmələri, eydirmələr, vəsfi hallar, ağılar, laylalar, oxşamalar, tapmaca və mahnıların quruluşu, vəzni, qafiyə düzümü də bayatı ilə eynidir. Elmi ədəbiyyatda bu nümunələrin bayatıların təsiri ilə yaranıb formalaşdığı qeyd olunur.

Bayatıların zənginləşməsində, yeni məzmun və forma almasında el sənətkarlarının rolu az olmamış, Sarı Aşıq, Molla Cümə kimi bir çox aşıqlar öz yaradıcılığının ayrılmaz hissəsi olmuş bayatının məna-məzmun tutumunu, bədii kəsərini xeyli artırmışlar.

Bayatılar şifahi ədəbiyyatın erkən yazıya alınan janrlarından biridir, XVII əsrdən etibarən çeşidli məcmuə və cünglərdə onlara rast gəlmək mümkündür. Amma bu nümunələrin böyük əksəriyyəti günümüzə şifahi yolla, ağızdan-ağıza ötürülərək gəlib çatmışdı. Əsasən, qadın repertuarında özünə yer tapan bayatılar onların hisslərinin, duyğularının bədii ifadəsinə çevrilmişdi. Azərbaycan bayatılarının təsir dairəsi, yayıldığı areal bu ölkənin coğrafi sərhədlərini aşmış, qonşu xalqların şifahi söz sənətində də özünə əsaslı yer tapmışdı.