AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Padşah oyunu

Nümunənin reyestr kodu : FO0202000002

“Padşah seçmə” (Laçın), “Padşah oyu​nu” (Cəb​rayıl), “Şah bəzəmə” (Qubadlı) və yaxud “Xan bəzəmə” (Ordubad) adı ilə tanınan bu oyun vaxtilə Azərbaycanın müxtəlif bölgələrində oynanılmışdı. Hazırda bu ənənə bu gün də bəzi rayonlarda yaşadılır. Bu oyun Qubadlı rayonunda ilaxır çərşənbədə, Beyləqanın Günəşli kəndində martın 21-22-də, Ordu​bad rayonunda isə Yed​​​​diləvin günü (martın 21-də) oynanır.

“Padşah oyunu”nda padşah səsvermə ilə seçilir və yaxud kəndin sayılıb-seçilən adamları arasından təyin olunur. Oyun üçün xüsusi bir mağar qurulur, “padşah”ı mağara yaxın bir evdə bəzəyirlər, məclis başlayanda “Vağ​zalı” çalınır, “padşah” “vəzir-vəkil”in, “fərraşlar”ın əhatəsində məclisə daxil olur. Bütün məc​lis əhli ayağa qalxır, əl çalır və deyir: “Padşah oynasa, ucuzluq olar”. “Padşah” da əlini götürüb “Şah gəldi” havasına ağıryana oynayır. Sonra o, çıxıb taxtında oturur və səlahiyyətlərinin icra​sına başlayır. “Padşah” qəlbidə (uca yerdə) oturur, ondan bir az aşağıda “vəzir”, lap aşa​ğıda buyruqçuları dururlar. “Padşah” əyninə arxalıq, üstün​dən çuxa geyinir, başına da papaq qoyur. Həmin gecə “padşah” müəyyən əmrlər verir, başındakı adamlar onun əmrini icra edirlər. Onun sözü hər kəs üçün qanundur və kimsə ona etiraz etməz. Onun sözünə baxmayan və ya onun əmrinə tabe olmayan şəxsi tutub pad​şahın hüzuruna aparır, “padşah”ın qarşısında dizi üstə oturdurlar. Günahı onun üzünə deyilir və cəzalandırılır.

Padşah bir qayda olaraq kişilərdən olur, yalnız müstəsna hallarda qadınlar da padşah seçilir. Padşah olan şəxs bir sutka dinməməli, danışmamalıdır. Gülən kimi onu taxtdan düşürür, özünü də soyundurub dar ağacından asırlar. Məsələn, vaxtilə Ordubad rayonunda ən məşhur məzhəkəçilər, gülüş ustaları xanı gül​dürmək üçün dəridən-qabıqdan çıxırdılar. Xan gülsün deyə meydanda qadın, qız olmasına baxmayaraq xanla açıq-saçıq zara​fatlar da edirdilər. Xan bütün bu məzhəkə​lərin qabağında özünü sax​laya bilməyib gülürdüsə, meydana toplaşan tamaşaçılar onu geyimli-kecimli suya basır, onu “xanlıq”dan salırdılar. Taxtdan salın​mış şəxs isə bir daha xan seçilə bilmirdi.

Məclisdə müəyyən adamlara kəsilən cərimələr​dən pul yığılır. Bundan əlavə, “padşah” kimisə asmaqla cəzalandır​dıqda həmin şəxsin yaxın adamı pul ödəyib onu azad edə bilir. Həmin pullar xəzinə​darda yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Məsə​lən, Qubadlı rayonunun Dəmirçilər kəndində oyundan yığılan vəsait hesabına bir dəfə məscidin darava adlanan hissəsi təmir olunmuş, növbəti il yığılan vəsait hesabına yetim-yesirə əl tutul​muşdu. Beyləqan rayonu Günəşli kəndində 2013-cü ildə həmin mərasim​dən yığılan pul ilə kəndə artezian quyusu üçün motor alınmışdı.

“Padşah oyunu” karnaval mədəniyyətinin bir parçasıdır. Digər karnaval oyunları kimi o da gülüş üzərində qurulur və əsl padşahın bir parodiyasıdır. Karnaval mədəniyyətində olduğu kimi, bu oyunun da öz qayda-qanunları vardır, kimsə özünü onun fövqündə tuta bilməz. Hətta ailəsinə itki üz verənlər, yasda olanlar belə “padşah” tələb etdiyi təq​dirdə gəlib bayramda iştirak edir və oyna​yırlar.

Xalq mərasim tamaşaları cəmiy​yətdə, təbiətdə və insan həyatındakı keçid dövr​ləri ilə əlaqə​dardır. Yenidən doğulma, yenilənmə, dəyişiklik bu tip mərasimlərin əsas məğzini təşkil edir. “Padşah oyunu” da qışdan yaza keçid döv​rün​də, köhnə ilin tamamlanıb yeni ilin başlandığı ərəfə​də keçirildiyi üçün digər inisiasiya mərasimləri ilə eyni mənanı daşı​yır. Xalq gülüşün arxaik köklərini araşdıran Muxtar Kazımoğlu “Padşah oyunu”nu əsl hökm​darın müvəq​qəti ölüm mərhələsindən keçib dəyişməsi kimi səciy​yələn​dirir. Onun fikrincə, əsl və yalançı padşah qarşılaş​ma​sında başlıca məqsəd əsl hökmdarı şərdən, yamandan qoru​maq və onun həyat​verici qüdrətini artırmaqdır. Deməli, “Padşah oyunu” əsl hökm​darın ölüb yenidən doğul​masını simvolizə edir. Sadəcə ola​raq burada əsl hökm​dar rolunda padşahın özü deyil, onun “əkiz tayı” çıxış edir. Yalançı padşahın öldürül​məsi və əsl padşahın təkrar taxta çıxması onun yenidən doğulması, yeniləşməsi kimi qav​ranır, bununla da yeni hökmdarın daha qüdrətli olacağına, onun hakimiy​yətinin daha uzun sürəcəyinə inanılır.