AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəbih tamaşaları

Nümunənin reyestr kodu : FO0204000001

XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də “Əhli-beyt”ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir. Belə meydan tamaşalarının Səfəvilər dövründən etibarən daha geniş yayıldığını tarixi faktlar da sübut edir.

Şəbih tamaşalarının əsas mövzusunu Həzrət Əlinin oğlu, üçüncü imam Həzrət Hüseyn və tərəfdarlarının 680-ci ildə Yəzid və onun çoxsaylı ordusuna qarşı apardığı mübarizə təşkil edir. Bu mübarizə məhərrəm ayının ilk on günündən başlayaraq Kərbəla şəhidlərinin qırxı çıxanadək düzənlənən şəbihlərlə keçirilirdi. Kərbəla hadisələri teatr formasında yalnız İran, Anadolu, Azərbaycan və Hindistanda göstərilir, şiə məzhəbinin yayıldığı İraq, Liviya və Yəməndə qeyd olunsa da, teatrlaşdırılmış hissəyə yer verilmir. Teatr ünsürləri yalnız yas törənlərində, bəzi rituallarda özünü göstərir. Azərbaycanda tarixən ən çox oynanan şəbihlər Əliəkbərin şəbihi, Əbülfəzl Abbasın şəbihi, Qasımın şəbihi, Hürrün şəbihi, Həzrət Hüseynin şəbihidir.

Şəbih tamaşalarının təşkili ilə xalq arasında şəbihgərdan adlandırılan peşəkar şəxslər məşğul olurdu. Şəbih tamaşaları Məhərrəm ayının ilk günü rövzəxanların (mərsiyə deyən) çıxışları ilə başlayırdı. Onlar Kərbəla hadisələrini yad edir, dini qanunların göylərə bağlılığından, Hüseynin doğulduğu gün Cəbrayılın gəlib Məhəmmədi təbrik etməsindən və Müaviyənin yaxın adamlarının Hüseyni öldürəcəyini xəbər verməsindən bəhs edən hədislər danışırdı. İmam Hüseynin qətlinin səhnələşdirildiyi şəbih tamaşası isə aşura günü oynanırdı. Şəbih tamaşaları Azərbaycanın müxtəlif bölgələrində oynansa da, Təbriz və Ərdəbildə oynanan şəbihlər mütəşəkkilliyi, dramatikliyi ilə diqqəti cəlb edirdi.

Kommunist ideologiyasının hakim olduğu sovet dövründə Kərbəla hadisələrinin qeyd edilməsi qadağan olunmuş, hətta hökumət rəsmilərinin insanları bundan uzaq​laş​dır​maq üçün mərasimin keçirildiyi ələm ağacının dibinə it bağ​ladığı, oranı mundarladığına dair faktlar mövcuddur. Nəticədə Azərbaycanda XX əsrin əvvəllərinə qədər mütəmadi şəkildə keçirilən şəbih tamaşaları unudulmuş, haqqında ancaq o dövrün mətbuatından və bir sıra müəlliflərin əsərlərindən məlumat almaq mümkündür.

Yazılı qaynaqlara görə, sayları otuzdan çox olan şəbihlərin (“Əliəkbərin şəbihi”, “Həzrət Abbasın şəbihi”, “İmam Hüseynin şəbihi”, “Səkinənin vəfatı”, “Qasımın otağı”, “Qasımın şəbihi”, “Əsirlərin qayıtması”, “Hürrün şəhadəti”, “Fatimə​nin qətli”, “Kər​bəla davası”, “Mədinə səfəri”, “Müslümün qətli”, “Kər​bəla müsibəti”, “Əlinin qətli” və s.) əksəriyyətinin məzmunu drama​tik​dir. Bunlar həm Kərbəla hadisələrini, həm Kərbəla faciəsindən əvvəlki hadisələri (məsələn, Həzrət Əlinin Məhəmməd (s) peyğəmbərin qızı Fatimeyi-Zəhra ilə evlənməsi, İmam Hüseynin uşaqlıq çağları, Məhəmməd peyğəmbərin və Fatimənin vəfatı və s.), həm də Aşuradan sonra baş verənləri (“Vəfati-Səkinə”, “Musanın şəbehi”, “Muxtarın şəbehi” və s.) göstərməyə xidmət edir. “Ömər cəhənnəmdə”, “Tərs toy” kimi bəzi şəbihlər isə parodiya janrındadır, burada ikinci xəlifə Ömər, Şümür, Yezid, İbn Ziyad, bir sözlə Kər​bəla müsibətini törədənlər və ya Kərbəla faciəsinin baş verməsində günahkar olanlar lağa qoyulur, gülünc vəziy​yətdə təqdim edilirlər.

Şəbih tamaşaları Azərbaycanda professional teatrın inkişafına da öz təsirini göstərmişdi. Azərbaycan teatrının H.Ərəblinski, S.Ruhulla, M.A.Əliyev, A.M.Şərifzadə, İ.İsfahanlı kimi görkəmli aktyorları professional səhnəyə qədəm qoymamışdan əvvəl şəbih tamaşalarında bir aktyor kimi yetişmişlər. Azərbaycan səhnəsinin qocaman xadimlərindən biri Rüstəm Kazımov on beş ildən artıq şəbih tamaşalarında rejissorluq etmiş, istedadlı gəncləri öz ətrafına toplamışdı.