AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qaravəlli tamaşaları

Nümunənin reyestr kodu : FO0201000001

Qaravəlli tamaşaları Azərbaycan xalq meydan teatrı formalarından biri olmuşdu. Qaravəlli tamaşalarının əsasını məzəli hadisə və süjetlərlə dolu qısa pyeslər, həmçinin tamaşaçıları güldürmək məqsədilə pərdəarası göstərilən, bəzən də müəyyən mərasimlərdə müstəqil olaraq göstərilən kiçik tamaşalar təşkil edir. Qaravəlli tamaşalarında mükalimə, dialoq, monoloq və musiqidən başqa, rəqs, şeir, gözbağlıca, hoqqabazlıq səhnələri də olur. Bu cəhətləri ilə qaravəlli tamaşaları digər meydan tamaşalarından fərqlənir.

Qaravəlli tamaşaları qədim azərbaycanlıların müxtəlif münasibətlərlə təşkil etdikləri mərasimlərdən və onların müəyyən istəklərindən yaranıb inkişaf etmişdi. Zaman keçdikcə bu tamaşalar müstəqilləşmiş, mövzu rəngarəngliyi və sənətkarlığı ilə diqqəti cəlb etmişdi. Görkəmli ədib Ə.Haqverdiyev qeyd edir ki, qaravəlli tamaşaları həmişə xalqın həyatında mühüm rol oynamışdı. Belə tamaşalar bilavasitə xalq nümayəndələri tərəfindən yaradılmış və yayılmışdı. Bu tamaşalarda yumor və satira həmişə üstünlük təşkil etmiş, komik, gülünc vəziyyətlər ön plana çəkilmişdi. Qaravəlli tamaşalarında olan yumor, satira və sağlam gülüş dramaturgiyamızda komediya janrına da öz müsbət təsirini göstər​mişdi. Belə ki, məşhur ədiblərimiz M.F.Axundov, N.B.Vəzirov, Ə.Haqverdiyev, S.Rəhman və başqaları öz komediyalarında xalq komediyalarından, o cümlədən qaravəlli tamaşala​rın​dan yaradıcı şəkildə faydalanmış, onların mütərəqqi ənənələrini daha da inkişaf etdirmişlər.

Belə tamaşalarda daha çox kiçik, məzəli, gülməli məişət əhvalatları, lətifələr, qaravəllilər tamaşaya qoyulur. Meydan aktyorları gülüşlərlə, kinayəli kəlmələr, ibarəli ifadələr, eyni kəlməni müxtəlif məna çalarlarında deməklə öz fikirlərini hədəfə dəqiq çatdıra bilirlər. Bütün bunlar qaravəlli tamaşalarını sevdirir, yaşadır, ən başlıcası isə tamaşaçıları düşündürə bilir. Bu tamaşaların mətnləri çox rəngarəng olur. İctimai həyatın, ailə-məişətin müxtəlif sahələrini əhatə edən, sosial haqsızlıqları, mənəvi eybəcərlikləri çox sərrast nişan alan qaravəlli mətnləri çox oxunaqlı və populyar olur.

XIX əsrin sonlarından etibarən qaravəlli tamaşalarının repertuarı nəzərə çarpacaq dərəcədə uydurma, fantastik hadisələrdən uzaqlaşıb etik və estetik münasibətlərə, insani gözəlliyə, müdrikliyə, özünü ləyaqətlə idarə etmək məsələlərinə həsr olunan yeni-yeni tamaşalarla zənginləşməyə başladı. «Oğru molla», «Keçəl və şeyx», «Beş-on şahıya gedərəm», «Bəhlulun yuxusu», «Molla və cavan», «Yüz arşın uzunluğunda ağac» və s. kimi qaravəlli tamaşaları bu baxımdan maraq doğurur.

Qaravəlli tamaşalarının repertuarına daxil olan tamaşalar məna və məzmunca müxtəlif olurdu. Tamaşaların bir qismi məişət hadisələri ilə əlaqədar olub zalım ağaları, bəyləri ifşa edir, digər qismi ictimai mövzulu olub, ibrətamiz, hikmətli sözləri və fikirləri təbliğ edir, üçüncü bir qismi isə qeyri-real, həyatda olmayan, yalan hadisələri təcəssüm etdirirdi. «Yalan-palan» üzərində qurulan qaravəllilərdə özünü öyən, özünün «fövqəladə qabiliyyəti» ilə lovğalanan, imkan və bacarıqlarını fantastik şəkildə şişirdən yalançılar, gopçular satirik gülüş hədəfinə çevrilirdi.

Qaravəlli tamaşalarının repertuarına daxil olan tamaşaların bir qismində bəzi fırıldaqçı mollalar və qazılar amansız tənqid edilir, onların kütlüyü, mənəviyyatsızlığı, rüşvətxorluğu və tamahkarlığı ifşa olunurdu. «Kərəm və şeyx», «Nökər, molla Salah və qazı», «Oğru molla», «Qudur​muş axund», «Oğrubaşı qazı», «Çobanla molla», «Buzov otaran qız və molla», «Dəli şeytan deyir ki...» və s. kimi qaravəlli tamaşalarında belə fırıldaqçı molla, qazı və şeyxlərin özbaşınalıqları, amansızlıqları, zorakılıqları, başqalarının var-dövlətini mənimsəmələri nifrət və tənqid hədəfinə çevrilirdi.

Müasir dövrdə ölkəmizin bəzi (xüsusilə heyvandarlıq və maldarlığın geniş yayıldığı) bölgələrində qaravəlli tamaşaları qorunub saxlanmışdı.