Şatır oyunu
Nümunənin reyestr kodu : FO0201000002
Azərbaycan oyun mədəniyyətində bir çox qədim və zəngin oyunlar arasında Şatır oyununun da özünəməxsus yeri vardır. El arasında şatırlardan yadigar qalan oyunlar mövzusuna, məqsədinə və strukturuna görə fərqlənir. Bu oyunlardan biri çörəkbişirmə prosesini yamsılama ilə bağlıdır. Digər Şatır oyunu isə cəld və çevik adamları müəyyən etmək məqsədilə qaçış-sınaq yarışları şəklində təşkil olunur. Bu oyunlar qaliblərə təntənəli şəkildə Şatır ləqəbi verməklə tamamlanır.
Çörəkbişirmə prosesini yamsılama ilə bağlı Şatır oyunu əyləncə xarakterli komik xalq oyunudur. Cəld və çevik adamları müəyyən etmək məqsədilə qaçış-sınaq yarışları şəklində təşkil olunan şatır oyunu isə idman-təlim xarakterlidir. Şatırlıq orta yüzilliklərin idman növü kimi məşhur idi, təkcə qaçışla məhdudlaşmır, həm də peşəkar iş sahibi yetişdirirdi. Şatırlar müxtəlif işləri yerinə yetirir, qasid, gözətçi, cangüdən, xidmətçi, oyunbaz, gözətçi, fəxri qarovul və s. bu kimi vəzifələri icra edirdilər. Şatırlar nəinki fiziki cəhətdən, hətta zehni cəhətdən fərqlənməli idilər. Xüsusən, toplama və çıxma əməllərini şifahi şəkildə daha yaxşı bilirdilər.
Şatırlını etnos və etnotoponim kimi nəzərdən keçirənlər bu fikirdədirlər ki, eyni adlı kəndlər qədim türk Şatar-Şatır tayfası tərəfindən salınmışdı. Şatır tayfasına mənsub ailələr məskunlaşdıqları yerlərə öz adlarını vermişlər və beləliklə, Şatırlı etnotoponimləri yaranmışdı. Masallıdakı Şatırobanın Türkoba adlanan ərazi inzibati bölgüsünə daxil olması eyniadlı türk tayfası ilə bağlı olduğunu göstərir. Cəlilabaddakı Şatırlı oronim və hidronimləri (dağ və çay adları) öz adını buradakı Şatırlı etnosundan almışdı. Şatırlı kəndi qədim türk yaşayış məskənidir. Kənd iki hissəyə ayrılır. Birinci hissə Böyük Şatırlı, ikinci hissə Kiçik Şatırlı adlanır.
Araşdırıcılar Şatırlı etnosunu hun-türk tayfalarından biri sayırlar. Etimoloji təhlil zamanı məlum olur ki, Şatırlı sözünün bütün yozumları türk mənşəlidir.
Hər hansı bir toponimin sözaçımının çalarlı olması təbii haldır. Şatırlı sözü ilə bağlı nəzərdən keçirdiyimiz mənbələr əsasında bu sözün ifadə etdiyi məna çalarlarını aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür: a) Çörəkçi, ocaqçı; b) köç, düşərgə, çadır, oba, mahal; c) dəvə; ç) şən, şux, məzhəkəçi; d) çevik, zirək, cəld; e) Şatır (şəxs adı); ə) Şatırlı (tayfa adı); f) ustad, piyada, qasid, fərraş; g) qaçış ustası, yarış qalibi, mühafizəçi. Elşad Əmənov şatır sözünün məna çalarlarını bir qədər də zənginləşdirir: 1) Şatır yarışlarının keçirildiyi yer; 2) Sürətlə hərəkət edən; 3) Qədim və orta yüzilliklərdə saraylarda cangüdən vəzifəsini icra edən; 4) Xanın cilovdarı.
Çörəkbişirmə prosesini yamsılama ilə bağlı Şatır oyununu təlxəklər və məzhəkəçilər icra edirlər. El içində geniş yayılmış Şatır oyunu tamaşasının digər adı Laloyunudur və onun baş qəhrəmanı təlxək şatırdır. Bu tamaşada şatır məzhəkəçi anlamında işlənir. Tamaşada bir oyunçu çörəkçi “şatırı”, o biri “təndiri” təsvir edir. Çörəkçi təndir ətrafında rəqs edib oxuyur, sonra təndirdə “çörək yapmağ”a başlayır. O, təndiri təsvir edən oyunçunun qarnına, sinəsinə və qoltuğunun altına guya çörək yapıb çıxarır, bu da gülüş doğurur. Şatır oyununun xalq tamaşasını xatırladan səsli variantı da olmuşdu. Öz struktur keyfiyyətlərinə görə fərqlənən belə səhnəciklərdə təndirbaşılar oxunur.
Şatır oyununda təlimlə bağlı aşağıdakı tələblər yerinə yetirilməlidi:
– Yolu sürətlə yerimə;
– Sürətlə qaçma;
– Uzaq məsafəni tez qət etmə;
– Xüsusi idman oyununda şatırlıq adını alma və s.
Yarış rəqibsiz, tək qaçmaqla və kollektiv qaçışda bir-birini ötməklə icra olunur. Rəqib olmayan yarışlar müəyyən şərtləri vaxtında yerinə yetirməkdən ibarətdir. Yalnız bu zaman oyun iştirakçısına şatırlıq ləqəbi verilir.