AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şüştər

Nümunənin reyestr kodu : FM0302110001

Şüştər

Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı.

“Şüştər” muğam dəstgahının tərkibindəki “Osman-Gərayi”, “Keşişoğlu”, “Qara kürd” kimi hissələr aşıq musiqisindən götürülmüşdü. Sazəndə yaradıcılığında işlənən bu musiqi nümunələrinə xanəndələr söz qoşaraq onu öz yaradıcılıqlarına uyğunlaşdırmış, “Şüştər” muğam dəstgahında zərbi muğam kimi istifadə etmişlər. Tarzən Mirzə Fərəcin “Şüştər” muğam dəstgahının tərkibi haqqında tərtib etdiyi siyahıda 8-dən 13-dək olan hissələr yalnız instrumental zərbi muğamlardır. Bəzi belə zərbi muğamlar bu günümüzdə də həm vokal-instrumental, həm də instrumental şəkildə yaşayır. 1925-ci ildə “Muğam şurası”nın qəbul etdiyi proqramda “Şüştər” 8 şöbə və guşəni əhatə etmişdi: “Əmiri”, “Şüştər”, “Şüştərək”, “Tərkib”, “Şüştər”, “Sarənc”, “Məsnəvi”, “Şüştər”. “Şüştər”in yuxarıda qeyd edilən tərkibini əvvəlki cədvəl ilə müqayisə etsək, hər iki cədvəlin tam uyğunluğunun şahidi olarıq. Belə ki, “Muğam şurası” “Şüştər” muğam dəstgahının Mirzə Fərəcin tərtib etdiyi ilk şöbələrinin (1-dən 6-dək) siyahısına təkcə “Tərkib” şöbəsini daxil etmişdi, qalan şöbələr isə hər iki cədvəldə eynidir (instrumental zərbi muğamları çıxmaq şərtilə). Görünür, XIX əsrdə “Tərkib” şöbəsi “Şüştər”ə daxil olmamış, yalnız “Humayun” dəstgahında və bəzi muğamlarda işlənmişdi. Ehtimal ki, “Humayun” və “Şüştər” eyni səs düzümü əsasında qurulduğu üçün “Muğam şurası” “Tərkib” şöbəsini “Şüştər” muğam dəstgahına əlavə etməyi qərara almışdı. Nəticədə “Şüştər” muğam dəstgahının diapazonu zil registr hesabına genişlənmiş, dəstgah müəyyən mənada dolğunlaşmışdı. Hazırda xanəndə və sazəndələr tərəfindən ifa olunan “Şüştər” daha da cilalanmış müstəqil muğam dəstgahlarından sayılır.

Orta və zil tessituralı şöbə və guşələri özündə cəmləşdirən “Şüştər”ə hazırda 5 şöbə və guşə daxildir: “Bərdaşt” (“Əmiri” ilə başlayır), “Şüştər”, “Feli”, “Tərkib” və “Şüştərə kadensiya”. “Şüştər” bəzi muğam dəstgahlarının “Bərdaşt”ından onunla fərqlənir ki, onun “Bərdaşt”ı müəyyən ad – “Əmiri” daşıyır. “Əmiri” öz həcminə görə qısa şöbədir. “Şüştər”də olduğu kimi, “Əmiri” şöbəsi “Nəva”da, “Rahab”da, keçmiş “Şur”da eyni pərdəyə – “mi” pərdəsinə istinadən çalınıb-oxunur. “Əmiri”nin musiqisi çox təmtəraqlı, cazibədar, mərdlik əhval-ruhiyyəsi kəsb edir. “Şüştər” tarın birbaşa orta məsafəli pərdələrindən (orta registrindən) başlanır və “Əmiri”, “Şüştər”, “Tərkib”, “Şüştərə kadensiya” ilə tamamlanır. Bu şöbə və guşələrin ifası xanəndədən yüksək səs, rəngarəng zəngulə, uzun nəfəs tələb edir.

XIX əsrin sonlarından bu günədək Azərbaycanda “Şüştər” muğamının Səttar, Hacı Hüsü, Mirzə Məhəmmədhəsən, Xanlıq Şükür, Məcid Behbudov, Əkbər Xamuş oğlu, İslam Abdullayev, Musa Şuşinski və başqaları kimi görkəmli ifaçıları olmuşdu. Hazırda “Şüştər” muğam dəstgahını Alim Qasımov, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Zülfiyyə Məmmədova və başqa bu kimi tanınmış xanəndələr öz uğurlu ifaları ilə təqdim edirlər.