AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əkinçilik təsərrüfatı

Nümunənin reyestr kodu : DA0303000001

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texnikasının təkamül və inkişafında mühüm rol oynamışdır. Xalq hər bir sistemə müvafiq olaraq lazımi əmək alətlərindən istifadə etmiş, istehsal alətləri kompleksini yaratmışdır.

Çala əkinçiliyi Kür, Araz, Alazan, habelə başqa çayların sahil boyu ərazisində yayılmışdır. Çala əkinçiliyi çaybasar, xalq arasında çala, axmaz adlandırılan torpaqların əkilib-becərilməsi nəticəsində inkişaf etmışdir. Bu torpaqlarda əsasən yazlıq taxıl və bostan bitkiləri əkilmişdir. Kür və Araz çayları boyunca yerləşən, Mahmudçala, Axtaçı, Şəkər, Əbilçala və başqa adlarla tanınan axmazlar buğda və arpa əkilməsi üçün əlverişli sahələr idi. Azərbaycanda çala torpaqlarda əsasən yazlıq taxıl və bostan bitkiləri əkilmişdir. Kür çayının daşması nəticəsində sahil torpaqlarının becərilməsilə bu yerlərin məhsuldarlığı daha da artırdı. Muğanda isə çala əkinçiliyi üçün Araz çayının böyük rolu olmuşdur. Bu sistemdə çay daşdıqdan bir həftə sonra sahədə əmələ gələn lil çatlama verir. Buraya toxum səpib şaxmala ilə malalanır və nəticədə belə sahələrdən daha bol məhsul götürülürdü.

Tala əkinçiliyi meşəlik bölgələrdə yayılmışdır, bu sistemdə meşələr qırılır, yandırılır, əkin sahəsinə çevrilirdi. Tarlaçılıq xüsusiyyəti daşıyan tala əkinçiliyinin inkişafı əhalinin sayının artımı, torpağa olan tələbatın artması ilə sıx bağlı idi.

Əkinçilikdə geniş yayılan sistemlərdən biri dincə qoyma idi. Bu sistemdə bir neçə il fasiləsiz becərilərək yorğun düşmüş torpaq sahəsi dincə qoyulurdu, torpaq sahəsi 1-2 il dincə qoyulduqdan sonra onun münbitliyi bərpa olunurdu.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan əkinçiliyində kapitalist münasibətlərinin inkışafı taxıl, bostan, tərəvəz və texniki bitkilərin əkin sahələri genışləndirilir, torpaq sahələrinin dincə qoyulması tədricən aradan çıxırdı. Taxıl əkinləri altında gücdən düşən torpaq sahələrində bostan və başqa texniki bitkilər becərilirdi ki, bu da “herik” əkinçilik sisteminə keçid hesab olunurdu. Bu sistemdə bitkilər biri digərilə növbələşdirilirdi. İkitarlalı əkinçilikdə tarlada bir il taxıl əkilir, ikinci il sahə heriyə buraxılırdı. Heriyə qoyulmuş sahədən isə otlaq və ya biçənək kimi istifadə olunurdu. Pambıq, çəltik, yonca kimi bitkilərin əkildiyi sahələr növbəti səpin ilində buğda və arpa üçün ən münasib torpaqlar sayılırdı.

Azərbaycanda Neolit-Yeni Daş dövrünün ən mühüm yeniliklərindən biri olan əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi məhsuldar qüvvələrin inkişafı ilə üzvi surətdə bağlı idi, bu dövrdə dəmyə əkinçiliyi əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tutmuşdur. Əmək alətlərinin təkmilləşdiyi, məhsuldar qüvvələrin nisbətən inkişaf etdiyi Tunc dövründə toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid başlanmışdı. Cütün meydana gəlməsi əkin sahələrinin daha da genişlənməsinə əlverişli imkan yaratmış, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəlmişdir.

E.ə. II minilliyin sonlarında dəmirdən istifadə Azərbaycanda əkinçiliyin inkişafına zəmin yaratmışdır. Dəmirin meydana çıxması təkcə iqtisadi həyatda deyil, ictimai quruluşda köklü dəyişikliklərə səbəb olmuş, güclü tayfa birləşmələri formalaşmış, ilk dövlətlər yaranmışdır. Azərbaycan ərazisində e.ə. I minillikdə yaranmış, dövrünə görə iqtisadi və mədəni cəhətdən inkişaf edən Manna, Albaniya kimi qədim dövlətlər zəngin əkinçilik mədəniyyətinə malik olmuşlar.

Əkinçilik sistemləri orta əsrlərin təsərrüfat şərtləri daxilində inkişaf etmiş, əhalinin qida ehtiyaclarının ödənilməsində mühüm rol oynamışdır. Hətta XX əsrin ortalarınadək Azərbaycanın bir sıra ərazilərində ənənəvi əkinçilik sahələri mövcudluğunu saxlamış, eyni zamanda təsərrüfatın, texnikanın, məhsuldar qüvvələrin inkişafı nəticəsində əkinçilik sistemləri müasir dövrün tələblərinə uyğun olaraq dəyişmişdir.