Zəncirvari nağıllar
Nümunənin reyestr kodu : FL0110070001
Azərbaycan şifahi ənənəsində bu gün də yaşadılan zəncirvari nağıllar beynəlxalq aləmdə kumulyativ nağıllar, ingilislərdə “formula tales”, almanlarda “kettenmarchen”, fransızlarda "randounes" kimi müxtəlif terminlərlə ifadə olunmasına baxmayaraq bir-birinə yaxın mənanı ifadə edir. Tədqiqatçılar bu qrupu adlandırarkən çox vaxt onun struktur xüsusiyyətlərindən çıxış edirlər. Zəncirvari nağılların strukturu müəyyən fəaliyyətin təkrarı üzərində qurulur.
Bu nağıllar olduqca sadə bir kompozisiyaya malikdir. Nağılların ekspozisiya hissəsi əhəmiyyətsiz və yaxud adi həyat hadisəsi üzərində qurulur. Birə damdan yıxılıb ölür, sərçə koldan kola atlanan zaman ayağına tikan batır, milçəyin qarnı kola ilişib cırılır və s. Daha sonra zəncirləmələr hissəsi gəlir. Zəncirləmələri yaradan səbəblər müxtəlifdir. Bunlardan biri əşyaların dəyişdirilməsidir. Dəyişmə ya azalan, ya da artan istiqamətdə aparılır. Artan istiqamətdə aparılan dəyişmə zamanı hər dəfə əldə edilən əşyanın dəyəri bir qədər artır. Məsələn, “Cik-cik xanım” (TR 2021*) nağılında sərçənin ayağına tikan batır. Sərçə tikanı qarıya verib çörək alır, çörəyi çobana verib qoyun alır, qoyunu toy yiyəsinə verib gəlin alır, gəlini aşığa verib saz alır. “Dəyişmə” (TR 2008*) nağılında isə zəncirləmə azalan istiqamətdə gedir və hər yeni həlqə qoşulduqda əldə edilən əşyanın dəyəri bir qədər azalır. Kəndli bazara satmağa inək aparır. İnəyi keçiyə, keçini qaza, qazı arpaya dəyişir və axırda evə bir torba turşu ilə qayıdır. Bəzi nağıllarda isə zəncirləmə şikayət üzərində qurulur. “Milçək” (TR 2021C*) nağılında milçəyin qarnı qaratikan koluna ilişib cırılır. O, koldan inəyə, inəkdən qurda, qurddan ovçuya, ovçudan qarıya şikayət edir. Qarının onun xahişini yerinə yetirməsi ilə zəncirləmə bu dəfə əks istiqamətdə inkişaf edir və nağıl zəncirləməni yaradan səbəbin aradan qaldırılması ilə, yəni kolun milçəyin qarnını tikməsi ilə tamamlanır.
Zəncirvari nağıllarda süjet, bir qayda olaraq, şən qəza ilə bitir. Məsələn, “Cik-cik xanım” nağılı sərçənin qoz ağacının altında oturub saz çalarkən başına qoz düşməsi ilə, “Küpənin nağılı” küpənin daşa çırpılıb parçalanması və oğurladığı qozların dördbir tərəfə dağılması ilə tamamlanır.
Zəncirvari nağıllar formasına, ifa tərzinə görə iki qrupa ayrılır:
1. Formulvari zəncirləmələr.
2. Epik zəncirləmələr.
Formulavari nağıllarda zəncirləməni təşkil edən həlqələr eyni sintaktik qəliblər üzərində qurulur. Sadəcə, hər yeni həlqə qoşulduqda sintaktik qəliblər bir qədər genişləndirilməklə yenidən təkrarlanır. Bura “Bit və birə”, “Doğulmamış uşağın taleyi üçün ağlama” kimi nağıllar daxildir. Epik zəncirləmələrdə isə zəncirləmə eyni epik həlqələr əsasında qurulur, amma bu həlqələrin sintaktik ifadəsi bir-birindən fərqlənir. Bu nağıllar, digər nağıl qrupunda olduğu kimi, sakit təhkiyə ilə söylənir. Bura “Dəyişmə”, “Tıq-tıq xanım” və digər nağıllar daxildir.
Zəncirvari nağıllar ilk dəfə V.Y.Proppun “Kumulyativ nağıllar” adlı məqaləsində müstəqil qrup kimi araşdırmaya cəlb olunmuş, daha sonra E.A.Kostyuxin heyvanlar haqqında nağılların tip və formalarından bəhs edərkən zəncirvari nağıllara toxunmuş, onların kompozisiya xüsusiyyətlərindən bəhs etmişdi. Hər iki araşdırıcı məhz struktur xüsusiyyətlərindən çıxış edərək bu qrupu digər nağıllardan fərqləndirməyə çalışmışdı. E.A.Kostyuxinə görə, zəncirvari nağıllar heyvanlar haqqında nağılların sadələşdirilməsi və uşaq auditoriyasına uyğunlaşdırılması nəticəsində yaranmışdı. Süjetlərin təfsilatdan uzaqlaşması, təhkiyə hissəsinin mümkün qədər qısaldılması, statik elementlərin kənarlaşdırılması nağıla dinamiklik gətirmiş və onu dialoqlara çevirmişdi.
Azərbaycanda zəncirvari nağıllara dair 12 süjet müəyyənləşdirilmişdi ki, onların da doqquzu beynəlxalq, üçü yerli süjetlərdən ibarətdir. Son illər bölgələrdən toplanmış folklor örnəkləri arasında “Küpənin nağılı”, “Uşaq və noxud” kimi yeni zəncirvari nağıl nümunələrinə də rast gəlirik.