AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bahadırlıq nağılları

Nümunənin reyestr kodu : FL0110010001

Azərbaycan folklorunda geniş yayılmış bahadırlıq nağılları, məşhur rus araşdırıcısı V.M.Jirmunskinin də ifadə etdiyi kimi, “türk xalqları və onun​la bağlı olan Cənubi Si​birin, eləcə də Mərkəzi Asiyanın monqol xalqlarının ən qə​dim epik janr”larından biridir. Bir çox xalqlarda qarşılığı olmayan bu nağıllar özünəməxsus kompozisiya xüsusiyyətlərinə, qəhrəman tipinə görə digər qruplardan fərqlənir. Sehrli nağıllarda qəhrəmanın uşaqlıq dövrü elə bir əhə​miy​yət kəsb etmədiyi üçün onun ayla, günlə böyüdüyü qeyd olunaraq bu mərhələnin üstündən keçilir. Bahadırlıq nağılla​rında isə qəhrəmanın uşaqlıq dövrü epik vüsət qazanır, onu təşkil edən mövzu və motivlərin rəngarəngliyinə görə digər qruplardan seçilir. Bu mərhələ qeyri-adi mayalanma, qeyri-adi doğuluş, erkən yaşlarından dil açıb yerimə, ad qoyma və erkən qəhrəmanlıq motivlərini ehtiva edir.

Azərbaycan bahadırlıq nağılları mövzusuna görə üç qrupa ayrılır: 1. Bahadırcasına evlənmə; 2. Bahadırlıq sərgüzəştləri; 3. Qan qisası. “Bahadırcasına evlənmə” mövzulu nağıllarda qəhrəmanın nişanlısının arxasınca getməsi, nikah tapşırıqlarını yerinə yetirməsindən bəhs olunur. Nikah tapşırıqları digər nağıl qruplarında da iştirak edir, amma buradakı nikah tapşırıqları xarakterinə görə onlardan seçilir. Bahadırlıq nağıllarında qəhrəmana verilən tapşırıqlar – ox atmaq, at çapmaq, güləşmək onun fiziki gücünü yoxlamağa xidmət edir. “Bahadırlıq sərgüzəştləri” qrupuna məxsus nağıllarda isə qəhrəmanın demonik varlıqlarla, yadelli düşmənlə mübarizəsindən bəhs olunur. Bu qrupa “Siman”, “Qaraqaş” və digər nağıllar aiddir. Qan qisası mövzusu bahadırlıq nağıllarında o qədər də geniş yayılmamış, cəmi iki nağılda – “Şirzad” və “Qara vəzir” nağıllarında rast gəlinir.

Bahadırlıq nağıllarında qəhrəman demonik varlıqlarla birbaşa təmasdan və ya onlara məxsus müəyyən əşyaların qəbu​lundan doğulur. Məsələn, Tapdıq Gün xanımla Tufan divin izdivacından, Cey​ran o dünyaya məxsus ceyranın ətindən, Qaraqaş dərvişin tüpürcəyindən, Kəl Həsən quş yumurtasından dünyaya gəlir. O dünya varlıqlarından törədiyi üçün qəhrəman həm də onlara məxsus xüsusiyyətlərlə – assimmetrik əlamətlərlə doğulur. Məsələn, Qaraqaş bir cüt qara qaş şəklində, Ceyran yarı insan, yarı ceyran şəklində dünyaya gəlir. Belə əla​mət​lərlə doğulan uşaqlar qüsurlu hesab olun​​du​ğuna görə onlar çox vaxt vali​deyn​ləri tərəfindən qəbul olunmurlar. Yalnız hadisələrin sonrakı inkişafı zamanı hə​min əlamətlər aradan qaldırılır, bundan sonra onlar epik sosium daxilində yaşamaq hüququ əldə etmiş olurlar.

Azərbaycan bahadırlıq nağılla​rı​n​da fiziki güc qəh​​rə​ma​na, adətən, onun demonik mən​şəyindən keçir. Belə bir mənşədən məh​​​rum bahadırlar isə sonradan həmin var​lıq​ların himayəsi altında böyüməklə qeyri-adi gücə yiyələnirlər. Mə​sə​lən, Siman Simurq quşunun, “Ağ quş” nağılında isə qəhrəman şirin hima​yə​sin​də böyü​məklə qeyri-adi gücə yiyələnir.

Sehrli nağ​ıllarda qəh​rə​man qar​şı​ya qoyulan məqsədə sehrli əşya və köməkçinin köməyi ilə çatır. Köməkçinin qəhrəmanın əvə​zindən fəaliyyət gös​tər​​məsi onun passivləş​mə​sinə səbəb olursa, ba​ha​​dır​lıq nağıllarında əksinə, sehrli əşyaların nağıl struk​turundan çıxması və kö​mək​çinin funk​siyalarının daralması qəh​rə​​ma​nın aktivləşməsinə səbəb olur. O, qarşıya qoyduğu məqsədə fiziki gücü hesabına çatır.

Azərbaycan bahadırlıq nağıl​la​rında baş rolun ifaçısı, hətta antoqonist per​sonaj​lar belə xüsusi inisiala sa​hib fərdi obrazlardır. Söyləyici sehrli nağıllarda istənilən qəhrəmanı Məlikməm​məd adı ilə təq​dim edə bilirsə, bahadırlıq nağıllarında bu, müm​kün deyil​. Bunun səbəbi bahadırın daşıdığı adla onun xarakteri, nağılın məzmunu və poetik strukturu arasında bağlılığın olmasıdır. Daha də​qiq desək, ad hansısa bir əlamə​tinə görə – ya doğulma vəziyyətinə, ya şəxsi key​fiyyətinə, ya da sosial vəziyyətinə görə obraza verilir. Məsə​lən, Tap​​dıq yoldan tapıldığına görə, Qara​qaş bir cüt qara qaş şəklində doğulduğuna görə, "Ağ quş" na​ğı​lında isə qəhrəmana şirin hima​yəsində böyüdüyünə görə ad veri​lir. Adla obraz ara​sın​dakı bu bağlılıq obrazı fərdiləşdirir, onu fərdi bir perso​na​ja çe​vi​rir.