Şamdan
Nümunənin reyestr kodu : ST0702000014
Azərbaycanda qədim dövrlərdən evlərin işıqlandırılmasında mis və ya gildən hazırlanmış qara çıraq, qəndil, lopa başlıca yer tuturdu. XX əsrin əvvəllərinədək şəhərlərdə fəaliyyət göstərən xüsusi emalatxanalarda dəmirdən, misdən, hətta gümüşdən cürbəcür formalarda təkbaşlı, qoşabaşlı, üç, dörd və hətta beş-altı başlı, bərli-bəzəkli, naxışlı şamdanlar hazırlanırdı. Belə şamdanlar varlı, kübar evlərinin mühüm məişət ləvazimatı sayılırdı. Şamdan praktiki əhəmiyyəti ilə yanaşı, həm də ənənəvi məişətdə evbəzəmə əşyası sayılmışdır.
Şamdanlar xarici görünüşlərinə görə müxtəlif olmuşdur. Dulus şamdanlar əsasən dördbucaqlı kəsik piramidaformalı və şam keçirmək üçün bir neçə deşiyi olan şamdanlardan ibarət idi. Bu cür şamdanlar Mingəçevir yaşayış yerindən aşkar edilmişdir. Onlar həm hazırlanma texnologiyası, həm də naxışlarına görə bir-birindən seçilirdi.
Keçmişdə ev məişəti üçün gərək olan şamdanlar dulus məmulatı ilə yanaşı, tunc, mis və ya dəmirdən hazırlanırdı. Milli Azərbaycan Tarixi Muzeyində sərgilənən Səlcuq dövrünə aid iki ədəd kufi yazılı şamdanlar maraq doğurur. Bu şamdanlar tuncdan hazırlanmışdır. Şamdanlardan birinin ayaqları heyvan pəncəsi formasındadır, aşağı çıxıntısı ovaldır. Onun gövdəsi altıtillidir və gövdəsi nəbati ornamentlərlə işlənmişdir. Şamdanın gövdəsinin yuxarı və aşağı hissəsi həndəsi və epiqrafik ornamentlərlə bəzədilmişdir. Bu dövrə aid misdən hazırlanmış bir ədəd çıraqaltı da vardır. Gövdəsi və altlığı fiqurlu olan bu çıraqaltının üzəri nəbati təsvirlidir. İnsan ayaqlarına bənzər üç dayaqları vardır. Altlığın üzərində halqaları olan üç çıxıntı mövcuddur. Elə də yaxşı vəziyyətdə saxlanmamış, altlığının və dayaqlarının üzərində qopuqları vardır. Hündürlüyü 44 sm, ağzının diametri 12,5 sm-dir. Bu tip şamdanlar XI-XII əsrlərdə müsəlman şərqində, xüsusən də Mərkəzi Asiya və İran ərazisində geniş yayılmışdır.
Şirvanşahlar sarayının həyətində qazıntılar zamanı quyunun dibindən 4 metr dərinlikdən metal şamdan aşkar edilmişdir. Bu arxeoloji tapıntı həmin dövrdə metal çıraqlarla yanaşı şamdandan da istifadə olunduğunu göstərir. Şamdan mis təbəqədən döymə üsulu ilə düzəldilmişdir. Onun hündürlüyü 25 sm-dir. Bu şamdanın gövdəsi dairəvi formanı xatırladır. Oturacaqla gövdə arasındakı sahə isə xaricə doğru qabarıq düzəldilmişdir. Onun oturacağının altı dalğavaridir. Şamdanın 10 sm uzunluğunda olan borusunun en kəsiyi dairəvidir. Borunun ağzının kənarları yana doğru qatlanmışdır. Onun gövdəyə yaxın hissəsindəki qabarıq çıxıntı dilimli şəkildədir. Xarici görünüşü etibarilə çox gözəl hazırlanmış bu şamdan orijinal quruluşa malikdir. Maddi mədəniyyət qalıqlarına əsasən şamdan XII-XIII əsrin əvvəllərinə aid edilir.
Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənən şamdanlardan biri də diqqəti cəlb edir. Bu şamdan misdən hazırlanmış, içərisinə xüsusi qatlanan parça bərkidilmişdir. Diametri 30, hündürlüyü 8 sm olan bu şamdanlar asılarkən hündürlüyü təqribən 74 santimetrə çatırdı, bu zaman artıq qəndil rolunu oynayırdı.
Azərbaycanın İlk Orta əsr abidələrindən yan səthlərində müxtəlif ölçülü deşiklər açılmış şamdanlar tapılmışdır. Bu şamdanlarda üst hissə ilə oturacaq arası qazıma üsulu ilə vurulmuş bir-birinə paralel qarışıq naxışlarla bəzədilmişdir. Bundan əlavə, İlk Orta əsr abidələrindən müəyyən quruluşa malik olmayan, yuxarı səthində şam keçirmək üçün bir və ya bir neçə deşiyi olan şamdanlar da tapılmışdır. Mingəçevirin İlk Orta əsr abidələrindən tapılmış şamdanlar məişətdə geniş istifadə edilmişdir. Həmin şamdanların bəzilərinin üzərində hələ də oxunmamış alban yazıları vardır.
Ağqoyunlu dövründə Təbrizdə bürüncdən döymə, cızma və xatəmkarlıq üsulu ilə bəzədilən şamdanlar istehsal olunurdu. XIII-XIV yüzillikdə düzəldilmiş oturacağı enli, yuxarısı getdikcə daralıb borunu andıran bu tipli şamdanların bir çox nəfis nümunələri hazırda ABŞ, İngiltərə, İtaliya və Türkiyə muzeylərində saxlanılır. Bu şamdanların tarixi, bədii xüsusiyyətləri ilə məşğul olan Amerika alimi Raysın 1954-cü ildə Vaşinqtonda “İslam incəsənəti” toplusunda dərc edilmiş məqaləsində bunların bir qrupunun Azərbaycanda düzəldildiyi sübuta yetirilir.