AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Güyüm

Nümunənin reyestr kodu : ST0702000012

Azərbaycanda ənənəvi olaraq nisbətən ağır yükləri xurcun, yaxud heybəyə doldurub beldə və çiyində daşımışlar. Su, süd, ayran, şərbət, gülab və s. məhsulları əldə və beldə daşımaq üçün müvafiq formalı qablardan (səhəng, güyüm, tayqulp, dolça, aftafa, satıl, sərnic, abgərdən, gülabdan, kuzə, cürdək, bardaq, tuluq və s.) istifadə olunmuşdur və bu ənənə yaxın keçmişədək davam etmişdir. Beldə su daşımaq üçün bir sıra saxsı qablar – “bardaq”, “cürdək”, yaxud “səhəng”, “güyüm” və s. maye qablarından istifadə olunmuşdur. Həm səhəng, həm də güyüm ilkin dövrlər dulus materialından hazırlanmışdır.

Azərbaycanda “güyüm” dedikdə dulus materialından hazırlanmış saxsı borular da nəzərdə tutulmuşdur. Xüsusən Orta əs şəhər yerində aparılmış qazıntılar zamanı içməli su və çirkli suların axıdılması üçün nəzərdə tutulan saxsı güyümlər üzə çıxarılmışdır. Su itkisinə yol verməmək üçün şəhər daxilində saxsı borulardan, yəni xüsusi quruluşlarına görə seçilən güyümlərdən geniş istifadə olunmuşdur. Kəhrizlərdə suyun paylanması (kəhrizdən qollar ayrılması), dövrü üçün yüksək standartlarda hazırlanmış güyümlər, gil borular vasitəsilə həyata keçirilmişdir.

Həm şəhər, həm kənd əhalisinin geniş istifadə etdiyi səhəng və güyüm tipoloji cəhətdən su qablarının ən kütləvi növü idi. Bir sıra hallarda varlı ailələr misgərlərə “buyurtma” üsulu ilə güyüm sifariş verirdilər, bu güyümlərin üzərinə ənənəvi naxışlar döyülür, dini ifadələr, klassik poeziya nümunələri yazılır, hətta qızılla işlənirdi.

Səhəngin gövdəsi silindrvari, güyümün gövdəsi isə girdə formada düzəldilirdi. Səhənglə su çiyində və beldə, sarıma üsulu ilə daşınırdı. Əsasən misdən hazırlanan, həcmcə nisbətən iri güyümün kənarına qulp qoyulur, əksər hallarda qapaq əlavə edilirdi. Güyüm çiyindən sallanmaqla yançaqda gütürülürdü. Güyüm uzun müddət su saxlamaq üçün də əlverişli qab sayılırdı, bu qabdan ocaq üzərində su qaynatmaq üçün də istifadə olunurdu.

Güyümün istehsalı digər mis məmulatlarının emalı ilə eyni idi. Metalişləmədə dayaz qablar (məcməyi, sini, teşt, döyrə, ləyən, nimçə və s.) lavaşadan düzəldilməklə “xara” adlanırdı. Bundan fərqli olaraq, dərin qabları (qazan, güyüm, səhəng, farş, taskababı, satıl, sərnic və s.) hazırlamaq üçün lavaşa əlavə texnoloji proseslərdən keçirdi. Bu səbəbdən belə qabların istehsalı “izafə” adlanırdı. İzafə məmulat hazırlamaq üçün qabın hissələrinə müvafiq olaraq əvvəlcə lavaşa döyülüb çökək hala salınır, sonra “pəstaha” edilirdi. Güyümün hissələri ayrı-ayrılıqda hazırlandıqdan sonra calaq üsulu ilə birləşdirilib lehimlənirdi. Lehimləmədən sonra çarxa verilərək onun səthində qalan çəkic izləri itirilib hamarlanırdı. Mis qablar paxır verməsin deyə, bir qayda olaraq, qalaylanırdı. Onlardan fərqli olaraq güyüm və səhəngin içərisi qalay əvəzinə çox vaxt ərinmış mum ilə örtülürdü.

Azərbaycanın əksər bölgələrində güyüm dedikdə səhəngə oxşayan mis qab başa düşülür. Naxçıvanda güyüm “bulqan” və ya “tumbul” adlandırılmışdır. Güyümün böyük və hündür dəndəli növü isə “fəşir” adlanırdı.

Güyüm təkcə maye daşımaq üçün deyil, eyni zamanda gülab hazırlanmasında da istifadə edilmişdir. Gülab çəkmək üçün təxminən 20 litr tutumu olan güyümdən, qazandan (qazan qapağı), borulardan avadanlıq quraşdırılmışdır.

İnanca görə, qız səhəngi, güyümü çiyninə alıb bulaqdan su daşıya bilirdisə, evlənmək yaşına çatmış hesab olunurdu. Yuxuda su ilə dolu güyüm görmək xeyrə, boş güyüm görmək isə ziyana yozulurdu.

Su daşınması və saxlanması üçün yeni və müxtəlif materiallardan hazırlanmış qabların istehsalı güyümlərin sıradan çıxmasına gətirib çıxarmışdır.