AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Badya

Nümunənin reyestr kodu : ST0702000008

Azərbaycanın ənənəvi qablarının əksəriyyəti varislik prinsipi üzrə inkişaf etmiş, zaman keçdikcə hazırlandığı materiala görə fərqlənsə də, quruluşca oxşarlığını saxlamış və eyni təyinat üzrə istifadə olunmuşdur. Metal qabların forma və çeşidlərinin yaranıb təkmilləşməsində yerli saxsı qab nümunələri mühüm rol oynamışdır. Mis qab nümunələrinin böyük əksəriyyəti isə saxsı qablar əsasında yaranmışdır. Kasa, cam, nimçə, aftafa, güləbdan, badya, xeyrə, sərnic, satıl, qablama, dolça və s. bu qəbildəndir.

Yeməyi süfrəyə vermək üçün istifadə olunan badya dulus və misdən hazırlanmışdır. Badya məişətdə duru xörəklərin, ağartı məhsullarının hazırlanması və süfrəyə verilməsində istifadə edilmişdir. Ənənəvi olaraq, badyalar da digər süfrə qabları kimi vəqf olunaraq məscidlərə bağışlanır, el-obanın xeyir-şər məclislərində istifadə edilirdi. Badya sərniclə müqayisədə daha geniş ağızlıdır, əsasən bir, bəzən iki qulplu olur.

Azərbaycanın qədim dulus badyalarının ən xarakterik nümunələri Nüydi qazıntılarından aşkarlanmışdır. Bu qablar torpaq qəbirlərdən kütləvi şəkildə tapılmışdır. Onların ağzı dairəvi formada, gövdəsi bir qədər şişkin, oturacaqları isə düzdür. Ağzının kənarı düz, əsasən xaricə doğru əyilmiş şəkildə hazırlanmışdır. Qırmızı rəngdə olan bu qablar təkqulplu və ikiqulpludur. Onların əksəriyyətinin bir tərəfi, əsasən oturacağı odun təsirindən qaralmışdır. Sankt-Peterburq Dövlət Ermitajının Qafqaz şöbəsində saxlanılan həmin qablar m.ə. III-miladın III əsrlərinə aid edilir.

Süd sağmaq, qatıq çalmaq və s. üçün istifadə olunan badya saxsı ilə yanaşı, misdən də hazırlanmışdır. Orta əsrlərdə belə qablar əsasən misgər dükanlarında istehsal edilirdi. Mis badyaların üzəri ənənəvi naxışlarla bəzədilir, şairlərin qəzəllərindən misralar yazılır, altına sənətkarın adı həkk olunurdu. Mis badyaların ağzının diametri, adətən, 35-43 sm, oturacağının diametri 13 sm-17 sm, hündürlüyü 21-25 sm olurdu.

Orta əsrə aid qazıntı məskənlərinin tapıntıları arasında yarımkürəvi gövdəsi, xaricə qatlanmış ağzı olan metal badya nümunələrinə də rast gəlinir. Məsələn, Şəmkir qazıntıları zamanı tapılmış dəmir badyanın hündürlüyü təqribən 25 sm, diametri 21 sm-dir. Yastı oturacağı, bikonik gövdəsi vardır.

Badyadan xalq empirik təcrübəsinə uyğun olaraq həm də “mey” çəkilməsində istifadə olunmuşdur. Bunun üçün ətirli bitkinin gövdə, çiçək və ya yarpağını qazanın ortasına qədər doldurub üzərinə təmiz su tökürdülər. Sonra onun içinə badya yerləşdirirdilər. Badyanın qazanın dibinə tam oturması üçün içinə ağır çaydaşı qoyulurdu. Bu halda badyanın ağzı qazandakı suyun səthindən bir qədər yuxarıda qalırdı ki, su qaynayarkən pıqqıldayıb badyanın içinə tökülməsin. Bundan sonra qazanın içinə tərsinə çevrilmiş sərpuş qoyulurdu. Şərpuşun sivri ucu badyanın ortasında qalır, ağzı isə qazanın ağzı ilə dodaq-dodağa kip dayanırdı. Qaynama prosesində buxarın kənara çıxmaması üçün sərpuşun kənarı ilə qazanın ağzının arasına əski parçası tıxanıb xəmirlənirdi. Qazan vam yanan ocaq üzərində qaynadıqca ondan qalxan ətirli buxar şərpuşun soyuq gövdəsinə toxunub su damcılarına çevrilir və axıb badyaya dolurdu.

Zəngin etnoqrafik mənbə rolunu oynayan “Kitabi-Dədə Qorqud” dastanında Oğuz bəylərinin süfrəsinə düzülən qabların bəzisi, o cümlədən badya haqqında məlumat vardır: “Ağzı böyük xümrələr ortalığa salınmışdı. Döquz yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər dizilmişdi, kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirərlərdi”.

İlaxır çərşənbənin “Vəsfi-hal” mərasimində iştirak etmək istəyənlər adətən təyin olunmuş evə toplaşırlar. Ortalığa eldə “dilək tası” adlanan su ilə dolu bir badya qoyulur. Çoxlu nəğmələr bilən mərasim ayininin aparıcısı iştirakçılardan üzük, sırğa, sancaq, oymaq və s. parlaq əşyalar alıb badyadakı suyun içinə salır, ağ yaylıqla qabın üstünü örtür, nəğmələr oxuyub badyadan əlinə keçən nişanı çıxarır. Nişanın sahibi oxunan nəğmənin məzmunundan özü üçün nəticə çıxarır, başqa sözlə, nəğmə tutulmuş niyyətin açarı olur. Azərbaycanda badya, satıl, sərnic və s. qablardan ölçü qabı kimi dəü istifadə olunmuşdur.

Azərbaycanın müxtəlif arxeoloji qazıntı yerlərindən çoxsaylı şirsiz saxsı məmulatı sayılan badyalar tapılmışdır. II Kültəpənin Orta Tunc dövrü təbəqəsinin alt qatlarından bəlli olan qablar, qırmızı üzərinə qara rənglə çəkilmiş düz və dalğalı xətlərlə naxışlanmışdır. II Kültəpənin bu mərhələyə aid qabları küpə və badya tiplidir. Ağız kənarı geri qatlanan küpələrin boğazı qısa, gövdəsi qabarıq və simmetrikdir. Badya tipli qabların ağzı bir qədər içəri yığılmışdır. Gövdəsi çiyin hissədə qabarıq olub, oturacağa doğru getdikcə daralır. Naxçıvan ərazisindəki Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan əldə edilən boyalı qablar da küpə, kasa, badya və çölməklərlə təmsil olunmuşdur. Qarabulaq nekropolundan (Köndələnçayın sağ sahili) qırmızı rəngli badya üzə çıxarılmışdır.