AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşsüzən

Nümunənin reyestr kodu : ST0702000003

Azərbaycan xalqının ənənəvi məişət avadanlıqları arasında xörək bişirilən mətbəx qabları, süfrə qabları, su və ağartı qabları başlıca yer tuturdu. Mətbəx qabları arasında dizə (saxsı çölmək), qazança, küvəc, piti dopuları, aşsüzən, həlimdan və s. ləziz milli xörəklərin hazırlanmasında müstəsna əhəmiyyət daşıyırdı. Xörək bişirilən qabların qazan, tava, sapılca, tiyan, kəfgir, aşsüzən, teşt və s. olmaqda müxtəlif tipoloji növləri fərqli materiallardan hazırlanırdı. Bunların hər birinin qulplu, qulpsuz, dəstəkli olmaqla müxtəlif çeşidli bir sıra növləri düzəldilirdi.

Düyüdən bişirilən plovlar və bəzi xəmir xörəkləri (əriştə, xəngəl) aşsüzən vasitəsilə süzülüb həlimdən çıxarılırdı. Ağzı gen, gövdəsi aşağı getdikcə daralan aşsüzənin səthi deşik-deşik olurdu. Xörəyin həlimi həmin deşiklərdən süzülüb çıxırdı. Çilovun suyunu süzmək üçün, adətən, aşsüzən boş qazan üzərinə qoyulurdu.

Ənənəvi olaraq misdən hazırlanan aşsüzənlər konusvari və silindrik formada olurdu. Konusvarı aşsüzənlər az yayılmışdır. Bunlar 22-26 sm diametrdə iki qulplu, dibi şəbəkəli, konusvari qazana bənzəyirdi. Yarımgirdə aşsüzənlər dəstəkli abgərdənə bənzəyir, onun gövdəsində çoxlu xırda deşiklər olur, diametri 14-20 sm idi.

Metalişləmənin sonrakı inkişafında mislə yanaşı, minalı polad, alüminum materiallardan da mətbəx qabları, o cümlədən aşsüzənlər hazırlanmışdır. Minalı polad qablar yaraşıqlı və nisbətən yüngül olduğundan, xərəyin rənginə və dadına təsir göstərmədiyinə görə istehlakçıların geniş rəğbətini qazanmışdır. Adətən minalı polad qablar soyuq ştamp üsulunda istehsal edilsə də, bəziləri (dolça, aşsüzən, vedrə) quraşdırma üsulunda hazırlanır.

Aşsüzənin kiçik növü “süzək” adlanır, bu qab dulus məmulatından və ya misdən döyülüb hazırlanırdı.

Aşsüzənlə bağlı ifadələr, deyimlər inanclarda da əksini tapır. İnsanlar inanmışlar ki, yuxuda aşsüzən görmək arzu-istəyin, niyyətin puça çıxmasıdır. İnanca görə, gecə evdən başqasına ələk, xəlbir, aşsüzən verməzlər, çünki onda mal-dövlətini vermiş olursam. Əgər buna məcbur qalıb versən, gərək əvəzinə bir şey alasan”. “Cırtdan” nağılında divi aşsüzənlə su gətirməyə göndərən cırtdan bu yolla özünü və yoldaşlarını təhlükədən xilas edir. Yaxud, “biz də bir kişi var, çoxluca gözləri var” kimi tapmacalar məişətdə xüsusi yeri olan aşsüzənin şifahi xalq ədəbiyyatında əks olunmasından soraq verir.

Aşsüzənin ilk nümünələri liflərdən, çübuqlardan hazırlanmışdır. Çubuqdan hörülən aşsüzən təsərrüfat və məişət əhəmiyyətini əsrlər boyu saxlamışdır. Eşmə və burma yolu ilə lifli bitkilərdən tələb olunan ölçüdə ciyə hazırlamaqla bağlama, hörmə, tikmə, və toxuma üçün zəruri texniki keyfiyyətlərə malik istehsal materialı əldə edilirdi. Azərbaycan dilinin Ağbaba şivəsindəki “sələ” sözü çubuqdan hörülmüş aşsüzən anlamında işlədilir, söyüd çubuqlarından hörülmüş aşsüzən nəzərdə tutulur. Sələ çox quruyanda çubuqlar arasındakı məsafə seyrəldiyindən bu ağac qabdan uzun müddət istifadə etmək mümkün olmur. Eyni zamanda aşsüzən Azərbaycanın müxtəlif bölgələrində çilovsüzən, çülosüzən (Naxçıvan), tuşpalan, süzək kimi tanınmışdır.

Formaca metal aşsüzənlərin eyni olan ağac və dulus aşsüzənlər də yerli ustalar tərəfindən hazırlanmış, məşətdə, yemək hazırlanmasında istifadə edilmişdir.

Tarixən Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc və s. olmuşdur. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilmişdir. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınmışdır.