Andlar
Nümunənin reyestr kodu : FL0102000001
Azərbaycanda andlar insanların qədim inam və etiqadları, dini təsəvvürləri ilə bağlı yaranan gündəlik danışıq etiketidir. Qəlib ifadələrdən təşkil olunan bu nümunələr nəsildən-nəsilə ötürülməklə günümüzə gəlib çatmış müəllifi bəlli olmayan parçalardır.
Azərbaycanda ünsiyyət vasitəsi olmaqla tərəflərin olmuş və olmalı hadisələrə münasibətini ifadə edən anda inam qədimlərdə daha güclü olmuşdu. İçilmiş andı pozmaq, ona əməl etməmək bağışlanmazdı. Qurana əl basıb and içənə sorğu-sual olmazdı. Vaxtilə ən mübahisəli məsələlər, otlaq sahələri üstündə münaqişələr məhz andla yoluna qoyulmuş, bir andla neçə-neçə faciənin qarşısı alınmışdı. Ümumiyyətlə, Azərbaycanda məişətdən tutmuş rəsmi mərasimlərədək bütün mərhələlərdə andlar işlədilir. Tərəflər arasında ittifaqın möhkəmləndirilməsi, bir şəxsin özünün günahsız olduğunu, hansısa fikrin həqiqiliyini təsdiqləmək istədiyi zaman andlara müraciət olunur.
Bəhlul Abdullanın yazdığına görə, andlar yalnız sözlə deyil, müəyyən mərasimlə də müşayiət olunur. İki şəxsin barmaqlarını çərtərək qanlarını bir-birinə qarışdırmaları və həmişəlik qardaş olacaqlarına əhd-peyman etmələri də qədim and nümunəsi sayılır.
Andlar iki yolla yaranır. Birincisi, müqəddəs sayılan varlıqlara içilən andlardır ki, belə andlarda dönməzlik, nəzərdə tutulmuş işi, mətləbi mütləq yerinə yetirmək, başa vurmaq qətiyyəti və iradəsi bir hökm kimi söylənir. Qədim inam və etiqadların izini daşıyan bu qəbil andlar indinin özündə də yaşamaqdadır. Məsələn, Azərbaycanda ta qədimdən Günəş, Ay, su, od, ocaq müqəddəs sayılmış, torpağa, çörəyə ehtiram bəslənmişdi. Bu da məişətimizdə indi də yaşayan “Günəşə and olsun”, “Aya and olsun”, “Su haqqı”, “Torpağa and olsun”, “Ocağa and olsun”, “Ocaq haqqı”, “İşığa kor baxım” və s. andların yaranmasına gətirib çıxarmışdı. Dini ehkam və duyğulardan irəli gələn, İslam müqəddəslərinə, ziyarətgahlara, pirlərə, ocaqlara aid andlar da bura daxildir: “Tanrı haqqı”, “Qurana and olsun”, “Yalan deyirəmsə, Quran qənimim olsun”, “On iki imama and olsun”, “Həzrət Abbas haqqı”, “İmam Hüseyn haqqı” və s.
İkincisi isə, müəyyən bir iş, əhvalatla bağlı söylənmiş fikrə, sözə şübhə ilə yanaşıldıqda deyilənlərin gerçəkliyinə inam yaratmaq üçün içilən andlardır.
Andın hər iki növündə söylənmiş fikirdəki mahiyyətin yalan yox, doğru olması andiçmə ilə təsdiqlənir. Bu səbəbdən andiçməyə həmişə ciddi yanaşılmış, yalandan and içməyin isə bədbəxtlik gətirəcəyinə inanılmışdı.
Müqəddəs sayılan varlıqlara, dini ehkam və duyğulara, İslam müqəddəslərinə, ziyarətgahlara aid andlar şifahi ənənədə daha işləkdir. Ümumi səciyyə daşıyan və geniş yayılmış bu nümunələrlə yanaşı, nisbətən dar çevrəli, qohumluq, doğmalıq, şəxsi münasibət ifadə edən andlar da çoxdur. “Atamın canına and olsun”, “Başın haqqı”, “Öz canım üçün”, “Atamın goru haqqı”, “Əziz canına and olsun” və s. Bu andlardan həyatda, qarşılıqlı münasibətdə tez-tez istifadə olunur.
Azərbaycanda andların ilk sistemli nəşri professor Azad Nəbiyev tərəfindən həyata keçirilmişdi. O, topladığı 290 and nümunəsini əlifba sırası tərtibatı ilə nəşr etdirmişdi. Həmin kitabda andlar 4 qrupa bölünmüşdü: 1. Yer adları və səma cisimlərinə içilən andlar; 2. Maddi nemətlərə içilən andlar; 3. Ailə üzvlərinə, əziz adamlara içilən andlar; 4. Pirlərə və ziyarətgahara, İslam dininin müqəddəslərinə içilən andlar.
Andlar, adətən, üç-dörd sözdən ibarət sadə cümlələrdən təşkil olunur. Cümlə and içilən obyekt və andı yaradan tərkiblərdən ibarət olur. Andların əksəriyyətində “and içirəm”, “and olsun”, “haqqı” söz tərkibləri işlənir. Qrammatik cəhətdən bitkin və bitkin olmayan cümlələrdən ibarət olan andlar iki sözdən başlayaraq beş-altı sözə qədər genişlənə bilir.