AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şal dəzgahı

Nümunənin reyestr kodu : SD0402000006

Azərbaycanda geniş çeşiddə istehsal edilən şal əsasən yer hanasında və mütəhərrik şal dəzgahında toxunurdu. Yer hanası bir cüt köndələn “dolağac”dan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi “ağız çubuğu”, “çarpaz çubuğu”, “asma ipləri” və taxta “qılınc” ilə tamamlanırdı.

Toxuma prosesi ərişin uzadılıb gücülənməsindən başlanırdı. Bunun üçün yumaqdan açılan əriş ipi bir-birindən xeyli aralıda yerə dövrələmə basdırılmış 4-5 ədəd payanın ətrafına qoşa halda dolanırdı. Payalardan birinin önünə “gücü ağacı” bağlanırdı. Hər dəfə qoşa ərişin bir tayı gücü ilgəyindən keçirilir, digər tayı ilgəkdən yan ötürülürdü. Şalın eninə kifayət edəcək miqdarda əriş əmələ gətirmə düzümü gücüləndikdən sonra orta payalar çıxarılıb kənar edilir, dolağac rolunu oynayan baş və ayaq payaları saxlanılırdı. Həmin payaların köməyi ilə əriş yerə çalınmış 2 cüt mıxçanın arasına üfüqi vəziyyətdə uzadılandan sonra “gücü ağacı”nın (ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alət) üzərində çatma qurulurdu. “Gücü ağacı” asma ipi ilə çatmadan asıldıqda əriş tayları alt və üst olmaqla iki qismə bölünürdü. Taylar qarışmasın deyə, onların arasına xüsusi çarpaz çubuğu salınırdı. Xırda kələfcə halına salınmış arğac ipi əriş taylarının arasından əl ilə keçirilirdi. İlk arğac ipi qılınc vasitəsilə qabağa çəkildikdən sonra çarpaz çubuğu “gücü ağacı”na doğru dala itələnirdi. Bunun sayəsində əriş taylarının alt-üst vəziyyəti dəyişdirilir və “arğac ipi” yenidən onların arası ilə geri qaytarılırdı. Hər dəfə “arğac ipi” əriş taylarının çarpazına düşdükcə qılınc vasitəsilə qabağa vurulub, bir-birinə yaxınlaşdırılmaqla sıxlaşdırılırdı.

Mütəhərrik şal dəzgahının yığcam quruluşu onu evin bir küncündə yerləşdirməyə imkan verirdi. Dəzgahın işlək hissələri (nirə, dəftin, külkə-bağara) təpkən üçün qazılmış xüsusi çala üzərində quraşdırılırdı. Təpkən qollarının arxa başı çalanın döşəməsinə basdırılmış daban kötüklərinin oxuna keçirilir, ortadan isə ciyə vasitəsilə nirələrə birləşdirilirdi. Təpkən taylarının sərbəst ucundan ayaqla basıb buraxdıqca dal və qabaq nirələr enib-qalxır və beləliklə də əriş taylarının çarpaz vəziyyətdə “ağız” açması təmin olunurdu. Təpkən çalasının qabaq tərəfində quraşdırılmış nəvərd bir cüt basdırma və “pəlkeş” adlanan ağac “işgil”in köməyi ilə fırladılıb idarə olunurdu. Parçanın toxunmuş hissəsini dolayıb yığmaq üçün “pəlkeş” deşikləri vasitəsilə nəvərd tələb olunan qədər fırladılır, yaxud toxuma prosesi zamanı sabit saxlanılırdı. Əriş tayları müəyyən qayda üzrə nirə və şanadan keçiriləndən sonra dəzgaha salınırdı. Bunun üçün əvvəlcə nirə və şana külkə-bağaralardan asılır, sonra ərişin işlək başı “kan çubuğu” vasitəsilə nəvərdə birləşdirilirdi. Əriş tellərinin digər sərbəst ucu basacaq ağacının altından keçirilməklə tavandan asılmış “midbər” və ya “ağac hərləmə”nin üstündən aşırılandan sonra yenidən aşağı endirilərək toxucunun sağ səmtində yerə çalınmış mıxçaya bağlanırdı. Şalbaf “nəvərd”in arxa tərəfindəki çalanın kənarına qoyulmuş döşəkcə üzərində oturub, təpkən taylarını ayaqla növbə ilə basıb-buraxmaqla nirələri hərəkət etdirirdi. “Külkə-bağara”lardan asılmış “nirə”lər təpkən vasitəsilə endirilib qaldırıldıqca əriş taylarının alt-üst mövqeyi dəyişərək “ağız” açırdı. Hər dəfə əriş çarpazları açılıb-yumulduqca məkik vasitəsilə onun arasına salınmış köndələn arğac ipi dəftinin ehmal zərbəsi ilə vurulub qabağa, əvvəlki arğacın yanına aparılırdı. Bu qayda ilə şal toxunduqca onun hazır hissəsi nəvərdə dolanır və ərişin xam hissəsi toxucunun önünə çəkilirdi.

Azərbaycanda üfüqi dəzgahların ayaqla işlədilən mütəhərrik növü eramızın I-III əsrlərində meydana gəlmişdir. Parça toxuculuğu üçün səciyyəvi olan bu tip dəzgahlarda arğac ipini əriş taylarının arasından keçirmək məqsədilə məkikdən istifadə olunması əmək məhsuldarlığını xeyli dərəcədə artırmışdır. Şal parça istehsalı yer hanası, mütəhərrik “şalbaf dəzgahı”, mahud dəzgahı vasitəsi ilə həyata keçirilmişdir.

XIX əsrdə Azərbaycanda şal məmulatının müxtəlif növləri hazırlanma üsuluna (təpmə şal, cecim), texniki keyfiyyətinə (yer şalı, Culfa şalı), xammal növünə (dəvəyunu şalı, keciqarışıq şal, güzəm şalı), habelə istehsal mərkəzlərinə (ləzgi şalı, Əlvənd şalı, Xınalıq şalı) görə də bir-birindən seçilirdi. Yer hanasında qadınlar tərəfindən toxunan yer şalı, əsasən, ailənin daxili ehtiyacına xidmət etməklə, əsrlər boyu ev peşəsi səciyyəsi daşımışdır. Ev toxuculuğunun bu bəsit formasında arğac ipi “qılınc” adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi. Ona görə də şalın bu növü xalq arasında “qılıncı şal” adı ilə də tanınırdı. Şirvanın bir sıra dağ kəndlərində (Ximran-Zəngi, Həftasiyab, Daxar-Mulux, Zarat-Xeybəri, Aşağı Zarat, Məlhəm və s.) asudə payız və qış aylarında hər bir ailədə “bazarı şal” toxunurdu.