AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yer hanası

Nümunənin reyestr kodu : SD0402000003

Azərbaycanda ənənəvi dəzgah toxuculuğu parça və xalça-palaz məmulatı istehsalı olmaqla iki istiqamətdə inkişaf etmiş, şaquli və üfiqi dəzgah növləri (“şərbaf dəzgahı”, “cecim dəzgahı”, “mahud dəzgahı”, “şal dəzgahı”, “kətan dəzgahı”, “xalça hanası”, “yer hanası”, “bağ dəzgahı”) yayılmışdır. Xalça-palaz məmulatının bütün növləri dik xalça hanasında, şal-parça toxuculuğu isə yer hanasında həyata keçirilmişdir.

Qadınlar tərəfindən yer hanasında toxunan şal, əsasən, ailənin daxili ehtiyacına xidmət etməklə, əsrlər boyu ev peşəsi səciyyəsi daşımışdır. Ev toxuculuğunun bu bəsit formasında arğac ipi “qılınc” adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi. Ona görə də şalın bu növü xalq arasında “qılıncı şal” adı ilə tanınırdı. Yer hanasının bəsit quruluşu onu kütləvi toxuculuq alətinə çevirmişdi. Xüsusilə səyyar elat məişəti üçün yer hanası ən münasib dəzgah növü idi. Qılınc istisna olmaqla dəzgahın digər hissələrini çox asanlıqla adi ağac budağı ilə, hətta hana mıxçalarını sabit dayanan hər hansı bir əşya (araba təkəri, alaçıq çubuğu, bitili ağac və s.) ilə əvəz etmək olurdu. “Qılıncı şal” istehsalında əmək bölgüsü hələ zəif inkişaf etdiyindən iş prosesinin, demək olar ki, hamısını (yunun yuyulması, darama, əyirmə, bükdürmə, boyama, toxuma) bilavasitə toxucu qadınlar özləri icra edirdilər.

Yer hanası bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri və taxta “qılınc” ilə tamamlanırdı. Toxuma prosesi ərişin uzadılıb gücülənməsindən başlanırdı. Bunun üçün yumaqdan açılan əriş ipi bir-birindən xeyli aralıda yerə dövrələmə basdırılmış 4-5 ədəd payanın ətrafına qoşa halda dolanırdı. Payalardan birinin önünə gücü ağacı bağlanırdı. Hər dəfə qoşa ərişin bir tayı gücü ilgəyindən keçirilir, digər tayı ilgəkdən yan ötürülürdü.

Şalın eninə kifayət edəcək miqdarda əriş əmələ gətirmə düzümü gücüləndikdən sonra orta payalar çıxarılıb kənar edilir, dolağac rolunu oynayan baş və ayaq payaları saxlanılırdı. Həmin payaların köməyi ilə əriş yerə çalınmış 2 cüt mıxçanın arasına üfüqi vəziyyətdə uzadılandan sonra gücü ağacının üzərində çatma qurulurdu. Gücü ağacı asma ipi ilə çatmadan asıldıqda əriş tayları alt və üst olmaqla iki qismə bölünürdü. Taylar qarışmasın deyə, onların arasına xüsusi çarpaz çubuğu salınırdı.

Xırda kələfcə halına salınmış arğac ipi əriş taylarının arasından əl ilə keçirilirdi. İlk arğac ipi qılınc vasitəsilə qabağa çəkildikdən sonra çarpaz çubuğu gücü ağacına doğru dala itələnirdi. Bunun sayəsində əriş taylarının alt-üst vəziyyəti dəyişdirilir və arğac ipi yenidən onların arası ilə geri qaytarılırdı. Hər dəfə arğac ipi əriş taylarının çarpazına düşdükcə qılınc vasitəsilə qabağa vurulub, bir-birinə yaxınlaşdırılmaqla sıxlaşdırılırdı.

Cecim istehsalında başlıca yeri üfüqi dəzgahlara aid edilən yer hanası tuturdu. XIX əsrin ikinci yarısından satlıq cecim istehsalının artması nəticəsində üfüqi cecim dəzgahının quruluşunda bəzi dəyişikliklər edilmişdir. Nirə və şanalı dəftin cecim toxuculuğunda tətbiq ediləndən sonra əmək məhsuldarlığı xeyli yüksəlmişdir. Cecim dəzgahında taxta “qılınc”ın dəftin ilə əvəz olunması, nirə sistemindən istifadə edilməsi, sabit dolağac əvəzinə pəlkeş vasitəsilə fırladılan mütəhərrik nəvərddən istifadə olunması XIX əsrin sonlarında kecitoxuma texnikasında baş verən mütərəqqi irəliləyişlər idi.

Azərbaycanda üfüqi dəzgahların ayaqla işlədilən mütəhərrik növü I-III əsrlərdə meydana gəlmiş, nirə və şana sisteminə malik, təpkənli toxucu dəzgahları yayılmışdır. Bu faktı erkən orta əsrlərə aid arxeoloji qazıntılardan əldə olunan parça qalıqlarının texnoloji təhlili də aydın göstərir. Parça toxuculuğu üçün səciyyəvi olan dəzgahlarda arğac ipini əriş taylarının arasından keçirmək məqsədilə məkikdən istifadə olunması əmək məhsuldarlığını xeyli artırmışdı.