Qaval
Nümunənin reyestr kodu : ST0804000002
Qaval bir üzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlamışdır. XVI əsrdən sonra saray musiqi məclislərində daha geniş istifadə olunmağa başlamışdır. Tədqiqatçılar bunu bu dövrdə Azərbaycanda muğam sənətinin sürətli inkişafı ilə əlaqələndirmişlər. Təsadüfi deyil ki, qaval alətindən əsasən muğam ifaçıları – xanəndələr istifadə etmişlər. Abbasqulu Nəcəfzadənin yazdığına görə, xanəndələr oxuduqları mahnıların, təsniflərin və ya tar ilə kamançanın çaldığı rənglərin, diringilərin, dəramədlərin, rəqslərin və s. ritmini, vəznini, ölçüsünü qaval aləti vasitəsilə saxlamışlar. Müəllifin dediyinə görə, xanəndələr qavaldan həm də ilhamverici alət kimi istifadə etmişlər. Belə ki, onlar oxuyarkən qavalı qulaqlarına yaxınlaşdırır, alətin dərisinin titrəyişindən alınan əks-sədadan, rezonansdan ilhamlanaraq daha təblə oxumuşlar.
Qaval membranlı alət olsa da, idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov silkələnərək təkrarolunmaz səs tembri yaradır. Bir çox şərq ölkələrində onun müxtəlif ölçülü növlərinə rast gəlmək mümkündür.
Qavalın sağanağı qoz ağacından hazırlanır, sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğu üçün onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur. Qaval hər iki əllə tutularaq barmaqlarla və şapalaqla ifa edilir.
Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəramət, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir.