Dəf
Nümunənin reyestr kodu : ST0804000005
Bir üzlü zərblə çalınan bir çox cəhətlərinə görə qavala, məzhərə qohumluğu olan alətdir. Tədqiqatçıların qənaətinə görə, bu alət yarandığı gündən etibarən Azərbaycan ərazisində istifadə edilmişdir.
Dəf ərəb mənşəli söz olub, dairə, çevrə mənasını verir. Bu musiqi alətindən XII-XIII əsrlərdə şənlik məclislərində istifadə olunduğu bədii ədəbiyyatdan bizə məlumdur. Klassik şairlərimizdən Xəqani, Nizami və Füzulinin əsərlərində dəfin quruluşu, zahiri bəzəyi və çalğı tərzinə aid məlumatlar verilmişdir. Saray musiqi məclislərinin təsvir olunduğu orta əsr miniatürlərində cəng, ney və bərbətdən ibarət alət qruplarının içərisində dəf də yer almışdır. Sazəndələr ansamblında dəf müşayiətçi rol oynayır. Dəf ritmik muğamların ifası zamanı nisbətən sərbəst rola malik olur, yəni solo alət kimi çıxış edir.
Dəf, bir üzü açıq, o biri üzünə dəri çəkilmiş dairəvi oval gövdədən ibarətdir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Sağanağa dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Dəfin diametri 250-260 mm, sağanağın qalınlığı isə 45-50 mm-dir. Barmağı dəriyə yüngülcə vurmaqla və ya yüngülcə silkələməklə səs yaranır.
Dəfdə ifa olunan ritmik fiqurasiyalar öz müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənərək, çox vaxt improvizasiya xarakteri daşıyır.
Bu alətin respublikamızda mahir ifaçısı S,Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti Məşədi Mahmud Səlah hesab olunur.