Kos (Böyük nağara)
Nümunənin reyestr kodu : ST0804000004
Bəzi regionlarda “çombaq nağara”, "toy nağarası" adı ilə tanınır. Diametri başqa nağaralara nisbətən böyükdür. Kos heç vaxt tək ifa olunmur. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara görə məhduddur. Böyük ölçülü çombaq nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurna ifaçıları dəstəsində istifadə edilir.
Kos iki ağac toxmağı hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız zurna ifalarında, yallılarda və el şənliklərində istifadə edilir. Kosun sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə təbii dəridən hazırlanır. Diametri 400-450 mm, hündürlüyü isə 500-550 mm-dir.
Şəkinin Böyük Dəhnə kənd sakini Zakir Məmmədov kos alətinin respublikamızda ən mahir ifaçısı hesab olunur.
Ümumiyyətlə, nağara Azərbaycanda geniş yayılmış zərb alətlərindən biridir. Onun miladdan öncə yaradıldığı ehtimal olunur. “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi klassik şairlərimizin əsərlərində bu alətin tez-tez adı çəkilir, onun təsviri verilir. XVII əsr Holland dənizçisi Yan Streys öz xatirələrində Şamaxı şəhərində olarkən səhərə qədər zurna və nağara alətlərinə qulaq asdığını yazırdı.
Nağaranın böyük nağara, bala nağara və cürə nağara kimi bir neçə növü vardır. Böyük nağara, başqa sözlə kos güclü səs tembrin malik olduğu üçün zurnaçılar arasında əsasən açıq havada istifadə olunur. İki zurna və kosdan ibarət ansambllar açıq havada olan rəqslərdə, yürüşlərdə və nümayişlərdə tez-tez kos alətindən istifadə edirlər.
Nağara alətinin tədrisində və ifaçılıq sənətinin inkişafında “Humayun” xalq çalğı alətləri ansamblının solisti Səlim Quliyevin böyük xidmətləri olmuşdur. Nağara üçün ilk tədris vəsaiti 1988-ci ildə F.Sadıqov və S.Quliyev tərəfindən hazırlanmışdır.