AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rübab

Nümunənin reyestr kodu : ST0803000007

Rübab Azərbaycanın ən qədim musiqi alətlərindən biridir. Simlərinin az olması, quruluşu, əksər növlərinin yalnız müşayiət üçün istifadəsi və ya monoton ifa üçün nəzərdə tutulması onun qədimliyini sübut edir. Bundan əlavə, Amudərya çayının yaxınlığında Termez şəhərinin ətrafında bizim eramızdan əvvəl III əsrə aid edilən rübab təsvirləri də bu alətin qədimliyini tarixi faktlarla sübuta yetirir.

“Rübab” ərəbcədə yaylı alətlərin hamısına verilən addır. Düzəltmək, birləşdirmək anlamına gələn “rabba” sözündən yaranıb. Bu söz mizrablı-dartımlı, yəni qısa səsli alətləri uzun səsli (kamanla çalınan) alətlərdən ayırmaq üçün istifadə olunurdu. Bəzi mənbələrdə rübabın ərəbcədən tərcümədə “buynuzlu ağac” mənasını verdiyi deyilir ki, bu da, çox güman, bu alətin bir növü olan Qoşqar rübabı ilə bağlıdır.

Rübabın hər xalqın musiqi mədəniyyətinə uyğun bir növü vardır: əfqan, tacik rübabı, özbək rübabı, qoşqar rübabı, pamir rübabı və s. Beləliklə, deyə bilərik ki, rübabın müxtəlif adlarla adlandırılmış növlərinə fərqli xalqların musiqi mədəniyyətində rast gəlirik. Ümumilikdə isə, rübabın 2 əsas növü vardır: kamanlı və mizrablı rübablar. Kamanlı rübabın iki simi olur. Diapazonu kiçik olduğu üçün o, əsas alətlərdən sayılmırdı. Əsasən, rəqqasları, müğənniləri müşayiət edən qeyri-peşəkar alət olduğu güman olnur.

Rübab haqqında Ü.Hacıbəyli “Şərq musiqisi haqqında Qərb alimlərin təfsiri” məqaləsində yazır: “Tellilərdən biri də kaman vasitəsilə çalınan rübabdır ki, təktelli və ikitelli olarmış. Özü də xanəndə üçün “dəm” tutulmağından ötrü çalınarmış. Sonra haman rübabdır ki, “Rəbək” namilə Avropaya köçüb, sonra “Füzula” adı ilə ki, yuxarıda zikr olundu, dəyişiklik keçirib, bu günkü vialon əmələ gəlir”. Bu cümlələrdən aydın görürük ki, Üzeyir bəy rübabı kamanlı alətlərin əcdadı hesab edir, hətta günümüzün ən professional alətlərindən olan skripkanın da rübabdan yarandığı fikrini irəli sürür. Rübabın 2, 3 və 5 telli növləri olub. Beş telin dördü ipəkdən, biri isə gümüşdən olub.

Rübabın ən çox sevilən və geniş yayılmış növlərindən biri də Qoşqar rübabıdır. Qoşqar rübabının maraqlı görünüşü, texniki və dinamik imkanları, keyfiyyətli səslənməsi onun musiqiçilər tərəfindən xüsusi rəğbət qazanmasına səbəb olmuşdur. Rübabın bu növünün yuvarlaq formalı çanağı, uzun qolu, geriyə doğru əyilmiş kəlləsi olur. Bundan əlavə, membran üzlüyü, çanaq üzərində iki çıxıntısı olur. Bu çıxıntılar formaca heyvan buynuzuna oxşayır və bu alətə özünəməxsus forma verir. Qolundakı damardan hazırlanmış pərdələrin sayı 19-23 olur və bu pərdələr xromatik düzülür. Telləri kvarta və kvinta üzrə köklənir. I-II, IV-V tellər unison, III tel isə müstəqil olur. Alətin diapazonu 2 oktavadan çoxdur. Qoşqar rübabından həm solo, həm də müşayiətçi alət kimi istifadə edilir. Bəzən rəqqasları müşayiət üçün də istifadə olunur.

Beləliklə, rübab simli-dartımlı musiqi alətidir. Onun simləri qaramal buynuzundan qayırılan kiçik mizrabla səsləndirilir. Bir zamanlar bütün Yaxın Şərq xalqlarının musiqi məişətində geniş istifadə olunmuş bu alət hazırda əsasən Orta Asiya xalqlarında istifadə edilir.

Azərbaycanda rübab XVIII əsrdən etibarən unudulmağa başlamış və dövrümüzə gəlib çatmamışdır. Bu alət ilk dəfə bərpaçı alim Məcnun Kərimov tərəfindən keçən əsrdə bərpa olunmuş, sonralar Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən daha da təkmilləşdirilmişdir. Təkmilləşdirilmiş bu alət iki simdən ibarətdir. Birinci sim I oktavanın lya, ikinci sim I oktavanın re səsinə köklənib. Təkmilləşmiş rübabın çanaq hissəsi hind qozunun qabığından hazırlanıb, çanağın üzərinə mal ürəyinin pərdəsindən üzlük çəkilib. Menzura 365 mm-ə bərabərdir.