AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tütək

Nümunənin reyestr kodu : ST0802000003

Ən qədim nəfəsli musiqi aləti hesab olunur. Bir vaxtlar əsasən çobanların istifadə etdiyi musiqi aləti olmuşdur. Azərbaycanda tütəkdən orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir.

Tütəyin boruşəkilli gövdəsi ərik, qoz, tut və ya qamışdan hazırlanır. Uzunluğu 280-300 mm, diametri 20 mm-dir. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsilə gövdəyə üflənir. Sağ və sol əlin barmaqları ilə oyuqları açıb – bağlamaqla səs ucalıqlarını almaq mümkün olur.

Tütəyin səs tembri mülayim və məlahətlidir. Onun səs düzümü kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir.

Ölçüsünə görə tütək böyük (pikkolo) və kiçik (cürə) olur. Cürə tütəyin borusunun uzunluğu kiçik olduğundan digər tütəklərə nisbətən səsi qışqırıqlı çıxır.

Arxeoloji tapıntılara görə, Azərbaycan tütəyi çox qədim tarixə malikdir. Eramızın IV-V əsrlərinə aid edilən və albanlara məxsus zərif naxışlarla bəzənmiş tunc qab tapılmışdır. Qabın üzərində rəqqasə və çalğıçı rəsmləri arasında tütəyə oxşar musiqi aləti də təsvir edilmişdir. Xəqaninin, Füzulinin, Nizaminin əsərlərində də bu zərif musiqi aləti haqqında məlumatlar vardır.

Qədim tütəklərdən biri Azərbaycan Milli Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılır. XIX əsrdə düzəldilən bu tütəyin yuxarı hissəsi tut ağacından, aşağı hissəsi isə qamışdan hazırlanıb. Bu muzeydə habelə Azərbaycan dramaturgiyasının banisi, alim və filosof Mirzə Fətəli Axundova (1812-1878) məxsus tütək nümayiş etdirilir. Qamışdan hazırlanan bu tütəyin uzunluğu 230 mm, gövdəsinin xarici diametri 17 mm, daxili diametri isə 13 mm-dir.