Ərğənun
Nümunənin reyestr kodu : ST0803000008
Simli musiqi alətlərindən olan ərğənun Azərbaycanın unudulmuş çalğı alətlərindən biridir. Bəzi mənbələrdə bu alətin adı nəfəsli-körüklü alət olan ərğan ilə səhv salınır. Ərğənun rud formalı telli alətdir. Alətin çanağına aşılanmış və qara rənglənmiş ceyran dərisi çəkilib. Çanaq isə içiboş qabaqdan ibarətdir. Bu çanağa qısa qol pərçim edilib, üzərinə bərbətdə olduğu kimi bağırsaqdan hazırlanan pərdələr bağlanıb. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında “Əflatunun çalğı aləti qayırması” hissəsində Əflatunun ərğənun alətini necə düzəltməsi təsvir olunub. Nizaminin əsərlərində ərğənunun vəsfinə yer verilməsi bu alətin Azərbaycanda X-XII əsrlərdə geniş istifadə olunduğunu göstərir.
Ərğənun aləti sonrakı dövrlərdə istifadədən çıxdığı üçün müasir dövrə gəlib çatmamışdır. Müasir dövrdə ilk dəfə simli ərğənun aləti 2014-cü ildə A.Nəcəfzadənin təşəbbüsü ilə usta Musa Yaqubov tərəfindən düzəldilmişdir. Alətin bərpası üçün lazım olan eskizi rəssam S.Bədəloğlu “İsgəndər və onun məsləhətçisi” adlı miniatürdən bəhrələnərək çəkmişdir. Alətin sonrakı bərpa mərhələsi Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında həyata keçirilmişdir. M.Məmmədov S.Abdullayevanın kitabında verilmiş şəkildən çıxış edərək simli ərğənun alətini bərpa edərək təkmilləşdirmişdir. Laboratoriyada mizrabla ifa olunan ərğənun alətinin bərpası ilə bərabər yeni yaylı ərğənun aləti də yaradılmışdır. Bərpa edilmiş mizrablı ərğənunun parametrləri belədir: Menzura 646 mm, çanağın uzunluğu 300 mm, qolun uzunluğu 403 mm, kəllə uzunluğu 237 mm, böyük çanağın eni180 mm, kiçik çanağın eni 155 mm, çanağın hündürlüyü 85 mm, alətin ümumi uzunluğu 940 mm-dir.
Bərpa edilmiş ərğənunda çanağın üzünə dana dərisindən üzlük çəkilib. Xərək qoz ağacından, çanaq tut ağacından, kəllə və qol isə qoz ağacından hazırlanıb. Qol üzərinə düzülmüş 17 pərdə tarda və sazda olduğu kimi kapron saplardandır. Musiqi alətinin 6 simi olduğu üçün 6 aşığı vardır. Birinci qoşa simin diametri 0.22 mm, ikinci qoşa simin diametri 0.28 mm, ikinci tək simin diametri 0.55 mm, dördüncü tək simin diametri 0,77 mm-dir. Diapazonu 3 oktavadır.
Mizrablı ərğənundan fərqli olaraq, yaylı ərğənun alətinin çanaq hissəsinin üzü membran balıq dərisindəndir. Diz üstü şişin uzunluğu 35 mm-dir. Uzunluğu 95 mm olan simlər qoz ağacından hazırlanmış simgirə bərkidilmişdir. Alətin xərəyi də qoz ağacındandır. Xərəyin hündürlüyü 40 mm, eni isə 90 mm-dir. Kiçik çanaqda açılmış 2 dəlik çanaq içərisində yaranan səslərin xaricə çıxması üçün nəzərdə tutulub. Alətin 4 simi elə 4 aşığa da bərkidilmişdir. Simlərin diametrləri belədir: birinci sim 0.52 mm, ikinci sim 0.66 mm, üçüncü sim 0.90 mm, dördüncü sim 1.15 mm-dir. Simlər kamança alətində olduğu kimi mi-lya-mi-lya səslərindədir, lakin kamançadan 1 oktava aşağı səslənir. Diapazonu 3 oktavadan artıqdır, yəni böyük oktavanın lya səsindən ikinci oktavanın mi səsinə qədərdir. Yaylı ərqanunun kiçik çanağının üzü ağacdandır və materialı qoz ağacındandır. Qol və kəllə də qoz ağacından hazırlanmışdır. Köklənməsi kamança alətinin köklənməsi kimidir.