AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balaban

Nümunənin reyestr kodu : ST0802000004

Balaban – müştüklü və gövdəsi ağacdan (tut, qoz, ərik) hazırlanmış 9 (bəzən də 10) səs dəliyi olan nəfəs çalğı alətidir. Çalğı alətinin adı “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzəldilməsi) sözlərindən yaranıb. Bu alət digər nəfəs çalğı alətlərindən yumşaq səslənməsinə, tembrinə və texniki imkanlarına görə fərqlənir. Diapazonu iki oktavaya yaxındır (kiçik oktavanın “sol” səsindən II oktavanın “re”, bəzən “mi bemol” və “mi bekar” səslərinə kimi). Balaban həm orkestr və ansambllarda solo və müşayiətçi funksiya daşıyır, həm də aşıq yaradıcılığında aparıcı rol oynayır.

Balaban aləti ney, sümsü, bülban, musiqar və digər nəfəs alətləri ilə müqayisədə daha mürəkkəbdir və hazırlanması xeyli vaxt tələb edir. Ona görə tədqiqatçılar daha sadə olan sümsü və bülbanın inkişafının balaban alətinin yaranmasına zəmin yaratdığı qənaətindədirlər.

Səs tembrinə və texniki imkanlarına görə balabanın bir-birindən fərqlənən müxtəlif növləri vardır: alt balaban, aşıq balaban, neyçə balaban, tenor balaban, cürə (piccolo) balaban, bas balaban və adi balaban.

Adi balaban və ya saya balaban gövdəsi üzərinə naxış vurulmayan, alətin borusu üzərinə klapan sistemi tətbiq edilməyən sadə balabandır. Cürə balaban borusunun kiçikliyi ilə seçilir və qədimdə çağlı alətinin bu növündən müəyyən əlverişli məqamlarda istifadə edilib. Məsələn, “Şur” muğamının “mayə” və “sarənc” hissələri cürə balabanda daha gözəl səslənir. Aşıq balabanı digər balabanlardan çalğı üslubuna və ifa tərzinə görə fərqlənir, müştük vasitəsilə çalındığı üçün vızıltılı səsə sahibdir Tenor balaban alət borusu digər balabanlara görə uzun olan, üzərinə klapan sistemi tətbiq edilmiş çalğı alətidir. Keçən əsrin 80-ci illərində ortaya çıxan bu balaban orkestr və ansambllarda istifadə üçün nəzərdə tutulub. Alt balaban həcminə görə digər balabanlardan bir qədər böyükdür. Bəm səsi olan bu alətin gövdəsinin (borusu) üzərinə klapan sistemi tətbiq olunub. Bas balaban isə XX əsrin sonralarında hazırlanıb və xalq çalğı alətləri orkestrində istifadə olunur.

Balaban alətinin Azərbaycanda bir çox virtuoz ifaçıları olub. Onlardan biri də Ələkbər Əsgərovdur. O, Azərbaycan və xarici bəstəkarların əsərlərini balaban aləti üçün köçürərək öz ifaçılıq məktəbini yaratmışdır. Onun şəxsi arxivində əlyazma şəklində qorunub saxlanılan not yazıları arasında Mixail Qlinkanın “Ya pomnyu çudnoe mqnovenye”, Frans Şubertin “Serenada” əsərləri də vardır. Bu gün Şirzad Fətəliyev, Hakim Abdullayev, İlham Nəcəfov və digər balaban ifaçıları Ələkbər Əsgərov məktəbinin ənənələrini dünya səhnələrində yaşadırlar.

Balaban ifaçılıq ənənəsi ustaddan şagirdə ötürülməklə günümüzə gəlib çatmışdır. Belə ustadlar arasından Əli Kərimovun, Bəhruz Zeynalovun, Məmməd Hacıyevin, Abbas Nağıyevin, Mübariz Atayevin, Həsrət Hüseynovun və Ağasəf Seyidovun adını çəkmək olar.

Azərbaycanın görkəmli bəstəkarlarından Üzeyir Hacıbəylinin “Koroğlu”, Fikrət Əmirovun “Sevil” operalarında, Soltan Hacıbəyovun “Gülşən” baletində balaban aləti üçün yazılan solo epizodlara da rast gəlinir.