AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İpək

Nümunənin reyestr kodu : SD0700000002

İpək – təbii toxuculuq lifləri və ipəkqurdu tırtıllarının ipək vəzilərinin ifraz etdiyi məhsula deyilir. İpəkqurdunun hazırladığı barama və ondan alınan ipək məhsulu kətan, yun və pambıqla yanaşı, uzun əsrlər boyu xalqımızın məişətində başlıca yer tutmuşdur. Azərbaycanda baramaçılıq məşğuliyyəti və bu zəmin əsasında ipək istehsalının hələ erkən orta əsrlərdə geniş yayıldığı məlumdur. İpək məhsulu əldə etmək üçün əvvəlcə ipəkqurdunun yem bazası yaradılır, sonra isə ipəkqurdu toxumları əldə edilirdi. İpəkqurdunun yem bazası yabanı şəkildə yetişən və mədəni olaraq salınan tut bağları olurdu. Bundan sonra ipəkqurdu toxumu satınalma yolu ilə əldə edilirdi. Azərbaycan şəraitində Türkiyədən alınan “Bağdad” növlü ipəkqurdu toxumu daha münasib hesab olunurdu.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda barama qurdunun Xorasan, İtaliya, Yaponiya, İstanbul, Fransa və müsəlman növləri də bəslənirdi. Müsəlman növünə “dədə-baba baraması” deyilirdi. İpəkqurdu toxumları həm satın alınır, həm də yerlərdə ənənəvi üsulla əldə edilirdi. İpək istehsalı üçün sonrakı mərhələ barama qurdu toxumunun oyadılması idi. Bu işlə əsasən qadınlar məşğul olurdu. Onlar balaca kisəciklərə qoyulub ağzı bağlanan barama qurdu toxumlarını qoyunlarında saxlamaqla oyadırdılar. Toxumlar bəzən çoban papağında, isti soba yanında da oyadılırdı. Vaxtaşırı qarışdırmaqla ona nəzarət edirdilər. Bəzən toxumu günəş şüaları altında oyadanlar da olurdu. XIX əsrdə məşhur təbiətşünas-alim H.B.Zərdabi hətta toxum oyadan və ipəksarıyan alətin modelini hazırlamışdı və bunlara görə 1889-cu ildə Tiflisdə keçirilən Qafqaz sərgisinin 3-cü dərəcəli diplomunu və bürünc medalını almışdı.

İpəkqurdu oyanandan sonra barama sarıyana qədər dörd yuxu və beş yaş dövrü keçirirdi: hər bir yuxu həm də qurdun yaş dövrü hesab olunurdu. Onlar yaşayış evlərində, xüsusi kümxanalarda, talvar və ev çardaqlarında, bəzən də tövlələrdə saxlanıb yemlənirdi. Qurd üçün iki dəfə – səhər və axşam yarpaq qırılırdı. Barama qurdunun 1-ci yuxusu “qara yuxu” (dərin yuxu, uzun çəkən yuxu), 2-cisi “cümsaz-cəmsaz” və ya “hacı yuxu”, 3-cüsü “kiçik yuxu”, 4-cüsü isə “ulu yuxu” adlanırdı. Dördüncü yuxudan sonrakı dövr 5-ci yaş dövrü hesab olunurdu. Birinci yaş dövrü 6 gün davam edirdi. Bu zaman qurdlara yarpaq doğranıb verilirdi. Dördüncü yuxudan 7-10 gün sonra qurdlar tut şaxına özləri çıxırdılar. Barama qurdunun toxumunun oyadılmasından onun baramasarıma vaxtına qədər olan dövr təxminən 35-40 gün çəkirdi. Sonda qurd az yeyir və sarımtıl rəngə çalırdı. Kümdarlar bu zaman onların yerini genişləndirir və yanlarına şax-budaqlar düzürdülər. Şaxa çıxan barama 5-6 gün şaxda qalib bərkiyəndən sonra onun yığımı başlanırdı. Bundan sonra onu dərhal günün altında qurudurdular, buna isə baramanın “boğulması” deyilirdi.

Əsrlər boyu barama sadə xalq üsulu ilə boğulmuşdur. Lakin XIX əsrin sonlarında buxarla işləyən ipəkəyirən fabriklərdə barama buxarla boğulmağa başlamışdır. Barama boğulduqdan sonra sabunlu suda qaynadılaraq “mancılıq” adlanan alət vasitəsilə açılırdı (ipək teli çəkilirdi). Bundan sonra o, “çarxto” adlanan dəzgahda tovlanaraq “kələf” halına salınırdı. Bu “xam ipək” və yaxud “xamna” adlanırdı. Dağılmamaq üçün xam ipək kələfləri “bağ” halına salınırdı. Boğulmuş baramanı seçib safından ipək teli çəkilir, xarabından isə “pilə” hazırlayırdılar. Pilə ən çox əl iyində əyirilirdi. Ümumiyyətlə, ipəkdən əyirmə üsulu ilə keci sap və telçəkmə üsulu ilə isə çəkmə (sarıma) tel əldə edilirdi.

Tarixi məlumatlardan aydın olur ki, XII əsrin sonuna qədər Azərbaycanın Bərdə, Beyləqan, Təbriz, Gəncə, Şabran şəhərləri xam ipək istehsalında üstün olsalar da, XIII əsrdən bu üstünlük Şirvana keçmişdir. Bu dövrdə Şirvan özünün ipək istehsalına görə nəinki Azərbaycanda, hətta Yaxın və Orta Şərqdə ən böyük mərkəzə çevrilmişdir. XV əsrin əvvəllərində Azərbaycanda olmuş səyyah və diplomat R.Klavixo göstərirdi ki, ən çox ipək istehsal edən Gilan və Şirvan əyalətləri idi. Onlar ipək ticarətində böyük üstünlüyə malik idilər. Hər il buraya ipək almaq üçün Genuya və Venesiya tacirləri gəlirdilər. XVI-XVII əsrlərdə də Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. XVII əsrin 30-cu illərində Azərbaycanda olmuş səyyah A.Oleari yazırdı ki, burada hər il 10-20 min tay xamna toplanırdı. Hər tay təxminən 5,5 pud idi. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşürdü. Onun da 40%-ni Nuxa (Şəki) qəzası verirdi. 1850-1861-ci illərdə yalnız Bakı quberniyasından Rusiyaya 106946 pud xamna göndərilmişdi. Göründüyü kimi, Azərbaycanda xam ipək istehsalı məmulatının bir hissəsi daxili bazarın ehtiyacını ödəməyə (xamnanın əsas müştəriləri şərbaflar – ipək parça toxuyanlar idi) sərf olunurdusa, bir hissəsi də satış üçün xarici bazarlara çıxarılırdı. İpək, bir qayda olaraq, parça (keci və xam ipək toxuculuğu) və xalça-palaz toxuculuğunda, tikmə sənəti nümunələrinin hazırlanmasında, xalq geyimlərinin yaxa, ətək, qol ağzı və boyunluğunun bəzədilməsində, toxuma və hörmə bəzəklərin, paltara vurulan müxtəlif bəxyə, tikiş və həşyələrin hasilə gətirilməsində xammal kimi üstünlük təşkil edirdi.