AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəst xalı-gəbə

Nümunənin reyestr kodu : SD0101000004

Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış və bir neçə dəstdən ibarət olan xovlu xalça nümunəsidir. Qarabağ bölgəsində evlər böyük və hündür olduğu üçün bu xalçalar həmin evlərin interyerinə uyğun olaraq uzun və enli toxunurdu. Uzunluğu orta hesabla 5 metr, eni isə 2,5 metrə qədər olurdu. Təmiz yundan hazırlanan bu xalçalar evlərin isidilməsində istifadə olunurdu. Dəst xalı-gəbə üç, dörd, bəzən isə beş xalçadan ibarət olurdu. Komplektə enli və uzun orta xalı (ortalıq), nisbətən ensiz iki yan gəbə (kənarə, yanlıq), yuxarı hissəyə sərilən başlıq, eləcə də aşağı hissəyə sərilən ayaqlıq xalça daxildir. Bu xalçalar bir-birindən sadəcə ölçülərinə görə fərqlənir, çeşniləri isə eynidir.

Dəst xalı-gəbələr əsasən “Balıq”, ”Qoca”, “Xanlıq” kompozisiyalarından ibarət olur. İlmələrinin sıxlığı 30x30-dan 40x40-dək çatır, xovunun hündürlüyü isə 7-9 mm-dir. Xalçalarda qırmızı, qara, sumağı rənglərdən istifadə edilirdi. Qarabağda vaxtilə gəlin köçən qızların cehizində mütləq “dəst xalı-gəbə” olurdu. Ona görə qız uşaqlarının hələ körpə yaşından onların cehizliyi üçün belə xalçalar toxunurdu.

Dəst xalı-gəbələr Qarabağ xalçaçılıq məktəbində toxunmuşdur. Azərbaycanın cənub-qərbində yerləşən bu məktəb iki regionda – dağlıq və aran zonalarında inkişaf etmiş, burada toxunan xalçalar ilmələrinin sıxlığı, yumşaq xovu və parlaq rəngləri ilə seçilmişlər. Bu xalçalar kompozisiya quruluşuna görə dörd yerə bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetlilər. Bu xalçalar əsasən Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu. "Bağçada güllər”, “Balıq “, “Buynuz”, “Bərdə“, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Ləmbəran”, “Muğan”, “Talış”, “Lampa”, “Malıbəyli”, “Xan Qərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta” və s. xalçalar bu məktəbin klassik nümunələri hesab olunur.