AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nəbati ornamentlər

Nümunənin reyestr kodu : DR0102040001

Ornament (latın sözü olub – bəzəmə, süsləmə, zinətləndirmə deməkdir) – müxtəlif əşyaların (avadanlıq, silah, mebel, geyim və s.), memarlıq abidələrinin, dekorativ-tətbiqi sənət nümunələrinin (ağac, metal, gil, şüşə və parçadan hazırlanan çeşidli məmulat və toxuculuq məhsullarının) bəzədilməsinə xidmət edən ritmik səciyyəli nizama salınmış elementlərdən təşəkkül tapan naxışdır. Nəbati ornamentlərin əsas elementini real və stilizə olunmuş bitki təsvirləri təşkil edir.

Nəbati ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir.

Azərbaycanda nəbati naxışlar içərisində ən çox yayılmışları aşağıdakılardır:

Güllərdən: lalə, qızılgül, qərənfil, süsən, nilufər və s.

Ağaclardan: sərv, nar, palıd və s.

Adətən, simmetriya əsasında qurulmuş nəbati naxışlarda budaqlar əsas ana xətt rolunda, “budaqlarda bitən” gül-çiçək və yarpaqlar isə tamamlayıcı ünsür kimi çıxış edir. Spiralabənzər budaq təsvirləri bəzədilən sahənin forması və ölçüsünə uyğunlaşdırılır. Ağac təsviri isə bir qayda olaraq kompozisiyanın ortasındakı geniş fon boşluğunun mərkəzində verilir.

Bəzəklə örtülən sənət nümunəsinin sahəsi böyük olduğu halda, mürəkkəb, dolaşıq formalı nəbati ornamentlərdən istifadə olunurdu. Bu tipli naxışları, adətən, yüksək ustalıq bacarığına malik peşəkar sənətkarlar, mahir xəttat, rəssam və ya nəqqaşlar icra edirdilər. Bu tipli mürəkkəb naxışlarda dəqiq simmetriya, uyğunluq və gözəl ritm hissi nəzərə çarpır. Mənşəyini təbiətdən alsa da, həndəsi qanunlar əsasında qurulmuş nəbati naxışlar həmişə yüksək zövqlü incəsənət əsəri sayılaraq bəzədikləri abidələrin bədii keyfiyyətinə başucalığı gətirmişlər.

Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Bu nəbati bəzək motivi (onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır) təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu. “İslimi” öz dinamik, sanki daima hərəkətdə olan rəsmi ilə dairəvi əşyaları (araqçın, arxalıq, çəpgən, don ətəkləri, süfrə və s.) bəzəyərkən xüsusilə gözəl və bədii görünür.

Nəbati ornamentlərin indiyədək tapılmış ən qədim (Eneolit dövrünə aid) nümunəsi Cənub-Qərbi Azərbaycanın Maku şəhərində aşkar edilmiş nəbati ornamentli çulla bəzədilmiş və gildən hazırlanmış at heykəli olmuşdur.

XIV- XVI əsrlərdə əyri xətli nəbati ornamentlərin inkişaf etməsi ilə xalçalarda çox saylı əyri dişli göllər meydana gəldi. Uzunsov, yastılaşdırılmış göllər Şirvan, Muğan xovlu xalçalarında və xovsuz xalça nümunəsi olan sumaxlarda əhəmiyyətli yer tutur. Yastılaşmış forma ərişin arğacdan daha sıx olduğu texnoloji prosesin nəticəsidir. Orta əsrlərdə uzunsov göllərə, bir qayda olaraq, dini məzmunlu şeirlər, ibrətamiz ifadələr, beytlər, emblemlər və ya rəmzi xarakterli təsvirlər daxil edilirdi.

Təbriz xalçalarında spiralşəkilli bəzəyin elastik, bir-birinə xəfif dolaşan formalara malik və çox zərif, mürəkkəb nəbati ornamentlərin təkmilləşdirilmiş sistemi hökmranlıq edir. Bəzək Təbriz xalçalarının ara sahəsində ya çox sıx paylaşaraq onun bütün yuxarı səthini tutur, ya da medalyon üslubu prinsipinə görə qurulur.

Şəxsi kolleksiyalarda, Londondakı Britaniya Muzeyində və İstanbuldakı Topqapı Muzeyində saxlanılan Səfəvilər dövrünə aid nəbati kompozisiyalı Azərbaycan xalçaları – “Xətai”, “Ləçək-turunc” və “Əfşan”; “islimi” və “bulud” kimi nəbati motivli xalçalar saxlanmaqdadır.