AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Oğul dağı, quyruq yarası

Nümunənin reyestr kodu : FL0110030002

Səfər adlı bir yoxsul kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi.

Səfər kişi bir gün genə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan səfər kişini görüb ayıldı, dedi:

– Ay kişi, bı biyan qazıyıb satmaqnan gündə neçə qazanırsan?

Səfər kişi köksünü ötürüb dedi:

– Ay başına dönüm, gündə bu biyan qazımaq ilən ikicə şahı qazanıram.

İlan dedi:

– Gündə iki şahı qazanmaq ilən külfətini necə dolandıra bilirsən?

Sən gündə maa bir qab süd gətir mən içim hər gün saa bir ləl verim, apar xırdala, dolan.
Səfər kişi baş üstə deyib, qızıl ilana baş endirib getdi.

Sabahı bir qab süd gətirdi, qoydu bir kolun dibinə. Qızıl ilan gəldi, südü içdi, ağzınnan bir ləl qabın içinə saldı getdi. Səfər kişi ləli götürüb sevinə-sevinə evinə gəldi. Apardı bazarda ləli xırdaladı, əvinə əyər-əskiy aldı.

Səfər kişi sabah yenə qızıl ilana süd apardı. Qızıl ilan gəldi, südü içdi, qaba genə bir ləl saldı, getdi. Səfər kişi ləli götürüb getdi, xırdaladı, genə evinə şey aldı. Səfər kişi bu yolnan hər gün ilana süd aparır, bir ləl alır, gözəl dolanırdı. Bir gün Səfər kişi qırx günlük səfərə gedəsi oldu. Oğlunu yanına çağırıb dedi:

– Ay oğul, mən səfərdən gələnə kimi hər gün anan südü sağsın, mən biyan çıxartdığım yerdəki kolun dibinə qoy. Bir qızıl ilan gələr, südü içər, qaba ləl salar gedər, sən ləli gətir, anan qoysun sandığa saxlasın.

Səfər kişi bu sözü deyib getdi səfərə. Sabahı oğlan bir qab südü sağdırıb apardı atası diyən kolun dibinə qoydu. Qızıl ilan çıxdı, gəldi südü içdi, qaba bir ləl saldı getdi. Oğlan ləli gətirdi anasına verdi. Oğlan sabah genə süd apardı, genə ləl gətirdi, oğlan bir neçə gün belə elədi, axırda bezikdi. Dedi:

– Elə bir yollux vırram, qızıl ilan ölər, bütün ləllərini gətirrəm evmizə.

Oğlan sabah bu fikirnən bir qab süd apardı, qoydu kolun dibinə. İlan gəldi südü içdi, bir ləl salıb qaba, qayıdanda oğlan vurdu, qızıl ilanın quyruğu qırıldı. Qızıl ilan çevrildi vırdı, oğlan yandı kül oldu.

Qırx gün tamam oldu Səfər kişi səfərdən qayıtdı. Oğlunu evdə görmədi. Arvadınnan oğlunu xəbər aldı. Arvad dedi:

– Bir neçə gün munnan qabax süd apardı getdi, geri qayıtmadı.

Səfər kişi tez süd götürüb gəldi, südü kolun dibinə qoydu. Qızıl ilan gəldi, südü içdi, ləl salmadı, getdi girdi yuvasına. Yüzünü çevirdi Səfər kişiyə dedi:

– Bir də buraya gəlmə, səni vurram, yanıb kül olarsan.

Səfər kişi qorxa-qorxa dedi:

– Mənim nə günahım var ki, vurub kül eləyirsən.

Qızıl ilan dedi:

– Munnan artıq nə günahın olacaq. Bizim aramızda olan sirri özgəsinə verdin, indi hanı mənim quyruğum, hanı sənin oğlun? Munnan sora bizim dostlığımız tutmaz. Sənin sinəndən oğul dağı getməz, mənim sinəmnən quyruq dağı getməz.

Qızıl ilan bunu deyib yuvasına girdi, yazıq yoxsul Səfər kişi də kor-peşiman evinə qayıtdı. Genə biyan çıxardıb kasıblığınan dolanmağa, ömür sürməyə, gün keçirməyə başdadı.
Göydən üç alma düşdü, biri bacadan baxanlara, biri nağılı söyləyənlərə, biri də nağıla qulaq asanlara.

Olar yedilər, içdilər, yerə keçdilər, biz yedik, içdik, dövrə keçdik.