AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tüfəng

Nümunənin reyestr kodu : ST0703000010

Vaxtilə Azərbaycanda həm çaxmaqlı, həm də pistonlu tüfənglərin (aynalı, süzəni, qoşalülə və təklülə) müxtəlif tipoloji növləri dəbdə olmuşdur. Tüfəngsazlıq sənətində işlənən istehsal ləvazimatı və əmək alətlərinin (“dəzgə” adlanan miz, onun başına bərkidilmiş ənbur, kötük, zindan, müxtəlif ölçülü sarğı milləri, çəkiclər, kəlbətin, simkeş, iskənə, yeyə, matqab, arşın, künyə, mıx, pinç və s.) böyük əksəriyyətini usta özü düzəldir, yaxud çilingər dükanlarından satın alırdı. Lülənin zağlanmasında istifadə olunan kimyəvi maddələr əczaçı dükanlarından, qara neft isə çarvadarlardan satın alınırdı. Çaxmaqlı tüfəng lülə, çaxmaq, qundaq və lülə yatağı olmaqla müxtəlif hissələrdən ibarət düzəldilirdi. Lülə və çaxmaq istehsalı ilə bilavasitə “lüləkeş” adlanan silah ustasının özü, qundağın hazırlanması ilə “qundaqsaz” məşğul olurdu. XIX əsrin əvvəllərində odlu silaha tələbat böyük olduğundan çox vaxt çaxmaq hazırlayan usta – “çaxmaqsaz” müstəqil işləyirdi. Kustar tüfəng istehsalı tənəzzülə uğrayandan sonra silahsaz nəinki lülə və çaxmaq düzəltməklə, habelə qundaq hazırlamaqla da özü məşğul olurdu.

Çaxmaqlı tüfənglərin metal hissəsi lülə və çaxmaq olmaqla iki hissədən ibarət hazırlanandan sonra ona sünbə əlavə olunurdu. Tüfəng lüləsi “yuvarlaq” və “tilli” olmaqla iki cür hazırlanırdı. Lülənin uzunluğu 105-110 sm, diametri “odluq” adlanan küp hissədə 3 sm, ucda 2,5 sm-ə çatırdı. Çaxmaqlı tüfənglərin lüləsinin içərisi, adətən, yivsiz düzəldilirdi. Azərbaycan silahsazlığında, lülə “sarıma” üsulu ilə hazırlanırdı. Bunun üçün ilk növbədə iki barmaq enində şığa düzəldilirdi. Şığa, bir qayda olaraq, biri dəmir, digəri polad olmaqla, bir cüt metal çubuqdan döyülüb hazırlanırdı. İstidöymə yolu ilə tapdanıb yastı hala salınmış şığa spiralvarı formada ülgü milinin üzərinə sarınırdı. Bunun üçün əvvəlcə ülgü mili və şığanın ucu birlikdə ənbura bağlanırdı. Tüfəng lüləsinin daxili boşluğunun ölçüsündən asılı olaraq, müxtəlif kalibrdə (24, 20, 16, 12, 8 mm diametrə malik) lülə milindən istifadə olunurdu. Sarıma əməliyyatı başa çatandan sonra usta ənburu boşaldır və ülgü milini pəstəha halına düşmüş sarğının arasından sıyırıb çıxarırdı. Sonra sarğı kürədə qızdırılaraq onun ara birləşmələri tənəkar, bürünc, sink və qalay vasitəsilə qaynaq edilib birləşdirilirdi. Qaynaqetmə əməliyyatı sayəsində sarğı boru şəklinə düşürdü. Lüləni tilli (8 və ya 6 guşəli) hala salmaq istədikdə onu təkrar ənbura qoşub üzərini əvvəlcə iri, sonra narın dişli yeyə ilə yeyələyirdilər. Lülənin odluq hissəsinin üst kənarında, adətən, nişangah məqsədi ilə 1 sm hündürlüyündə qövsvari “gəz”, onun ucunda isə kiçik “arpacıq” düzəldilirdi. Daban gəzinin ortasında açılmış dar deşik nişangah rolunu oynayırdı. İkinci mərhələdə lülənin daxili boşluğu yonulub hamarlanırdı. Sənət dili ilə bu əməliyyat “həddələmə” adlanırdı. Bunun üçün lülə yenidən ənbura bərkidilir və onun içərisi “həddə” adlanan yonucu alətlə yonulub hamarlanırdı. Lülə boşluğunun tam hamar olması üçün əvvəlcə onun içərisi iri dişli, sonra isə narın dişli həddə ilə yonulurdu. Yonma əməliyyatını asanlaşdırmaq və həddənin korşalmasına yol verməmək üçün iş prosesində arabir lülənin içərisi qara neftlə yaglanırdı. Lülənin həddələnmə əməliyyatı başa çatandan sonra atəş açılması, başqa sözlə, barıtı alışdırmaq üçün onun odluğunda matqabla dar deşik açılırdı.

Üçüncü mərhələdə lülənin xarici səthi işlənib hamar hala salınırdı. Bu məqsədlə onun səthi əvvəlcə yeyələnir, sonra sumbata ilə sürtülüb hamarlanırdı. Bəzən sifarişçinin tələbi ilə lülə həm də zağlanırdı. Bunun sayəsində onun estetik məziyyəti və əmtəə dəyəri xeyli artırdı. Tüfəng ustaları lüləni sulfat duzu (göydaş) vasitəsilə zağlayıb cövhərə tuturdular. Silah ustalarının verdiyi məlumata görə, keçmişdə Quba qəzasında lülə istehsalı sahəsində Suvacal kəndi bütün mahalda məşhur olmuşdu. Suvacal ustalarının hazırladığı zağlı lülələr yüksək keyfiyyəti ilə seçilirdi. Çaxmaqlı tüfənglər spesifik alışdırma sisteminə malik olduğundan onların çaxmağı pistonlu silahlardan köklü surətdə fərqlənirdi. Bu tip tüfənglərdə odluğa tökülmüş barıt çaxmaq daşından əmələ gələn qığılcım sayəsində od alırdı. Çaxmaqlı tüfənglər, bir qayda olaraq, sünbə vasitəsilə lülənin ağızından doldurulurdu. Keçmişdə çaxmaqlı tüfənglər dəbdə olan vaxtlarda atəşə ara verməmək üçün hər bir döyüşçüyə ayrıca “sünbəkeş” təhkim edilirdi. Atəş açmaq üçün şeytan vasitəsilə çaxmağı geri qanırıb odluğun deşiyinin üstünü açır və oraya barıt dəbbəsindən bir qədər barıt tökürdülər. Çaxmaq daşı tez qığılcım versin deyə çox vaxt ləpiyin ön hissəsinə də azca barıt sürtülürdü. Tətiyi çəkdikdə çaxmağın dabanı yaydan çıxır və ləpiyə toxunub qığılcım əmələ gətirməklə yanaşı, dərhal odluğun deşiyini qapayırdı. Qığılcımdan od tutan barıt yana-yana odluqdan “xəznəyə” keçir və oradakı barıtı alışdırmaqla atəş açılmasına səbəb olurdu. Sünbə və barıt dəbbəsi daim çaxmaqlı tüfənglərin yanında hazır saxlanırdı.

Pistonlu tüfənglər dəbə düşəndən sonra da çaxmaqlı tüfənglər özlərinin əməli əhəmiyyətini itirməmişdi. Sərrast atəşi və gülləsinin uzaq məsafəyə süzməsi ilə fərqlənən çaxmaqlı tüfənglər uzun müddət ov silahı kimi istifadədə qalmışdır.

Ov tüfənglərini (təklülə) Bakı, Gəncə, Dərbənd, Şamaxı, Şəki, Şuşa və Lahıcda yerli ustalar hazırlayırdılar. Tüfəng üçün qundaq hazırlayan xüsusi “qundaqsaz”lar olardı. Beləliklə də yerli ustaların hazırladığı təklülə “dayandoldurum” adlanan tüfənglər ovçular arasında daha geniş yayılmışdır. Kustar üsulla hazırlanan belə tüfənglərlə çox vaxt dəqiq nişan almaq olmurdu. “Dayandoldurum” adlanan bu ov tüfəngləri üçün güllə olmazdı. Bunu doldurmaq lazım gəldikdə müəyyən qədər barıt lülədən tökülür və üstündən əski qoyularaq bərkidilir, daha sonra isə qurğuşundan hazırlanan qırma, güllə və ya çarpara qoyulur və yenə də əsgi ilə bərkidilirdi. Belə tüfənglərlə atəş açıldıqdan sonra onu yenidən doldurmaq lazım gəlirdi. XIX əsrin sonlarından etibarən Tula silah zavodunda hazırlanan tək və qoşalülə ov tüfəngləri genış yayılmağa başlamışdır.

Azərbaycanda odlu silah istehsalı son orta əsrlərdə, həm də əxzetmə yolu ilə meydana gəlmişdir. Yerli silah ustaları odlu silahların (zənburək, tüfəng, tapança) hazırlanma texnologiyasını çox tezliklə mənimsəmişdilər. Lakin odlu silahlar arasında tüfəng istehsalı kütləvi səciyyə daşıdığından silahqayırma sənətinin bu sahəsi, əsasən, tüfəngsazlıq istiqamətində inkişaf etmişdir. Tüfəng ustaları müxtəlif sistemli döyüş və ov tüfəngləri, çaxmaqlı və pistonlu tapançalar hazırlayırdılar. Ustalar müxtəlif sistemli əcnəbi silahların təmiri ilə də məşğul olur və çilingər vəzifəsini yerinə yetirirdilər.

Ənənəvi silahqayırma sənəti, başlıca olaraq, şəhər və şəhər tipli qəsəbələrdə cəmləşmişdir. Son orta əsrlərdən başlayaraq mərkəzi dövlət nəzdindəki silah karxanalarından əlavə, ölkənin ayrı-ayrı bölgələrində fərdi silahsazlar da fəaliyyət göstərirdi. Yerli silahqayırma sənəti Rusiya işğalınadək davam etmişdir. Şimali Azərbaycan şəhərləri arasında Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi şöhrət qazanmışdılar.