AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qılınc

Nümunənin reyestr kodu : ST0703000005

Qədim və orta əsr hərb sənətinin ən kəsərli və geniş yayılmış yaraq növü xəncər və qılınc idi. Mənşə etibarilə xəncərdən törəyən qılınc tiyəsinin uzun və enli olması, habelə qəbzəsinin formasına görə ondan fərqlənirdi. Əlbəyaxa savaşın ən dəyərli, həlledici silah növü olmaq etibarilə qılınc hələ Tunc dövründə meydana çıxmışdır. Tunc qılınclar tökmə-qəlib üsulu ilə düzəldilməklə uzun tiyə və “qəbzə” adlanan qısa dəstəyə malik idi. Tunc qılıncların tiyəsi, adətən, düz və ikiağızlı hazırlanır, onların qəbzəsinin üzərinə ağac, sümük və ya mis üzlük çəkilib bəzədilirdi.

Qılıncın tili xəncərə nisbətən uzundur. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. Düz tiyəli qılıncın uzunluğu 80-90 sm, bəzən də 1-1,25 metr olurdu. Qılıncın qəbzəsinin hər iki üzünə ağac və ya sümük üzlük, bəzən bundan əlavə, qının ucuna xüsusi formalı metal ucluq bərkidilirdi. M.ə. I minilliyin əvvəllərindən etibarən qılınclar dəmir və poladdan istidöymə üsulu ilə hazırlanmağa başlamışdır. Erkən dəmir dövrünə aid qılıncların qəbzəsi tuncdan, düz və ikiağızlı uzun tiyəsi isə dəmirdən hazırlanmışdır. Antik dövr qılınclarının qəbzəsi dəmirdən, tiyəsi isə dəmirqarışıq poladdan düzəldilmişdir.

Uzun təkmilləşmə prosesi keçən qılınc uzun pazformalı kəsici tilə malik soyuq silah olub, metal tildən və dəstəkdən ibarətdir. Hər iki kənarı iti olan, yalnız tək kənarı iti olan və yalnız deşmək üçün istifadə olunan tipləri mövcuddur. Tiyəsinin formasına görə polad qılınclar əyri və düz tiyəli olmaqla bir-birindən seçilmişdir. Düz qılıncların hər iki tərəfi itidir. Əyri tiyəli qılınclar, adətən, birağızlı düzəldilirdi. Əyri qılıncların digərlərindən daha qısa və qövsünün içi iti olanlara “yatağan” və ya “gorda”, getdikcə enliləşərək daha ağır bir silah görünümündə olana isə “pala” deyilir. Ərəb işğalı dövründə Azərbaycanda “qəddarə” adlanan uzun və düz tiyəli qılınc növü xüsusilə geniş yayılmışdı. Qılınc, bir qayda olaraq, tiyəsinin formasına müvafiq qında saxlanırdı.

Qəbzə və tiyə arasında qılıncı tutarkən əlin sürüşməsinin qarşısını alan, əli zərbələrdən qoruyan sipər (qəbzə sipəri) yerləşir. Əyri qılınclarda tiyənin sırtı ilə iti ağzın birləşdiyi yerdə silahın hədəfə saplanması üçün “yalman” deyilən, iki tərəfi kəskin bir hissə vardır. Qılıncın tiyəsi dəri ilə örtülmüş taxta qılafın içində mühafizə olunur, qılınc qayışla belə yaxud çiyinə bağlanaraq daşınırdı.

Qılınc qalın zirehi deşməyə qadir olmalı idi. İlk zamanlarda nisbətən qısa düzəldilən qılınclar (0,8 sm-1 metr) sonralar daha uzun formada hazırlanmışdır. Belə uzun qılıncların zərbəsi ilə zirehli paltarı deşmək və düşməni asanlıqla öldürmək, yaralamaq mümkün idi.

Ağır və istifadəsi bilək gücünə əsaslanan düz qılınclardan fərqli olaraq, əyri qılınclarda biləyin hərəkəti önəm qazanır. Belə bir qılıncdan istifadə etmək təlim və ustalıq tələb edir. Qılıncdan istifadə edə bilməyənlər onu qıra bilərdilər.

Tunc dövründən etibarən soyuq silah növləri – xəncər, qılınc, nizə, təbərzin, cəng yabası və s. metaldan hazırlanmağa başlamışdır. Tuncdan hazırlanan soyuq silahların meydana gəlməsi hərb sənətinin inkişafına güclü təkan vermişdir. Azərbaycanda Dəmir dövründə də silahsazlıq sənəti inkişaf etmiş, xəncər, qılınc, nizələrin müxtəlif tipoloji növləri yaranmış, təbərzin və balta tipli soyuq silah növləri təkmilləşmiş, cəng yabası, toppuz, qanadlı ox ucluqları, mühafizə ləvazimatı (zireh, dəbilqə, qalxan və s.) meydana çıxmışdır.

Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir, Şamaxı, Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və əsləhə növləri – qılınc, xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları və s. aşkar edilmişdir. Ağsu rayonundakı Qırlar kəndi yaxınlığındakı şəhərgahda aparılmış arxeoloji qazıntılar zamanı qəbir abidələrindən aşkar edilən silah-sursat növləri xüsüsi maraq doğurur. Buradakı torpaq qəbirlərdən iki ədəd dəmir qılınc, iki ədəd xəncər, nizə və ox ucluqları, sümükdən düzəldilmiş kaman hissələri, ikibarmaqlı cəng yabası, sapand daşları, hətta kəsici silahları itiləmək üçün bülöv daşı da tapılmışdır. Arxeoloji abidələrdən aşkar olunmuş soyuq silahların zəngin tipoloji növü (nizə, cida və ox ucluqları, təbərzin, qılınc, xəncər, cəng yabası, dava köynəyi, dəbilqə, qolçaq, qalxan və s.) qədim Manna, Atropaten və Albaniya döyüşçülərinin yüksək hərb texnikasından və silahqayırma ustalarının səmərəli əməli təcrübəsindən soraq verir.

Soyuq silah və döyüş ləvazimatının sonrakı inkişafına poladın kəşf edilməsi xüsusi təkan vermişdir. Xüsusilə, antik dövrdən etibarən xaspolad əldə etmə texnologiyasının mənimsənilməsi ənənəvi silahqayırma istehsalının inkişafına səbəb olmuşdur.

XV əsrdə geniş yayılmış düz və enli qılınclar, sonrakı əsrlərdə əyri, ayparaya bənzər qızıl, gümüş və qiymətli sümük dəstəkli qılınclar daha çox yayılmağa başlamışdır. Orta əsrlərdə Təbriz sənətkarlarının metaldan düzəltdikləri odlu və soyuq silahlar, hərbi geyimlər bir çox ölkələrdə məşhur idi. I Şah Abbasın Londonda, ser Ullesin şəxsi kolleksiyasında saxlanan qılıncı dövrün silahsazlıq peşəsinin inkişaf səviyyəsindən xəbər verir. Həmin qılıncın dəstəyi qoç başı şəklində hazırlanmışdır.

Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam etdirilmişdir.