Bıçaq
Nümunənin reyestr kodu : ST0701000002
Bıçaq insanlığın inkişafına ən çox təsir göstərən əşyalar arasında ön sıralarda durur. Müasir dövrdə bıçaq dedikdə tiyəsi metaldan, tutacağı ağac, plastik və s. materiallardan hazırlanmış çoxfunksiyalı aləti təsəvvür edirik. Bıçağın əsas hissəsi kəsici tiyədən və sapdan ibarətdir. Kəsici hissə bərk materialdan hazırlanır, əsasən bir və iki ağızlı olur. İti və küt ağzın, yaxud iki iti ağzın birləşdiyi yer uc adlanır. Bıçağın uc hissəsi daha iti olur. Tək ağızlı hissənin əksində yerləşən hissə küt olur, bəzən müxtəlif funksiya yerinə yetirmək (məsələn, qabın ağzını açmaq) üçün küt hissəyə xüsusi bölmə əlavə edilir. Bıçağın burnu uc hissədən tutacağadək olan hissə, yanları isə bıçağın ucu ilə tutacağı arasında olan düz səthdir. Bəzən bıçağın ağzının sapa çox yaxın kiçik bir hissəsi küt olur, alətin itilənməsi bu hissədən sonra başlayır, eyni zamanda istifadə zamanı əlin zərər görməməsinə xidmət edir. Tiyə və ya til bıçağın kəsmə, deşmə, yonma işlərini yerinə yetirən hissəsidir. Müasir dövrdə bıçağın tiyəsi, əsasən, poladdan hazırlanır. Müasir dövrün texnologiyası əsasında bəzi bıçaqların tiyələri titan və seramikdən hazırlanır.
Bəzi bıçaqlarda tiyənin səthi boyu yiv açılır, bu tiyənin ağırlığını azaltsa da, əyilməyə, bükülməyə qarşı dözümünü sarsıtmır. Qılınc və xəncərlərdə rast gəlinən yiv bıçağı əlbəyaxa döyüş silahına çevirir, zərbənin daha ağır olmasına səbəb olur, düşmənin ciddi şəkildə yaralanmasına, qanaxmaya gətirib çıxarır. Yivli bıçaqlar müasir ordularda çoxfunksiyalı döyüş silahı sayılır. Yiv eyni zamanda bıçağa müəyyən estetik görünüş verir.
“Quyruq” bıçağın sap hissəsinə deyilir, bu hissə istifadə zamanı bıçağın əldə tutulmasını asanlaşdırır. Sap bıçağın iki yan səthinə pərçimlənir, yaxud bıçağın tiyəsinin bir hissəsi bütöv sapın içinə oturdularaq bərkidilir. Ağac, buynuz, sümük, dəri və s. bıçağın sapı kimi istifadə edilir, bu zaman müxtəlif üsullarla tiyəyə bərkidilir. Sapın başı əldən kənarda qalır, bu hissə bıçağın əldən çıxmasının qarşısını almaqla yanaşı, bıçağın ağırlıq mərkəzinin tarazlaşdırılmasına xidmət edir. Bir sıra hallarda bıçağın sapına, iti ağzına ən yaxın yerə metaldan hazırlanmış qövs (tək və cüttərəfli) lehimlənir ki, bu da sapı və əli qorumağa xidmət edir. Sapın boynu istifadə zamanı ovucun içində qalır. Bəzi döyüş bıçaqlarında sapın quyruğunda ip dəliyi olur, bura bıçağın əldən çıxmasının önləmək üçün ip keçirilir. Kəmərdə, qurşaqda gəzdirmək, eləcə də sahibinin zərər görməməsi üçün bıçaq dəri və ağacdan hazırlanmış qılıfa qoyulur. XIX əsrdə Azərbaycanda bıçaq üçün zərgərlik üsulları ilə bəzədilmiş xüsusi qılıflar hazırlanmışdır.
Təyinatına görə bıçaqların forma və istehsalı da fərqlənmişdir. Mətbəx bıçaqlarının tiyəsi poladdan, dəstəyi ağacdan hazırlanır. Belə bıçaqlarla ət, kartof, soğan, kələm, xiyar kimi qida məhsulları soyulub doğranılır. Bütöv tiyəli mətbəx bıçaqları ilə yanaşı, açılıb-bükülən (“qatlanma”) bıçaqlar çox vaxt cibdə gəzdirildiyindən “cib bıçağı”da adlanır. “Qəmə” qatlanmayan bıçaqların bir növü olub ölçüsünün kiçik olması ilə xəncərdən fərqlənirdi. Mətbəx bıçağından fərqli olaraq, qəmənin tiyəsi ikiağızlı olmaqdan əlavə, həm də ayrıca qında saxlanılırdı. Qəmə çox vaxt xəncər əvəzinə kəmərdən asılaraq fərdi soyuq silah növü kimi də işlənmişdir. Xəncər tiyəsi müxtəlif ölçülərdə düzəldilirdi. Bəzən qısa tiyəli xəncər növü “qəmə” adlanırdı. Qəmənin tiyəsi bir qədər qısa olub bıçaq kimi istifadə edildikdə “qəməlti” adlanırdı. Qəmədən fərqli olaraq, qəməlti kəsici əmək aləti olmaqdan əlavə, yeri gəldikdə sancma silah növü kimi də işlənirdi.
Azərbaycanın Paleolit abidələrindən aşkar edilmiş maddi mədəniyyət qalıqları, xüsusilə bəsit daş alətlər qədim sakinlərin ilk sənət-peşə həyatından soraq verir. İlk bəsit əmək alətləri qəlpələmə texnikası əsasında, zərbə üsulu ilə çaxmaq daşından hazırlanmış çapacaq tipli kobud çapma alətlərindən, dişəkləmə və gəzləmə üsulu ilə düzəldilmiş qaşov, iskənə, biz və bıçaqlardan ibarət olmuşdur. Azıx mağarasının III təbəqəsindən, onun yaxınlığındakı Tağlar mağarasından, Qazax ərazisində Damcılı və Daşsalahlı mağaralarından, Qazma (Naxçıvan), Zar (Kəlbəcər) və Buzeyir (Lerik) düşərgələrindən Mustye mədəniyyətinə aid minlərlə əmək alətləri, heyvan sümükləri aşkar edilmişdir. Tağlar sakinləri çaxmaqdaşı və dəvəgözü (obsidian) qəlpələrindən itiuclu, dişli, gəzli ərsinlər, lövhəvari bıçaqlar hazırlamışlar. Son paleolit abidələrindən (Tağlar, Damcılı, Yataq yeri) əldə olunmuş maddi mədəniyyət nümunələri, əsasən, çaxmaqdaşı, bazalt, obsidian və dolomitdən olub daha təkmil texniki üsullarla hazırlanmışdır. Bunların çoxu uzunsov qəlpələrdən düzəldilmiş mikrolit alətlərdən (bıçaq, biz, qaşov, kəski və s.) ibarət olmuşdur. Mezolit dövründə (m.ə. XII-VIII minilliklər) kiçik ölçülü (mikrolit) alətlərin – ox ucluqları, bıçaqlar, bizlər, çeşidli qaşov və kəsicilərin hazırlanması geniş miqyas almışdır. Eneolit dövründə ilk metal (mis) məmulatının (bıçaq, biz, iynə, sancaq, ox ucluğu) əldə olunması sosial-iqtisadi həyatda ciddi irəliləyişə səbəb olmaqla, ölkəmizdə tunc texnologiyasına keçidin əsasını qoymuşdur. Azərbaycanda ən qədim mis məmulatı Kültəpə, Qarğalar təpəsi, Əliköməktəpə, Şomutəpə, Göytəpə, Çalağantəpə adlı yaşayış yerlərində tapılmışdır. Bunların içərisində misdən hazırlanmış 20-dən çox əşya – biz, qıyıq, muncuq, bıçaq tiyəsi, ox ucluğu, bilərzik vardır. Metal məmulatı istehsalı sahəsində, o cümlədən, bıçaqçılıqda erkən başlanan ixtisaslaşma ilk sinifli cəmiyyət dövründə və ondan sonra gələn bütün Orta əsrlər boyu davam etmişdir.
XIX əsrdə Çar Rusiyası dövründə Qafqazda odlu silah istehsalının qadağan olunması ilə əlaqədar olaraq, soyuq silah istehsalı daha çox bıçaqçılıq, odlu silah istehsalı isə çilingərlik səciyyəsi kəsb etməyə başlamışdır. Sifarişlə işləyən silah karxanaları və divan emalatxanaları ilə yanaşı, sərbəst satış üçün xəncər-bıçaq istehsal edən fərdi dükanlar da fəaliyyət göstərirdi.
-
Şəmkir şəhər yerindən aşkar olunmuş bıçaqlar
Rəşid Bəşirov
2018
-
Azərbaycan dilində maddi mədəniyyət leksikası
Hüseyn Əsgərov
2008
- Tərtibçi və biblioqrafiya