AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Valeh və Zərnigar

Nümunənin reyestr kodu : FL0104020009

Aşıq Valehin həyatından bəhs edən avtobioqrafik səciyyəli dastandır. Dastanda qeyd olunur ki, sələflərindən gələn ustad-şəyird ənənəsini davam etdirən Aşıq Valeh özü də şəyird götürüb öyrədir. Sənətin sirlərinə dərindən bələd olmamış şəyirdi Səmənd ondan ayrılıb müstəqil aşıqlıq etmək həvəsinə düşür. Günlərin birində Dağıstana gələn Aşıq Səmənd Dağıstanın sayılıb seçilən aşıqlarından Zərnigar xanıma məğlub olur. Özünü itirmədən ustadı Aşıq Valehi xanıma nişan verir. Zərnigar xanım Aşıq Valehə açıq məktub yazıb onu Dağıstana söz meydanına dəvət edir:

Bir neçə aşığı eyləmişəm bənd,

Ayağında zəncir, boynunda kəmənd,

Adım Zərnigardır, məkanım Dərbənd,

Məni anar olsan, bu məkana gəl!

Məktubdan halı olan Aşıq Valeh ustadı Səmədin icazəsi ilə Dağıstana – Dərbənd şəhərinə gəlir. Zərnigar xanımla görüşür. Deyişməzdən əvvəl Zərnigar xanım Aşıq Valehlə şərt kəsir ki, əgər qalib gələrsə, onun boynunu vurduracaq, Aşıq Valeh qalib gələrsə, ona xanımı olacaqdır. Dastanın əsas hissəsini Aşıq Valehlə Aşıq Zərnigarın deyişməsi təşkil edir. Beləliklə, Aşıq Valeh Zərnigar xanımı söz meydanında məğlub edir, onun zindana atdığı aşıqları azad edir. Dağıstana getməzdən öncə Aşıq Valeh Sənəm adlı bir qızla nişanlı imiş. Aşıq Valeh Zərnigar xanımla birlikdə Gülablıya qayıtdıqdan sonra ustadı Aşıq Səməd Sənəmi öz kiçik oğluna alır.

Dastanda qoşma, gəraylı şeir şəkillərinə dair maraqlı nümunələr yer alıb. Zəngin xalq dilindən gələn aforizmlər, orijinal məcazlar aşığın yaradıcılığına xüsusi rövnəq verib.

“Valeh və Zərnigar” dastanının ilk variantı Hümmət Əlizadə tərəfindən yazıya alınıb. Bundan əlavə, dastanın şifahi ənənədən yazıya alınmış Aşıq Məşədi Dadaş, Tovuzlu Şair Vəli, Aşıq Balaca Balabəy oğlu, Aşıq Dədəkişi Hüseynqulu oğlu, Aşıq İbrahim, Aşıq Xaspolad, Aşıq Şəmşir, Aşıq Xosrov variantları da elmə məlumdur. Arazın o tayında da geniş yayılmış dastanın Xoylu Aşıq Qulamrza Əjdəri və Aşıq Əbüləli Nurinin ifasında iki variantı yazıya alınıb.

XVIII əsr aşıq yaradıcılığının ustad sənətkarlarından olan Kərbalayı Səfi Məhəmməd oğlu Aşıq Valeh təxminən 1722-ci ildə Qarabağın Abdal-Gülablı kəndinin “kənd qəriyyəsi” məhəlləsində doğulub. O, 1747-ci ildə Zərnigar xanımla ailə qurur. Bir əsrə yaxın ömür sürən aşıq 1822-ci ildə vəfat edir və bu kəndin “Gümbəzin Dərəsi” adlanan ərazisində torpağa tapşırılır. Zərnigar xanım isə 1840-cı ildə vəfat edir və Gülablı kəndinin qədim qəbiristanlığında həyat yoldaşı Aşıq Valehin yanında dəfn olunur.

Aşıq Valeh XVIII əsr ədəbi mühitində saz şeirinin qüdrətli məktəbini yaradıb, həmçinin bir sıra aşıq havalarının müəllifi kimi də tanınıb. Bunlardan “Zil qaytağı”, “Qaytağı” (buna “Qarabağ dübeyti” də deyirlər), “Baş sarıtel”, “Orta sarıtel”, “Qarabağ şikəstəsi”, “Qarabağ ləngəri” və digərlərinin adını çəkmək olar.

S.Mümtaz, H.Əlizadə, F.Mehdi, M.Həkimov, A.Nəbiyev, M.Qasımlı, M.Allah​manlı, S.Orucova Aşıq Valeh haqqında maraqlı tədqiqatlar aparıb, onun anadan olma və vəfat tarixini dəqiqləşdirməyə çalışıblar. Bu sahədə professor Mahmud Allahmanlının “Aşıq Va​lehin həyatı və yaradıcılığı” tədqiqatı diqqəti cəlb edir. Aşıq Valehin yaradıcılığı bu gün də tədqiqatçıların diqqət mərkəzindədir, onun ədəbi irsi maraqla araşdırılır. Professor R.Rüs​​təmzadənin “Aşıq Valehin həyat və yaradıcılığı” adlı elmi məqaləsi də bu qə​bildəndir.