Səyyad və Səadət
Nümunənin reyestr kodu : FL0104020018
“Səyyad və Səadət” dastanı bəzirganlar, zadəganlar aləmindən bəhs edən məhəbbət dastanlarımızdan biridir. M.Təhmasibin də yazdığı kimi, dastanda bəzirganlar aləmi xüsusi “məhəbbətlə, hüsn-rəğbətlə” ideallaşdırılmışdır. Dastan süjet xəttinə, kompozisiyasına, macəraçılıq xüsusiyyətinə, surtlərin mənəvi dünyasının zənginliyinə görə digər dastanlardan seçilir.
Dastanda Səyyad Əhməd tacirin nəzir-niyazla tapdığı yeganə oğludur. Anası Səyyadı hansı məktəbə, hansı peşəyə qoyursa, müəllimləri, ustaları ilə yolla getmir, qovulur. Əslində Səyyadın qovulması onun bacarıqsızlığından irəli gəlmir. O, o qədər itedadlı, fərasətli uşaqdır ki, oxuduğu məktəbdə müəllimlərini, işlədiyi yerlərdə ustalarını üstələyir. Bu səbədən də qovulur. Haqsız, yersiz yerə ustası tərəfindən danlandığı günlərin birində ağlayıb yatır, yuxuda Herat hakimi Fərrux Mirzənin qızı Səadət xanım ona buta verilir.
Butası dalınca yola çıxan Səyyadın başına yolda bir çox macəralar gəlir. Meşədə qulyabaniyə oxşatdığı bir şəxsə rast gəlir. Sonra məlum olur ki, o, iflasa uğramış bəzirgan oğludur. Ondan ayrılıb yoluna davam edən Səyyad Şiraz şəhərində Keçələ rast gəlir. Keçəl Səyyadın dostluqda nə qədər sadiq olduğunu yoxlayır, ondan sonra onlar möhkəm dost olurlar. Butasına qovuşmaqda Keçəl ona kömək edir. Səyyad Səadətin nişanlısı tərəfindən həbsə atıldıqda məhz Keçəlin köməyi ilə həbsdən çıxmağı bacarır. Keçəl Səyyadın atasını tapıb gətirir. O, Fərrux Mirzəni qızını Səyyada verməyə razı salır. Bu münasibətlə şənlik təşkil olunur. Şənlik zamanı məlum olur ki, Keçəl Səyyadın meşədə rast gəldiyi həmin bəzirgan oğludur. Səyyad onun da sevgilisini tapır və onları da muradlarına çatdırır.
Dastanın əsas iştirakçıları bəzirgan və tacir balalarıdır. Dastanın Azərbaycanda “Səyyadın nağılı”, “Yetim Səyyad” adı ilə tanınan variantları da vardır.
-
"Səyyad və Səadət" dastanı
Aşıq Abıl variantı
-
"Səyyad və Səadət" variantı
Aşıq Şərbət variantı
-
"Səyyad və Səadət" variantı
Aşıq Aslan Kosalı variantı
- Biblioqrafiya və tərtibçilər