AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mahmudla Nigar

Nümunənin reyestr kodu : FL0104020016

Sizə hardan xəbər verim, Gülşan şəhərindən. Kimdən, Xoca Yaqubdan. Xoca Yaqubun var-dövləti həddindən ziyadə idi. Bir oğlu vardı, adına Mahmud deyəllərdi. Mahmud çox savadlı, kamil bir oğlan idi. Hələ uşaq yaşlarından atası Mahmudu molla məktəbinə qoymuşdu ki, Mahmud savad alsın. Bir gün Mahmud məktəbdə ikən ona xəbər verdilər ki, atan səni çağırır. Mahmud atasının yanına o vaxt yetişdi ki, artıq atası ölüm yatağındadı. Atası Xoca Yaqub belə bir vəsiyyət elədi oğluna:

– Oğul, bizim bu Gülşən şəhərində heç kəsimiz yoxdur. Biz buraya gəlməyik. Sənə kim qohumam desə inanma! Bir də ki üç şeydən həmişə kənar ol! Qumar oynamaqdan, içki içməkdən, bir də pis yola getməkdən!

Atası bu vəsiyyətləri eləyib həyatdan köçdü, ömrünü bağışladı Mahmuda. Qırx haramı bşçısı eşidir ki, Xoca Yaqub ölüb, vardövlət qalıb Mahmuda. Bir gün ata süvar olub özlərini ağlaya-ağlaya yetirdilər Mahmudun qapısına. Mahmud deyir:

– Ay ana, bəs sən deyirdin bizim qohumumuz yoxdur. Bax gör nə qədər qohumumuz gəlib.

Qırx hərami başçısı gecəni xəlvət edib şərabdan qəm dağıdandı deyə piyalələrə süzdü və Mahmudu huşsuz edib nə qədər var-dövləti var idi, hamısını oğurlayıb apardılar.

Səhər açıldı, Mahmudun ağlı başına gəldi. Gördü lələ köçüb, yurdu qalıb. Anasını səslədi. Anası toyuq damından hay verdi. Anasını toyuq damından çıxardan Mahmud soruşdu:

– Ana, bu nə işdi?

Anası cavab verdi:

– Oğul, bəs atan sənə deməmişdi ki, bizim heç bir qohumumuz yoxdur.

Mahmudu anası Xoca Yaqubun vaxtı ilə ən yaxşı dostu olan Qazının yanına apardı. Qazı Mahmuda öyüd-nəsihət, həm də müəyyən qədər qızıl verdi ki, get çarvadarlıq elə, əlinə maya yığ, var-dövlətini topla.

Mahmud pulu da götürüb düşdü ki bazara alver eləsin, bir sarayın – həyətin yanından keçəndə gördü ki, saz səsi gəlir. Özünü verdi həyətə. Baxdı ki, bir aşıq çalıb oxuyur. Mahmudu musiqi o qədər aludə elədi ki, cibindəki qızılın hamısını toyda xərclədi. Axırda toy qurtaranda aşığa yanaşıb dedi:

– Bu aşıqlıqdan mənə sat.

Aşıq dedi:

– Oğul, bu sənəti satmırlar. Bunun üçün ya gərək 4-5 il şagird durasan, ya da üç rükət namaz qılıb əl götürüb Haqqa dua edəsən ki, ya Haqq, mənə bir eşq, ya da ki ölüm.

Mahmud aşıqdan ayrılıb özünü verdi bir gülşən bağçasına. Bağı aşıb yatdı, üstünə kimlər gəldi...

– Oğlum, haranı görürsən?

Mahmud dedi:

– İstanbul şəhrin və Həsən paşanın qızı Nigar xanımı.

– Daha haranı görürsən?

– Abud dağında Abud Qəmbəri görürəm.

– Oğul, get Nigarı sənə buta, Abud Qəmbəri sənə lələ verirəm. Bir çox əziyyətdən sonra mətləb muradına yetərsən.

Mahmud huşsuz halda bağda qalmaqda olsun. Anası Mahmudu iki gün axtardı, üçüncü gün gəlib həmin bağda tapdı. Uşağı qucağına alıb həmin Qazının yanına apardı. Qazı kitab açdı, vərəqlədi. Lakin heç bir səhifədə Mahmudun dərdinə and bir əlac görmədi. Anasına dedi:

– Vallah, bunun başına nə gəlməsi haqqında bu kitablarda heç nə görünmür.

Qazının bu sözündən ana fəryad elədi. Ananın fəryadına Mahmud gözlərini açdı və özünü uzanmış halda qazının və anasının qabağında gördü. Tez qalxıb üzr istədi qazıdan. Qazı dedi:

– Oğul, eybi yoxdur. Amma başına nə gəlib onu danış.

Mahmud bir talaşa parçasını saz əvəzinə əlinə alıb görək qazıya nə cavab verir (Tam mətni yüklə).