Lətif şah
Nümunənin reyestr kodu : FL0104020022
Dastan Çıldır aşıq mühitinin yetirməsi Aşıq Şenlik tərəfindən yaradılmışdır. Şenliyin “Sövdəgar şah və Gülənaz Soltan”, “Salman bəy və Durnatel Hanım”, “Məhəmməd və Güldənə”, “Əhməd və Gözəl” dastanları da olub, amma bunlar arasında ən çox seviləni və tanınanı “Lətif şah” dastanıdır.
“Lətif şah” klassik dastan ənənələri əsasında yaradılmışdır. Geniş lirik lövhələri, macəra səhnələri ilə diqqəti cəlb edir. Naxçıvanın Şıxmahmudlu kəndinin sakini Abdulla kişinin dediyinə görə, Lətif Şenliyin yaxın bir qohumunun adı imiş. Çox gözəl təbə malik Lətifin gənc yaşlarında ölümü Şenliyə çox təsir etmiş, ona görə qoşduğu dastanla onun adını əbədiləşdirməyə çalışmışdır. Türkiyəli araşdırıcılar isə dastanın yaranmasını başqa hadisə ilə əlaqələndirirlər. Doğan Kaya dastanın yaşlı bir dilənçi ilə kiçik Lətifin acınacaqlı durumlarından təsirlənərək yazıldığını qeyd edir. Onun dediyinə görə, Lətif Ağbaba bölgəsindən olur, atası şikəst olduğu üçün əmisi ilə pul toplamaq məqsədi ilə ətraf kəndləri dolaşırlar. Bir qış günü Aşıq Şenliyin olduğu kəndə gəlib çıxırlar. Yaşlı kişi ilə kiçik Lətifin acınacaqlı halı kənd sakinlərinə o qədər təsir edir ki, onlar Şenlikdən onların halına bir şeir söyləməsini xahiş edirlər. Şenlik duyğulu bir şeir söyləyir. Sonralar müəyyən əlavələr etməklə onu dastan şəklinə salır.
Dastanın sonunda verilən tapşırma bəndindən onun hicri tarixi ilə 1262-ci ildə (miladi təqvimlə 1884) qoşulduğu aydın olur.
Dastan həm Türkiyə, həm də Azərbaycan ərazisində geniş yayılmış, aşıqların repertuarında özünə geniş yer tutmuşdur. Dastanın Azərbaycandan iki variantı qeydə alınmışdır. Bunlardan biri Əhliman Axundov tərəfindən 1944-cü ildə Laçın rayonunun Minkənd kəndindən Aşıq Cəfər oğlundan yazıya alınmışdır. Digər variantı isə Əhliman Axundov tərəfindən Naxçıvanın Şıxmahmudlu kənd sakini Aşıq Məmmədəli Nəbiyevin dəftərindən üzü köçürülmüşdür. Aşıq Məmmədəli dastanı Aşıq Şenliyini şəyirdlərindən biri olmuş Şıxmahmudlu Aşıq Abdulladan yazıya almışdır. Dastanın variantları arasında ciddi fərq yoxdur. Əsas obrazların, ikinci dərəcəli personajların adları belə eynidir. Dastanda istifadə olunan qoşmalarda bəzi söz, ifadə və misraların dəyişməsinə baxmayaraq, ümumi məzmun hamısında eynidir.
Dastanın Azərbaycan variantında qəhrəman nəzir-niyazla və ya dərviş verən almanın yeyilməsi nəticəsində dünyaya gəlir. On yaşına kimi adsız böyüyür. On yaşında almanı verən dərviş peyda olur və uşağa ad qoyur. Lətif on beş yaşına çatır. Yuxuda ikən Hindistan padşahının qızı Mehriban Soltan ona buta verilir.
Digər məhəbbət dastanlarında olduğu kimi Lətif şah öz butasının dalınca yollanır. Onunla görüşür, amma onların sevinci çox sürmür. Fars padşahı dünyanın dörd bir tərəfinə səyyahlar göndərərək harada gözəl qız varsa onun şəklini çəkib göndərmələrini tapşırır. Mehriban Soltanın şəklini görən Fars padşahı ona aşiq olur. Zor gücünə Mehriban Soltanı almaq istəyir, amma Lətif şah Fars padşahının göndərdiyi pəhləvanı öldürür, düşmən qoşununu məğlub edir.
Bundan sonra hadisələr Lətif şahın dəryada səyahətə çıxması ilə davam edir. Qayığı fırtınaya düşən Lətif şah bir həftə suyun üzündə ac-susuz qalır. Fars padşahının adamları onu bihuş halda qayıqda tapırlar, əl-qolunu bağlayıb zindan salırlar. Lətif şaha aşiq olan Fars padşahının bacısı Əsma xanım onu zindandan xilas edir. Lətif Əsma xanımla Hindistana qayıdır. Butası Mehriban Soltanı da götürüb vətəni Yəmənə qayıdır, qırx gün, qırx gecə toy çaldırıb onların ikisi ilə də evlənir.
Aşıq Şenlik Ərzurum bölgəsinə məxsus aşıqlardan biridir. Onun anadan olduğu Çıldır mahalı 1877-ci ildə rus-türk müharibəsi nəticəsində Rusiyaya verilmiş və İrəvan quberniyasına birləşdirilmişdir. Aşıq Şenliyin həm Türkiyə, həm də Azərbaycan ədəbi mühitində tanınmasında bu amilin böyük rolu olmuşdur.
Aşıq Şenlik aşıqlıq sənətinin sirlərini Borçalı mahalının saz ustadlarından olan Aşıq Nurudan öyrənmişdir. Qəşəm Vəliyevin yazdığına görə, Şenliyin dünyagörüşünün formalaşmasında, aşıqlıq qüdrətinin artmasında Borçalı mühiti mühüm rol oynamışdır. Şenlik Anadolunu, Borçalı, Ağbaba, Şörədil mahallarını qarış-qarış gəzərək məclislər aparmış, bölgənin sevilən aşıqlarda bir olmuşdur. Doğan Kayanın yazdığına görə, Şərqi Anadoluda aşıqlar məclisi onu şeirləri ilə açar, onun hekayələrini anladardılar. Şöhrəti eyni zamanda ona çoxlu düşmən qazandırmışdır. Bağladığı, məğlub etdiyi aşıqlar tərəfindən zəhərlənərək öldürülmüşdür.
-
Çıldırlı Aşıq Şenlik
Qəşəm Vəliyev
2012
-
Latif şah hikayesi üzerinde mukayeseli bir araştırma
Mustafa Gültekin
2004
-
Çıldırlı Aşık Şenliyin Hikayeçiliyi
Ali Berat Alptekin
-
Latif şah hikayesi
Doğan Kaya
2003
-
"Lətif şah" dastanı
İfrat Cəfər oğlu variantı
- Biblioqrafiya və tərtibçilər