AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Koroğlu

Nümunənin reyestr kodu : FL0104010002

Azərbaycan şifahi xalq ədəbiyyatında xüsusi yeri olan “Koroğlu” dastanı xalqımızın qəhrəmanlıq eposudur. Azərbaycan aşıqlarının epik yaradıcılığının məhsulu sayılan dastan əsas qəhrəmanın – Koroğlunun Çənlibeldə məskən salıb buradan düşmənlərinin yaşadığı ayrı-ayrı şəhərlərə səfərlərindən bəhs edən çoxsaylı qollardan təşkil olunmuşdu. Dastanın “Koroğlunun Türkman səfəri”, “Koroğlunun İstanbul səfəri”, “Dəmir​çioğlunun Çənlibelə gəlməsi”, “Koroğlunun Toqat səfəri”, “Koroğ​lunun Ərzurum səfəri”, “Aşıq Cünun” və s. qolları müstəqil əsər kimi ifa olunan bitkin süjetli hissələrdir. “Koroğlu” qolları nəsr və nəzm hissə​lərinin bir-birini izləməsi şəklində qurulmuş​du. Das​tanda lirik-poetik nümu​nə​lərin əksəriyyətini qoş​ma və gəraylılar təşkil edir.

“Koroğlu” qollarını yüzilliklər boyu müxtəlif aşıqlar yaradıb daim genişləndirmişlər. Dastanın Azərbaycan variantları içərisində ən çox – 28 qol Təbriz variantına (Tiflis nüsxəsi) məxsusdur. “Koroğlu”nun AMEA Nizami adına Ədəbiyyat İnstitu​tunun arxivində saxlanan əlyazmaları əsasında hazırlanmış nəşrində 25, M.H.Təhma​sib nəşrində 18, H.Əlizadə nəşrində 14, Paris nüsxəsində (A.Xodzko nəşri) 13 qol yer alır.

“Koroğlu” dastanının Şərq və Qərb versiyaları fərqləndirilir. Azərbaycan “Ko​roğ​lu”su dastanın Şərq versiyasına daxil edilir, ideya-məzmun xüsusiy​yətlərinə görə qəhrəmanlıq dastanı kimi təsnif olunur. Bununla belə, qeyd etmək lazımdır ki, dastanın ayrı-ayrı qollarında məhəbbət motivləri də kifayət qədər yer tutur. “Koroğlu” dastanının əsasında XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə əlavə süjetlər artırılmış, bəzı hallarda mifik motivlərdən də istifadə edilmişdi. Azərbaycan “Koroğlu”su türkmən, özbək, tacik, erməni, gürcü folkloruna təsir göstərərək analoji dastanların yaranmasına səbəb olmuşdu. Ümumiyyətlə, geniş coğrafi arealda yayılmış bu dastanın Çindən Balkan ölkələrinədək bir çox türk və qeyri-türk xalqlarında müxtəlif versiya və variantları qeydə alınmışdı.

“Koroğlu” dastanının və bu dastana aid edilən şeirlərin Azərbaycanda yazıya alınması, toplan​ması işi erkən başlamışdı. Təbrizli İlyas Muşeqin 1721-ci ilə tərtib olunmuş cüngü, Əndəlib Qa​ra​ca​dağinin 1804-cü ilə aid “Şeirlər məcmuəsi” “Koroğlu” şeir​lərinin böyük həcmdə top​landığı ilk mənbələrdəndir. Gürcüstanda Q.Kekelidze adına Əlyaz​malar İnsti​tutu​nun fondunda saxlanan Azərbaycan dilində 28 “məclis”li “Koroğlu” nüsxəsi də XIX əsrin ortalarına (Təbrizdə yazıya alınmışdı) aiddir. Azərbaycan türkcəsində qeydə alınmış XIX əsrə aid bir “Koroğlu nağılı” isə Matenadaranda saxlanır. Bu əlyazma “Koroğlu” eposunun “Alı kişi – Rövşən”, “Giziroğlu Mustafa bəy” və “Bolu bəy” qollarını əhatə edir. 1840-cı ildə rus İvan Şopen, 1842-ci ildə polyak Aleksandr Xodzko-Boreyko, 1875-ci ildə alman Baron Von Haks​thauzen, 1889-cu ildə fransız Fredrix Duboys de Montperu Azərbaycanda qeydə aldıqları müxtəlif tipli “Koroğlu” mətnlərini Avropa və Rusiyada çap etdirmişlər.

Vəli Xuluflu 1927-ci ildə“Koroğlu” dastanının iki qolunu, 1929-cu ildə isə 10-dək qolunu Bakıda kitab halında çap etdirmişdi. Abbas Rəcəbli 1937-ci ildə Şəmkirli Aşıq Hüseyndən qeydə aldığı üç qolu, Hümmət Əlizadə 1940 (rus dilində) və 1941-ci (Azərbaycan dilində) illərdə 14 qolu birlikdə nəşr etdirmişdi. “Koroğlu”nun 1949 və 1956-cı illər nəşrlərini Məmmədhüseyn Təhmasib çapa hazır​lamışdı. İsrafil Abbaslı və Bəhlul Abdullayev 2000-ci (rus dilində) və 2005-ci illərdə (Azərbaycan dilində) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun folklor arxivində saxlanan əlyazmalar əsasında “Koroğlu”nun 25 qolunu əhatə edən kitab nəşr etdir​mişlər. Əli Şamilin 2009-cu ildə nəşrə hazırladığı kitaba Əli Kamalinin Qəzvinin İpək kəndində Aşıq Ələkbər Qurbanidən yazıya aldığı səkkiz qol, çapa hazırladığı daha iki və sifarişlə qələmə aldırtdığı və ya toplatdırdığı altı müstəqil dastan mətni daxil edilmişdi. 2017-ci ildə Əfzələddin Əsgər AMEA Folklor İnstitutunun arxivində saxlanan bəzi əlyazmalar və toplanmış materiallar əsasında “Koroğlu” dastanını 21 qolda tərtib edərək çap etdirmişdi.