AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kitabi-Dədə Qorqud

Nümunənin reyestr kodu : FL0104010003

Əlyazmada “Kitabi-Dədəm Qorqud əla lisani-tayfeyi-oğuzan” adı altında təqdim olunan bu dastan oğuz elindən, onun sayılıb-seçilən igidlərinin qoçaqlıqlarından, oğuzların kafirlər üzərinə yürüşlərindən (qəzavat) bəhs edən qəhrəmanlıq dastanıdır. Dastan öyüd-nəsihət məzmunlu müqəddimədən və 12 boydan ibarədir. Hər boy özünəməxsus personajlara, müstəqil süjet xəttinə malikdir. Bununla belə, oğuz elindən bəhs etməsi, bir çox personajların ümumiliyi onları bir başlıq altında birləşdirir. Dastan nəzm və nəsr hissələrindən ibarətdir. Nəsr hissəsində hadisələr nağıl edilir, nəzm hissəsində isə qəhrəmanların lirik hissləri tərənnüm olunur. Nəzm hissələri qopuzda çalınan müsiqinin müşayiəti ilə ifa olunmuşdur. Boylar bir qayda olaraq Dədə Qorqudun oğuz igidlərinin şəninə söylədiyi soylamalarla tamamlanır. Dastanın boyları arasında ciddi variant fərqinin olmaması onların bir ozandan və ya eyni məktəbin yetirməsi olan ozanlardan yazıya alındığını göstərir. Dastanda “xanım”, “sultanım” müraciətlərinin işlənməsi onun xanın, sultanın hüzurunda söylənildiyini və canlı ifadan da yazıya alındığını deməyə əsas verir.

“Kitabi-Dədə Qorqud” Azərbaycan, Türkiyə və türkmən türklərinin ortaq ədəbi abidəsi sayılır. Dastanda baş verən hadisələr Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Göyçə gölü, Qaradağ, Qaraçuq və s. yerlərdə cərəyan edir. Dastanın təşkil edən “Ər arvadın toyunda”, “Ata-oğul döyüşü”, “Təpəgözün öldürülməsi”, “Can əvəzinə can” kimi bir çox süjetlərin Azərbaycan şifahi ənənəsində fərqli variantlarına rast gəlinir.

Dastanın elm aləminə iki nüsxəsi məlumdur. Bunlardan biri Almaniyanın Drezden şəhərində Kral kitabxanasında, digər isə İtaliyada Vatikan kitabxanasında saxlanılır. Hərəkəsiz nəsxlə azılmış Derezden nüsxəsi giriş və 12 boydan ibarətdir. Tədqiqatçılar onun hicri tarixi ilə 664-cü (miladi 1284) ildə yazıya alındığı qənaətindədirlər (S.Əlizadə). Eyni müqəddimə və altı boydan ibarət Vatikan nüsxəsinin Drezden nüsxəsindən köçürüldüyü ehtimal olunur. Vatikan nüsxəsi hərəkəli nəsxlə yazılmışdır. Əlyazmada nüsxənin Seyyid Əhməd bin Həsən Balı tərəfindən 1512-1513-cü illərdə yazıldığı qeyd olunur. Drezden nüsxəsi ilə müqayisədə Vatikan nüsxəsi naqis və elmi-tənqidi mətn kimi etibarsızdır. Çünki xüsusi isimlər fərqli şəkildə yazılmış, hərəkələr yanlış qoyulmuş, katib diqqətsizliyə yol verərək bəzi sözləri və parçaları ixtisar etmiş, ifadələri dəyişdirmiş və s.

Dastanda oğuzların qərbə yürüşlərindən bəhs olunur. Nizami Cəfərov bu haqda yazır: “Mərkəzi Asiyadan qərbə doğru axın edən müsəlman dinini qəbul etmiş oğuz türkləri xüsusilə XI əsrdən etibarən Şərqi Anadoluda möhkəmlənirlər. Bundan sonra onların Kiçik Asiya yarımadasının içərilərinə hərəkəti xüsusi ehtiyaca çevrilir. İslamın türklər arasında daha geniş yayılması, kafirlər üzərinə yürüşün ideologiyasına çevrilməsi ilə həmin ehtiyac böyük bir mənəvi qüvvət alır. Və İslam bayrağı altında toplaşmış səlcuqlar, sonra isə osmanlılar Bizansı diz çökdürürlər...” (Cəfərov, 34). Məhz bu dövrdə cərəyan edən hadisələrdən bəhs etməsindən, kafər üzərinə axına getməyin dastanın əsas ideyası olmasından çıxış edərək tədqiqatçılar onun XI əsrin sonu, XII əsrin əvvəllərində formalaşdığını ehtimal edirlər.

“Kitabi-Dədə Qorqud” dastanı türkman (islam dinini qəbul etmiş türklər) auditoriyasına yönəlmiş, onların əcdadları şəninə qoşduğu epik əsərdir. XV əsrin sonlarından etibarən türkman etnik sisteminin dağılması dastanın auditoriyasını itirməsinə səbəb olmuşdur. Ona görə elmi ədəbiyyatda etnik dayağını itirən dastanın bu tarixdən etibarən epik dövriyyədən çıxdığı qeyd olunur (Əsgər, 290). Bununla belə, türkman etnik birliyi türkmən, osmanlı və qızılbaşlara parçalandıqdan sonra da dastanın bəzi boyları müəyyən dəyişiklərlə XVIII əsrə qədər söylənilməyə davam etmişdir. Ona görə həmin dövrə aid əlyazmalarda, səyyahların xatirələrində Dədə Qorqud personajlarına, onlar haqqında rəvayətlərə rast gəlmək mümkün idi.

“Kitabi-Dədə Qorqud” elm aləminə ilk dəfə 1815-ci ildə alman alimi Henrix Fridrix Fon Dits tərəfindən tanıdılmışdır. Fon Dits “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edir və yazdığı müqəddimə ilə birlikdə onu nəşr etdirir. Dastan 1950-ci ildə B.Bartoldun tərcüməsində rus dilində nəşr olunur. Dastanın Azərbaycanda Həmid Araslı (1939, 1962, 1978), Fərhad Zeynalov və Samət Əlizadə (1988), Samət Əlizadə (1999) tərəfindən hazırlanmış fərqli nəşrləri mövcuddur. Dastanın motivləri əsasında Nəbi Xəzri poema, xalq yazıçısı Anar kinodastan yazmış, Azərbaycanfilm kinostudiyasında ikiseriyalı bədii film (1975) çəkilmişdir.

2018-ci ilin noyabrında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan, Türkiyə və Qazaxıstanın ortaq mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.