Fərhad və Şirin
Nümunənin reyestr kodu : FL0104020021
Nizami Gəncəvinin əsərlərindən istifadə yolu ilə yaranmış dastanlarımızdan biridir. Dastanın Azərbaycan folkloruna H.Əlizadənin 1939-cu ildə Aşıq Alıdan yazıya aldığı bir variantı məlumdur. Həmin varianta görə Şirin Şəmistan şahın qızıdır. Şəmistan şah məşhur memar Bilala yeddi mərtəbəli saray-qəsr tikdirir. Fərhadla Şirinin tanış olması və bir-birinə aşiq olmaları da burada baş verir. Fərhad Şirini atasından istəyir. Şirinin atası üzdə razlaşsa da, onun qarşısına ağlasığmayan şərt qoyur. Fərhaddan Bisitun dağını çapıb onun arxasındakı bulaqdan su gətirməsini tələb edir. Fərhad şərti qəbul edir və bunu həyata keçrir. Dağı yarıb suyu gətirir. Lakin şah sözünün üstündə durmur, qızını şahzadə Xosrova vermək xəyalına düşür. Onun üçün Fərhadın qaşısında ağır bir tələb qoyur. Fərhaddan Şirin üçün xüsusi bir qəsr tikməsini tələb edir. Fərhadın başı qəsri tikməyə qarışdığı müddətdə şah, Xosrovun Şirin üçün göndərdiyi elçilərə razılıq verir və toy edib qızı köçürür.
Şirin Xosrovu sevmir. Xosrov başa düşür ki, Fərhad aradan götürməsə, Şirin ona könül verməyəcək. Ona görə bir qarı vasitəsilə Şirinin ölüm xəbərini Fərhada çatdırır. Acı xəbəri eşidən Fərhad özünü öldürür, Şirin də onun yanında öz canına qəsd edir. Hər iki aşiqi yanaşı qəbirlərdə dəfn edirlər.
Dastan Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında yaransa da, bəzi xüsusiyyətlərinə görə ondan fərqlənir. Nizami variantında Xosrov əsərin qəhrəmanlarından biridir, Fərhad isə epizodik bir personajdır. Xalq arasında yazıya alınmış variantda isə əksinə, dastanın əsas qəhrəmanı Fərhaddır. Özü də Fərhad obrazı poemadakı Fərhaddan fərqlənir. Dastanda Fərhad sadə bir memarın oğludur, yeganə sevgilisi Şirindir. Dastanın finalı da poemadan fərqlənir.
“Fərhad və Şirin” dastanı özbəklər arasında da mövcuddur, həmin variantın Əlişir Nəvainin “Fərhad və Şirin” poeması əsasında formalaşdığı qeyd olunur.
Dastan maraqlı epizodları, gözəl qoşmaları ilə seçilir. Belə qoşmalardan biri də dastanın girişində verilən ustadnamədir. Dastanda istifadə olunan ustadnamələr, adətən, onunla bağlı olmur, öyüd-nəsihət məzmunlu lirik nümunələrdir. Bu dastanda verilən ustadnamədə isə Şirinin, Fərhadın, Xosrovun adının çəkilməsi sanki onun dastan üçün yazıldığı təəssüratı oyadır. Dastandakı “gözlərin”, “qaşların” rədifli qoşmalar da gözəl şeir nümunələri hesab olunur.
Fərhad və Şirin həm şifahi, həm də yazılı ənənədə ən çox sevilən personajlardan biri olmuş, M.Təhmasibin də ifadə etdiyi kimi “vəfa, sədaqət, nakam məhəbbət” timsalına çevrilmişlər. Ona görə Azərbaycan ədəbiyyatında müxtəlif dövrdə həmin mövzuya müraciət olunmuş, onun əsasında müxtəlif janrlarda nümunələr yaradılmışdır. Nizami Gəncəvi şifahi ənənədən götürdüyü həmin süjet əsasında “Xosrov və Şirin” poemasını yazmışdır. Poema o qədər yüksək sənətkarlıqla işlənmişdir ki, onun təsiri ilə sonralar Arif Ərdəbili “Fərhadnamə” (1369) poemasını, Səməd Vurğun “Fərhad və Şirin” dramını yazmışdır.