AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Seydi və Pəri

Nümunənin reyestr kodu : FL0104020020

Azərbaycan məhəbbət dastanlarından biridir. Dastanın Azərbaycanda Zaqatala, Qazax, Kəlbəcər və Cəbrayıl rayonlarından qeydə alınmış variantları mövcuddur. Həmin variantlar arasında fərq yalnız surət adları və qoşmalarda özünü göstərir.

Dastanın ənənəvi variantlardan fərqlənən başqa bir versiyasının da olduğu qeyd olunur. M.Təhmasib həmin versiyanın qısa məzmunu belə təqdim edir: “Ərcmən şəhərində Hacıbala və Arzuman adlı iki qardaş yaşayır. Hacıbalanın Güllü adında bir qızı, Arzumanın isə Seydi adlı bir oğlu vardır. Uşaqlar bir məktəbdə oxuyurlar. Molla bunların sevişdiklərini görüb qızın atasına xəbər verir. Hacıbala Seydini sürgün eləyir. Seydi çox yerləri gəzdikdən sonra gedib Dağıstana çıxır. Burada Şeyx Şamilin valilərindən biri olan Mirzəli Əfəndi ilə tanış olur. Sərdari-Əzəm Hacı Murad onu Şeyx Şamilin yanına aparır. Seydi Şeyxin ona qoşduğu ləzgilərin köməyi ilə Samuru keçib Nügədiyə gəlir, oradan da Ərcmənə gəlib sevgilisi Güllü xanımı alır”.

Bu variant üçün xarakterik olan qəhrəmanın Dağıstana səfər etməsi, Şeyx Şamillə tanış olması kimi bir çox epizodlara digər variantlarda rast gəlinmir. Bu da haqqında bəhs olunan versiyanın fərqli bir aşıq məktəbində formalaşdığını göstərir. Həmin aşıq məktəbində ənənədən gələn süjetə bölgə ilə səsləşən bir çox hadisələr, epizodlar əlavə olunmaqla dastanın bölgəyə xas yerli variantı formalaşmışdır.

Aşıq yaradıcılığında ənənəvi süjetlərin variantlaşmasında bu üsuldan tez-tez istifadə olunur. Bunun ən bariz nümunəsinə “Əmrah və Sayad Pəri” dastanında rast gəlirik. Van qalasının mühasirəyə alınması, həmin vaxt qala sakinlərinin çəkdiyi sıxıntıların süjet xəttinə əlavə olunması dastanın əvvəlki variantlardan fərqli Ərzurum versiyasının formalaşmasına səbəb olmuşdur. Eynilə “Qurbani” dastanının Diri versiyası da ənənəvi süjetə bölgə üçün xarakterik bir çox detallar əlavə olunmaqla formalaşmışdır. Dastanın digər variantları arasında ciddi variant fərqlərinin olmaması onların eyni məktəbin mənsublarından və yaxud yaxın aşıq məktəblərinin nümayəndələrindən yazıya alınmasından irəli gəlir.

Dastan nağıl süjeti əsasında formalaşmışdır. Məlumdur ki, “Şah İsmayıl”, “Gül-Sənubər”, “Seyfəlmülk”, “Dilsuz və Xəzangül” kimi bir çox dastanlar nağıl süjetlərinin yenidən təşkili nəticəsində ərsəyə gəlmişlər. “Seydi-Pəri” də belə dastanlardan biridir. Azərbaycan nağıl repertuarında geniş yayılmış “Qəhrəmanın canı döşündəki damardadır” (TR 316) süjeti əsasında formalaşmışdır.

“Seydi və Pəri” özündə həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarına məxsus xüsusiyyətləri birləşdirir. Ənənəvi məhəbbət dastanlarında gördüyümüz qəhrəmanın butasının dalınca getməsi, bir çox əzab-əziyyətlərdən, sınaqlardan sonra öz butasına qovuşması bu dastan üçün də xarakterikdir. Bununla belə, ənənəvi məhəbbət dastanlarından fərqli olaraq bu dastanın qəhrəmanı öz məqsədinə sazın, sözün köməyi ilə deyil, fiziki gücü hesabına çatır. O, baş kəsməyi, qan tökməyi bacarır, tək başına bir orduya qarşı mübarizə aparır. Onun ən sadiq köməkçisi atıdır. Belə qəhrəmanlar hətta Misri qılınc kimi qeyri adi silahlara sahib olurlar. Hər iki qrupa məxsus xüsusiyyətləri özündə birləşdirdikləri üçün belə dastanlar Azərbaycan folklorşünaslığında “məhəbbət dastanları ilə qəhrəmanlıq dastanlarının hüdudlarında dayanan” (M.Təhmasib) nümunələr kimi səciyyələndirilir. “Seydi və Pəri” dastanı da belə nümunələrdən biridir.