AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əsli-Kərəm

Nümunənin reyestr kodu : FL0104020002

Azərbaycan məhəbbət dastanlarından biridir. Dastanda islam və xristian dininə məxsus iki gəncin bir-birinə olan sevgisindən bəhs olunur. Kərəm Gəncə xanı Ziyad xanın oğlu, Əsli isə keşiş qızıdır. Keşiş, qızının müsəlman öğlana ərə getməsinə qarşıdır və hər vəchlə bu iki gəncin qovuşmasına mane olur. Dastan gənclərin faciəli ölümü ilə tamamlanır. Keşişin tilsimləmiş olduğu düymədən çıxan od Kərəmi yandırır, Əsli də öz sevgilisinin külündən düşən qordan alışıb yanır. Türkmən variantında isə Kərəmi keşişin Əsliyə bağışlamış olduğu toy xalatı yandırır. Kərəmi dəfn edirlər. Əsli 40 il onun qəbri üstündə ağlayıb yas saxlayır, axırda Allahın ona rəhmi gəlir, Kərəmi dirildir, Əslinin də gözəlliyini, gəncliyini özünə qaytarır. Onlar Kərəmin vətəninə gedib xoşbəxt ömür sürürlər. Dastanın yalnız türkmən variantı xoşbəxt sonluqla tamamlanır, qalan bütün variantlar hər iki gəncin ölümü ilə bitir.

Dastanın Qafqaz, Orta Asiya və Yaxın Şərqdə variantlarının olduğu məlumdur. Orta Asiyada yayılmış “Kozı Körpəş və Bayan Sulu” dastanı da eyni süjet əsasında qurulmuşdur. Bunu personaj adlarının bənzərliyi də təsdiq edir. Körpəş – Kərəm, Sulu – Əsli, Qarabay – Qara Məlik. Dastanın süjet xəttini təşkil edən nakam sevgi motivinə Azərbaycanda əfsanə, rəvayət və s. janrların tərkibində də rast gəlmək mümkündür.

Həmid Araslı bir sıra əsərlərə istinad edərək dastanın XVII əsrlərdə artıq mövcud olduğunu yazırdı. Dastanın ayrı-ayrı qoşmalarının XVII əsrdə Elyas Muşeqin “Nəğmələr” adlı məşhur əlyazmasında verilməsi də bunu təsdiq edir. M.H.Təhmasib isə dastanda bir çox arxaik sözlərin işlənməsinə, XVI əsrdə yarandığı ehtimal olunan “Qurbani” dastanındakı qoşmaların birində Əslinin adının çəkilməsinə istinad edərək bu tarixi bir qədər də əvvələ aparır. H.Araslı, M.Təhmasib, X.Koroğlu, türk alimi P.N.Boratav və başqa tədqiqatçılar dastanda cərəyan edən hadisələrdən, coğrafi adlardan çıxış edərək “Əsli-Kərəm” dastanının Azərbaycanda yarandığı qənaətindədirlər. S.Mümtaz, M.Təhmasib, türk alimləri M.Köprülü, V.Qocatürk Kərəmi tarixi şəxsiyyət və dastanın yaradıcısı hesab etmişlər.

Dastanın motivləri əsasında bəstəkar Üzeyir Hacıbəyov “Əsli-Kərəm” operasını (1912) yazmışdır. Xalq yazısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı da həmin dastan əsasında yazılmışdır. Aşıq repertuarında bu gün geniş yer tutan “Kərəmi”, “Yanıq Kərəmi”, “Quba Kərəmi”, “Hicran Kərəmi”, “Ərəsbər Kərəmi”, “Kərəm gözəlləməsi” kimi bir çox aşıq havaları da dastanla əlaqədar meydana gəlmişdir.