AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Qərib

Nümunənin reyestr kodu : FL0104020012

Azərbaycanın məşhur məhəbbət dastanlarından biridir. Qafqaz, İran, Türkiyə, Orta Asiya, Krım, Bolqarıstan və bir çox başqa ölkələrdə geniş yayılmışdır. Dastanın süjet xəttini ənənəvi məhəbbət dastanlarında olduğu kimi qəhrəmanın öz butası dalınca yollanması və butasına qovuşmaq üçün keçdiyi sınaqlar, başına gələn macəralar təşkil edir.

Dastanın elm aləminə Azərbaycan-Anadolu və Türküstan versiyaları məlumdur. A.Nəbiyevin yazdığına görə, dastanın Anadolu versiyası Azərbaycan variantı əsasında formalaşmışdır. Dastanın süjet xətti burada daha da inkişaf etmiş, “Aşıq Qəribin oğlu”, “Aşıq Qəribin nəvəsi” bölmələrinin özündə ehtiva etməklə silsilə şəkli almışdır. Etnik detallar, tarixi adlarla zəngin türkmən versiyası isə daha qədim hesab olunur. Burada hadisələr feodal saray mühitində cərəyan edir. Bu versiyanın bir çox epizod və motivlərinin qədim oğuz eposu “Kitabi-Dədə Qorqud”dan gəldiyi qeyd olunur.

“Aşıq Qərib”in aşıq repertuarından dinlənilməsi barədə məlumat XIX əsrin 20-ci illərinə təsadüf edir. Mənbələrdə 1813-cü ildə Gülüstan kəndində rus və İran diplomatları tərəfindən Türkmənçay müqaviləsinin imzalanması münasibəti ilə təşkil edilmiş ziyafətdə Aşıq Nüsrəddin adlı peşəkar bir sənətkar tərəfindən “Qəriblə Şahsənəmin hekayəti” söylənildiyi qeyd olunur. Çar Rusiyası tərəfindən sazişin imzalanma mərasimində iştirak edən hərbi müşavir A.Lazeryev 1825-ci ildə nəşr edilən məşhur rus ədəbi məcmuələrinin birində yazırdı: “Gülüstanda imzalanmış sazişə həsr olunan, İran diplomatları tərəfindən təşkil edilmiş məclisdə Nüsrəddin adlı bir dağlı sənətkarın öz balalaykasında çalıb-çağırdığı “Qəriblə Şahsənəmin hekayəti” adlı bir rəvayət bütün məclisdəkiləri heyran elədi” (A.Nəbiyev).

Dastan Azərbaycanda ilk dəfə M.Mahmudbəyov tərəfindən yazıya alınmış və 1882-ci ildə “Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu”nda (SMOMPK) nəşr edilmişdir. 1916-cı ildən başlayaraq Orucov qardaşları mətbəəsi tərəfindən litoqrafiya üsulu ilə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilmişdir. 1930-cu illərdən başlayaraq Azərbaycanda dastanın müxtəlif aşıqlardan yazıya alınmış daha bir neçə variantı Ə.Tahirov, Ə.Axundov və başqaları tərəfindən çap edilib tədqiqata cəlb olunmuşdur.

Azərbaycanda dastan haqqında H.Araslı, M.H.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev və başqaları dəyərli tədqiqatlar aparmışlar. Folklor araşdırıcısı Səfurə Yaqubovanın dastan üzərində səmərəli tədqiqatı bu gün də folklorşünaslıq üçün uğurlu axtarışlardan hesab edilir. Akademik H.Araslı və filologiya üzrə fəlsəfə doktoru S.Yaqubova dastanın XVI əsrdə yaşayıb-yaratmış və Təbriz aşıq məktəbinə məxsus Aşıq Qəribin şeirləri əsasında yarandığı qənaətindədirlər. M.H.Təhmasib isə şeirlərdəki üslub fərqindən çıxış edərək dastanın XVI əsrdən əvvəl də mövcud olduğu, sonrada Qərib təxəllüslü aşıq tərəfindən yenidən işləndiyi qənaətindədir. A.Nəbiyevə görə isə “Aşıq Qərib” süjeti XV əsrin ikinci yarısından başlayaraq Şirvan aşıqlarının repertuarında “Şəhriyar”, “Seyfəlmülk”, “Əsli-Kərəm” hekayətləri ilə birlikdə şöhrətli repertuar həyatı yaşamışdır.

M.Y.Lermontovun “Aşıq Qərib” poeması bu dastan əsasında yazılmışdır. Həmin poemanın dastanın Azərbaycan versiyası əsasında yazıldığı ehtimal olunur. Bunun ən bariz nümunəsi kimi poemada Azərbaycan dilinə məxsus bir çox söz və ifadələrin qorunub saxlanması, mötərizədə onların izahının verilməsi, Tbilisi şəhərinin Azərbaycan türkcəsindəki variantının (Tiflis) işlənməsi göstərilir. Bundan əlavə, dastanın süjeti əsasında Zülfüqar Hacıbəyov “Aşıq Qərib” poemasını yazmış və əsər 1916-cı ildə Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə qoyulmuşdur. Həmin süjet əsasında görkəmli rus bəstəkarı R.M.Qliyer 1927-ci ildə “Şahsənəm” operasını yazmış və əsər həmin il Azərbaycan Opera və Balet Teatrında nümayiş olunmuşdur. “Aşıq Qərib”in türkmən variantı əsasında K.Brunov libretto mətni hazırlanmış, sonralar A.Şapoşnikov və D.Ozerov həmin mətn əsasında opera yaratmışlar.